Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Xruşşovun oğlu Krımın Ukraynaya necə verilməsindən danışdı

“Krım Ukraynaya istisnasız olaraq sırf texniki səbəblərdən verilib. Məqsəd o idi ki, Şimal-Krım kanalının tikintisinə rəhbərlik etmək asanlaşsın”.

Bu sözləri Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində keçmiş sovet lideri Nikita Xruşşovun oğlu Sergey Xruşşov deyib.

Sergey Xruşşov bildirib ki, Krımın Ukraynaya verilməsi prosesi tamamilə qanunauyğun şəkildə həyata keçirilib və heç kimi təəccübləndirməyib.

Qeyd edək ki, “Die Welt” nəşrinin müxbiri Sergey Xruşşovu ABŞ-da taparaq söhbətləşib. S.Xruşşov 1991-ci ildən ABŞ-da yaşayır və “soyuq müharibə” tarixi üzrə ekspert kimi çalışır. Sovet baş katibinin oğlu bu müsahibəsində Krımın Ukraynanın tərkibinə necə verilməsinə dair xatirələrini paylaşıb.

S.Xruşşov həmin hadisəni belə nəql edib: “1953-cü ildə sovet hökuməti Dnepr çayı ilə Krım, yəni Ukrayna ilə Rusiya arasında kanal çəkməyi qərar aldı. Rusiya hakimiyyəti ilə yaranmış problem üzündən Krımı Ukraynanın tərkibinə daxil etmək planı meydana çıxdı. O zaman həmin tikintiyə görə yalnız bir müttəfiq respublika, yəni Ukrayna məsuliyyət daşımalı oldu. Bu da çox normal idi. Burada heç bir ideologiya və ya siyasi çalar yox idi. Burada sadəcə praqmatizm vardı”.

Sergey Xruşşov əlavə edib ki, SSRİ-də sərhədlərin bu cür dəyişdirilməsinə dair başqa nümunələr də var idi.

Qeyd edək ki, Krımın Ukraynaya verilməsi münasib vaxta - Rusiya ilə Ukraynanın birləşdirilməsinin 300 illik yubileyinə salınmışdı. Sözügedən kanalın tikintisi 10 ilə başa çatdırmaq nəzərdə tutulurdu.

Nikita Xruşşovun oğlu isə bu qərarın qanunsuz olması fikri ilə razılaşmır: “Bu, adi, özü də tamamilə qanuni bir qərar idi. Krımın Ukraynaya verilməsi qərarı SSRİ Ali Soveti, həmçinin RSFSR və Ukraynanın Ali sovetləri tərəfindən də bəyənilmişdi. Bir çoxları belə hesab edir ki, atam bu qərarı özbaşına və ya təkbaşına vermişdi. Amma o, heç bir halda belə edə bilməzdi. Doğrudur, bu qərar ən yuxarı səviyyədə verilmişdi. Amma müvafiq dövlət orqanları hər işdə olduğu kimi bu məsələdə də öz razılığını vermişdi. Ona görə də bu məsələdə hər şey qanuni idi”.

Sergey Xruşşovun sözlərinə görə, indi bir çoxları Krımın Ukraynaya guya sadəcə bir hədiyyə kimi verildiyini iddia edir, amma bu mülahizələrin heç bir əsası yoxdur: “Məsələn, belə söhbətlər gəzir ki, atam ukraynalı məmurları bu yolla ələ alıb öz tərəfinə çəkmək istəyirmiş. Ya da bu qərar atamın doğma vətəni olan Ukraynaya oğul töhfəsi imiş. Amma belə deyil. Bu fikirlərin hamısı cəfəngiyyatdır”./virtualaz/
1111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11</