Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Bakıda sürücüləri yerin altında soyurlar

Pullu avtodayanacaqlarda qiymətlər “əl yandırır”

Bakıda ən böyük problemlərdən biri də nəqliyyatın sıxlığının yaratdığı tıxaclar və sürücülərin avtomobillərini saxlamağa yer tapa bilməməsidir. Demək olar ki, insanlar hər gün bu cür hallarla qarşılaşır. Dövlət bu problemin qarşısını almaq üçün avtodayanacaqların tikintisinə icazə versə də, hələ ki bu, problemin həllinə kömək etmir.

Əksər sürücülər pullu avtodayanacaqlarda maşın saxlamaq istəmir. Onlarla söhbətimiz zamanı buna səbəb olaraq yeni tikilən avtodayanacaqlarda qiymətlərin baha olmasını göstərdilər.

Bakının “5 mərtəbə” adlı məkanında tikilən avtodayanacaqdakı qiymətlərlə maraqlandıq. Hüseyn adlı sürücü bildirdi ki, bu dayanacaq 1 il bundan əvvəl tikilib: “Şəhərin mərkəzində olduğuna görə bu dayanacağa yüksək investisiya qoyulub. Sahibkarlar xərclədikləri pulun əvəzini sürücülərdən çıxırlar. Əvvəllər qiymətlər daha yüksək idi. Hətta 5-10 dəqiqə maşın saxlamaq üçün 3-4 manat alırdılar. Son zamanlarda bu hal aradan qalxıb. Dayanacaqda maşın saxlamaq üçün 1 saatın qiyməti - 1 AZN , 1-3 saat- 2 AZN , 3-6 saat - 3 AZN, 6 - 12 saat - 4 AZN və 12-24 saat - 6 AZN - dir. Qiymətlərin bahalığına görə sürücülər bu dayanacaqdan bir o qədər istifadə etmirlər”.

Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən avtodayanacaqda apardığımız müşahidələrdən o nəticəyə gəldik ki, Bakıda avtodayanacaqlarda qiymətlər yerləşmə yerinə görədir. Belə ki, mərkəzi yerlərdə qiymətlər yüksək, bir qədər kənarlarda isə nisbətən ucuzdur.

“28 May” stansiyası yaxınlığında taksi sürücülüyü ilə məşğul olan Kənan Qasımov da qiymətlərin yüksək olmasından şikayətləndi: “Mən yeraltı dayanacaqlarda maşın saxlamıram. Çünki əsas yerim buradır. Yaxın insanlardan avtodayanacaqlarda maşın saxlayanlar var. Qiymətlər saatlara görədir”.

Sürücünün sadaladığı qiymətlər “5 mərtəbə” deyilən yerdə yerləşən avtodayanacaqdakı qiymətlərlə eynilik təşkil edirdi.

Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metropark” ticarət mərkəzinin dayanacağı isə pulsuzdur. Ancaq sürücülər bildirilər ki, bu avtodayanacaq “Metropark” işçiləri üçün nəzərdə tutulub. Adını bildirmək istəməyən sürücü qeyd etdi ki, dayanacaq varlılar xüsusilə “Metropark” işçiləri üçün nəzərdə tutulub.

“Park Bulvar” dakı dayanacaqda maşınlara nəzarət edən şəxs isə qiymətlərin münasib olduğunu bildirdi: “Mən iki ildir burada işləyirəm. Qiymətlərin artımı xəbəri yalandır. Əvvəlki illərdə necə olubsa, yenə elədir. 1 saat- 1 AZN , 1-3 saat- 2 AZN , 3-8 saat - 3 AZN , 8-12 saat - 6 AZN , 12-24 - saat - 10 AZN-dir”.

Şəhərin müxtəlif yerlərində sürücülər üçün sərf edən avtodayanacaqlarda tapmaq mümkündür. Belə ki, A.M.A.Y ticarət mərkəzinin yeraltı dayanacağında 1 manat verməklə bir sutka maşın saxlamaq olar. /Musavat/
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber