Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Jurnalist MTN-də açıq havadan da məhrum edilib

Pərviz Həşimli məhkəmədə işinə baxan hakimi tərəf tutmaqda suçladı

«Mənə hələ istintaq dövründə dedilər ki, işimə siz baxacaqsız və 6 il həbs cəzası verəcəksiz»


Ötən ilin sentyabrında həbs olunan və “Amnesty International”ın “vicdan məhbusu” elan etdiyi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə məhkəmənin hazırlıq iclası nəhayət, dünən yekunlaşdı. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baxılır.
Dünən hakim hazırlıq iclasının qərarını açıqladı. Məlum oldu ki, əvvəlcədən gözlənildiyi kimi, hakim Pərvizin vəkillərinin hazırlıq iclasında qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. Həmin vəsatətlərdə Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək onun Milli Təhlükəsizlik Nazirliyindən Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülməsi, onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması kimi məsələlər öz əksini tapmışdı.
Budəfəki məhkəmə prosesində Pərviz dəmir qəfəsə salınmamışdı. Amma iclas boyu əlindəki qandallar açılmadı.
Pərviz Həşimli dünənki məhkəmə iclasında da bir daha saxlanma yeri ilə bağlı şikayətləri dilə gətirdi. Dedi ki, keçən prosesdə MTN-lə bağlı səsləndirdiyi tənqidlərdən sonra ona təzyiqlər daha da artıb: “Mənim hüququm var ki, gündə bir saat açıq havada gəzişim. Gəzişdiyimiz yer də 2 kvadratdı, ordan səmadan başqa heç nə görünmür. Iki gündür ki, məni o gəzişmədən də məhrum ediblər”.
Həşimli onu da qeyd etdi ki, qanunda onun ailəsilə görüşü, telefon əlaqəsi nəzərdə tutulsa da, ona bu imkanlar yaradılmır.
Jurnalist məhkəmədən səmərəli müdafiə imkanı yaradılmasını tələb etdi. Bildirdi ki, MTN-də vəkillərinin onun müdafiəsilə bağlı zəruri qeydlərini alıb vermirlər. Bu isə onun müdafiə hüququna zərbədir. O, hakimdən bu halların aradan qaldırılmasını istədi.
Hakim isə bildirdi ki, bu, onun səlahiyyətlərinə aid məsələ deyil. Bu cavabdan sonra Pərviz Həşimli hakim Novruz Kərimova məhkəmədən əvvəl MTN-də işlədiyini xatırladaraq, onu bu qurumun tərəfini saxlamaqda ittiham etdi.
Pərviz Həşimli onu da qeyd etdi ki, məhkəməyə yazdığı vəsatətlərin ünvanına yetişməsinə MTN mane olur. Onun müxtəlif dövlət orqanlarına ünvanladığı 30 məktubun da aqibəti eyni cür olub.
Təsəvvür edin, Pərviz Həşimli yazdığı məktubların MTN-də əlindən alınmasından şikayətlənir, hakimin isə reaksiyası belə olur: “Nədən narazısınızsa, şikayət verin”.
Pərviz Həşimli deyəsən, izah edə bilmədi ki, elə dərd də yazdığı şikayətlərin MTN-dən çıxmasına imkan verilməməsindədir.
“Mən hansısa mücərrəd hüququm barədə şikayətçi deyiləm. Müdafiə hüququmun təmin edilməsinə siz cavabdehsiniz. Belə çıxır ki, mənim bu hüququmun pozulması sizi qane edir. Təcridxana rəisi məsuliyyəti sizin üstünüzə atır, siz də onun. Ara yerdə mənim hüquqlarım pozulur. Siz özünüz MTN-də işləmisiniz və hər şeyi bilirsiniz”, - deyə Pərviz Həşimli hakimə dedi.
Hakim isə cavabında bildirdi ki, Pərvizə qarşı heç bir qərəzi yoxdur: “Mən sizi tanımıram. Iş mənə gələndə bilmişəm ki, kimsən. Sizə qarşı nə qərəzim ola bilər ki?”
Pərviz Həşimli isə hakimi qeyri-səmimilikdə qınadı: “Siz məni necə tanımaya bilərdiniz ki, mənə hələ istintaq dövründə dedilər ki, işimə siz baxacaqsınız. Mənə də 6 il həbs cəzası verəcəksiniz”.
Məhkəmə prosesi martın 11-nə təyin edildi. Pərviz Həşimli media nümayəndələri vasitəsi ilə Məhkəmə-Hüquq Şurasından xahiş etdi ki, onun işi üzrə məhkəmə prosesini diqqətdə saxlasınlar.
Xatırladaq ki, tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (əvvəlcədən əlbir olan qrup tərəfindən silah qaçaqmalçılığı - beş ildən səkkiz ilədək həbslə cəzalandırılır) və 228.2.1-ci (əvvəlcədən əlbir olan qrup tərəfindən qanunsuz silah-sursat saxlama - üç ildən beş ilədək həbslə cəzalandırılır) maddələrilə ittiham irəli sürülüb. Istintaqın yekunnda isə Pərviz Həşimliyə Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz silah-sursat saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsilə əlavə ittiham elan olunub.
Pərviz Həşimli isə ittihamları qəbul etmir, peşə fəaliyyətilə əlaqədar saxta ittihamla həbs edildiyini bəyan edir./azadlıq/
1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı