Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

“Sovetski”nin deputatından yeni açıqlama... - Fotolar

Ülvi Quliyev: “Səlahiyyətlərim çərçivəsində yardımçı olmağa çalışıram”

Martın 9-da “Sovetski” sakinləri növbəti dəfə aksiya keçiriblər. Aksiyanın keçirilməsinin səbəbi köçürülmənin əvəzində onlara təklif olunan kompensasiyanın məbləğinin aşağı olması və bundan öncəki aksiyada saxlanılan şəxslərlə bağlı olub.

Aksiya həmişə olduğu kimi 173 nömrəli məktəbin qarşısına təyin olunmuşdu. Lakin əraziyə cəlb olunmuş çoxsaylı polis əməkdaşları sakinlərin məktəbin həyətinə toplaşmasına imkan verməyiblər. Aksiya ara məhlələrdə davam edib. Sakinlər həmçinin saxlanılan gənclərin sərbəst buraxılmasını istəyiblər. 

Mətbuata açıqlama verən sakinlər dağılıblar. Onlar bildiriblər ki, onlar təklif olunan pulun məbləği ilə razı deyillər və ümumiyyətlə, köçmək istəmirlər: “Martın 3-də aksiyada 5 sakinimizi tutublar. Hamısına 15-30 sutka veriblər. Onların nə günahı var idi? Biz haqqımızı tələb edirik. Verilən pulun məbləği bizi qane etmir. Biz də buna etiraz etmişik və tələblərimiz yerinə yetirilməsə, bundan sonra da aksiyalarımız davam edəcək. Burada yaşayan insanların böyük hissəsinin evinin kvadratmetri çox azdır. Bizə 1500 manat təklif edirlər. Bu pulla başqa yerdə ev almağımız mümkün deyil. Mənim evim 32 kvadratmetrdir. Əgər hər kvadratmetrinə 1500 manat versələr, mən 48 min manat pul alacam. İndiki qiymətlərlə 48 min manata harada ev almaq olar? Bu, mümkün deyil”.

“Bizi evimizi satmağa məcbur edəcəklər”

“Sovetski” sakinləri rəsmilərin açıqlamalarına inanmırlar: “Abid Şərifov deyir ki,  kim köçmək istəməsə, evi sökülməyəcək. Yaxud deyir ki, kim yaşamaq istəyirsə, ona şərait yaradılacaq və evindən çıxarılmayacaq. Biz bunlara inanmırıq. Çünki Bakının digər yerlərində söküntülər olan zaman da belə deyirdilər. Amma sonunu hamımız gördük. Elə olsa belə, satmağa məcbur edəcəklər. Mənim qonşum razı olsa, onun evini sökəcəklər. Sonra isə bizim suyumuzu, işığımızı və qazımızı kəsəcəklər ki, məcbur qalıb, evdən çıxaq. Bizə belə yalançı sözlər lazım deyil”.

Etiraz edənlərin bəziləri 15-30 sutka arası həbsə məruz qoyulub

Martın 3-də keçirilən aksiyada polis tərəfindən saxlanılan bəzi “Sovetski” sakinləri ilə bağlı həbs qərarı verilib. Belə ki, aksiyada saxlanılan “Sovetski” sakinləri məhkəmə qarşısına çıxarılıblar və onlara bağlı 15-30 sutka arası həbsə məruz qoyulublar. 

15-30 sutka arası həbs edilən “Sovetski” sakinlərinin siyahısı:

1. Əliyev Elxan - 30 sutka;
2. Hikmət Zeynalov - 30 sutka;
3. Ataşov Rəşad - 15 sutka;
4. Mirislam - 15 sutka;
5. Ülvi - 15 sutka.

"Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq"

Anspress-ə müsahibəsi zamanı Abid Şərifov "Sovetski" sakinlərinin etirazı ilə bağlı qısa açıqlama verib: "Sovetski"dən heç kim zorla evindən çıxarılmayacaq. Bu, mümkün deyil. Evlərinin sahəsi az olan sakinlərin məsələsi ayrıca müzakirə olunacaq. İnventarizasiya prosesi bitirildikdən sonra biz təkliflər hazırlayacağıq. Bu təkliflər yaşayış sahəsi az olan evlərin sakinlərinə aid olacaq. Amma hələlik inventarizasiya prosesi 3-4 ay çəkəcək. Onlar dövlətin qayğısından kənarda qalmayacaqlar”.


Millət vəkili Ülvi Quliyev “Sovetski” hadisələri ilə bağlı musavat.com-a açıqlama verib: “2010-cu ildə keçirilən seçkilər dövründən indiyədək mən mütəmadi olaraq, onların problemləri ilə maraqlanıram. Mənim köməkçimin telefon nömrəsi onlarda var və istənilən zaman onlarla görüşməyə hazıram. Orada müdafiə komitəsi yaradılıb. Mən özüm də onlarla bir neçə dəfə görüşmüşəm. Belə ki, bir neçə gün öncə sakinlərlə görüşümüz olub. Şikayətlərini dinləmişəm. Sakinlər özləri də yetərincə öz narazılıqlarını bildiriblər, mən də bir deputat olaraq, bu məsələni - onların narazılıqlarını lazımı yerlərə çatdırmışam. Səlahiyyətlərim çərçivəsində yardımçı olmağa çalışıram. Hələlik komissiyanın qərarı budur ki, heç kəs məcburi şəkildə evindən çıxarılmayacaq. Könüllü şəkildə razı olanların evləri söküləcək. Qiymət isə 1500 manat təyin edilib”./musavat/







1143 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber