Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2014

Bəxtiyar Sadıqovun “zallardan qovub çıxardığı” İslam

Martın 7-də Mətbuat Şurasının “Dini etiqad azadlığı, missionerlik və media” adlı konfransında əvvəldən bəlli idi ki, səs-küylü açıqlamalar olacaq. Media sektoru din mövzusuna ilk dəfə idi bu qədər böyük ilgi göstərirdi. Çünki bir qayda olaraq Azərbaycanda rəsmi qurumlar, xüsusən də media qurumları din mövzusuna məsafəli yanaşıb. Amma indi durum dəyişib və istəsən də, istəməsən də artıq mövzu xeyli aktualdır. Yazının girişində bununla bağlı detallara varmağa gərək yoxdur. Ancaq əvvəldən aydın idi ki, belə bir heyətlə keçirilən din-media konfransında nələrsə olacaq.
Həqiqətən də oldu. Ciddi açıqlamalar, təkliflər edildi, bəzi gizli mətləblərlə bağlı bəyanatlar oldu. Amma ən gözlənilməzi rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqovdan gəldi. Açığı etiraf edim ki, bu cür qalmaqallı açıqlamanı Bəxtiyar Sadıqovdan gözləmirdim. Çünki əvvəla B.Sadıqov Həcc ziyarətində olmuş, İslamla az da olsa tanışlığı olan bir adamdır. İkincisi isə deputat-redaktor uzun illərin təcrübəli ziyalısıdır, onun mövzudan bu qədər kənara çıxaraq, belə bir şəkildə mövqe sərgiləyəcəyi gözlənilməz oldu.

Çıxışını Azərbaycan xalqının tolerant olması, dövlətin tolerantlıq siyasəti girişi ilə başlayan B.Sadıqov bunun ardınca hicab qadağasına etiraz edənləri öyrədilmiş adamlar adlandırdı. Sitat: “Sonradan məlum oldu ki, etiraz edən insanların nə anaları, nə də bacıları ali məktəbdə oxuyub çarşab bağlayan qadınların sırasında deyil və bunlar müəyyən dairələr tərəfindən buna etiraz etmək üçün öyrədilmiş insanlar idi”.
B.Sadxıqovun bunun ardınca söylədikləri isə tolerantlıq dəyərləri ilə çuğlaşmırdı, üstəlik dinlə bağlı məlumatsızlığı, hətta təmsil etdiyi hakimiyyətin tutduğu kursa belə ziddi idi. B.Sadıqov açıq şəkildə islamafob kimi çıxış edirdi. Sitat: “Azərbaycan dünyanın yeganə dövlətlərindəndir ki, qadına hörmət əlaməti olaraq onun şərəfinə heykəl ucaldılıb. ABŞ-dan əvvəl Azərbaycan qadını seçkilərdə səs vermək hüququ qazanıb. Gəlib XX-XXI əsrdə Azərbaycan qadınını çarşaba qaytarmaq təbii ki səhv idi. Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əlbir işlədilər. Bu gün, görürsünüz, bu zalda bir nəfər də olsun çarşablı qadın yoxdur. Bu, bizim uğurumuzdur və mətbuatın köməyi ilə görülmüş işin nəticəsidir”.

Əvvəla, əgər əhalisinin 96 faizinin müsəlman olduğu Azərbaycanda media və din (?!) mövzusunda tədbir keçirilirsə və zaldakı yüzlərlə adamın arasında bir başıörtülü xanım olmursa və rəsmi dövlət qəzetinin baş redaktoru bunu dövlətin gördüyü işin nəticəsi sayırsa, deməli ortaya bir həqiqət çıxır: Azərbaycanda İslama qarşı məqsədyönlü siyasət aparılıb. Və bu prosesdə B.Sadıqov da iştirak edib. Əlbəttə, daha dərinə gedib B.Sadıqovu sərt şəkildə tənqid etmək (onsuz da özü elə çıxış edib ki, ən yüngül tənqidə dözə bilmir - K.R.) olardı. Amma Azərbaycanda islamafob hakimiyyət adamı o qədər də nadir hadisə olmadığı üçün hörmətli baş redaktoru daha çox tənqid etmək istəmirəm. Bununla belə, bir neçə məsələni xatırlatmağın yeri var. Çünki açıqlamasından görünür ki, onun özünün buna ehtiyacı var.

Əvvəla, çarşab ifadəsinin özü yanlışdır. Azərbaycanda çarşab davası olmayıb, dindarlar orta məktəbdə baş örtüsü ilə dərs almaq qadağasının ləğvini tələb ediblər. Bunlar isə ayrı-ayrı şeylərdir. İkincisi, etiraz edən dindarın ailəsində kiminsə başını örtüb örtməməsi etirazçıların haqsız olmasına dəlalət edə bilməz. Yəni buna görə kimisə ittiham etmək düzgün deyil. Mən hələ bu iddianın, yəni etiraz edənlərin ailəsinin başörtülü olub-olmaması iddiasının nə dərəcədə doğru olmasını demirəm. Və nəhayət, zalda başörtülü kimsənin olmaması məsələsinə gəlincə. Baş yazarın etiraf etdiyi kimi bu, Azərbaycanda bir islamafob kampaniyanın aparılmasına işarədir. Baxmayaraq ki, rəsmi şəxslər bunun belə olmadığını deyirlər.

Amma burda deyilməli ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın qarşılaşdığı vəziyyət məhz B.Sadıqov kimilərin dinə münasibəti nəticəsində yaranıb. Bir zamanlar mütəxəssislər, mütərəqqi din adamları Azərbaycanda normal, sağlam dini təbliğata imkan yaradılması, ənənəvi, sağlam İslami dəyərlərin təbliğ olunmasını təklif edəndə B.Sadıqov kimi düşünən insanlar buna qarşı çıxdılar. “Azərbaycanda İslamı unutdurmaq mümkün deyil, yalnız sağlam dini dəyərlərin təbliği ilə təhlükəli tendensiyalardan qorunmaq olar”, deyildiyində, bir çoxları bunu anlaya bilmirdi. Əksinə, sağlam, qanuni dini təbliğata maneələr yaradılmaqla sadəlövhcəsinə ölkədə dinin təsirini azaldacağını güman edirdi. Amma oldumu? Üstündən heç 10 il keçmədi və bu gün Azərbaycan cəmiyyəti, dövlətimiz radikal dini cərəyan təhlükəsi ilə bağlı həyəcan təbili çalır, çıxış yolları arayır. Halbuki, başqa cür də ola bilərdi.

Azərbaycanda dinə münasibət dəyişməlidir. Azərbaycan hakimiyyətində təmsil olunanlar, ictimai rəyə təsir imkanları olanlar bu reallığı dərk etməlidirlər ki, Azərbaycan bir müsəlman ölkəsidir və İslam bu ölkədə bu və ya digər formada öz təsirini saxlayacaq. Sadəcə bu reallığı qəbul etmək, ona uyğun davranmaq lazımdır. Əks halda primitiv, zorakı üsullarla inanc üzərində təsir yaratmaq, onu sıxışdırıb “konfrans zallarından çıxarmaqla” heç nəyə nail olmaq mümkün deyil. Unutmaq lazım deyil ki, bu gün “zallarda olmayan”, oralardan qovulan islam Suriya çöllərinə, Əfqanıstan dağlarına üz tutur...

KƏNAN/musavat
1591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32