Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Rövnəq Abdullayevin ölüm qazı

Bakı hər an kütləvi zəhərlənə bilər; Şirkət əhalinin kütləvi zəhərlənməsinin məsuliyyətini üzərindən atır; miqyaslı zəhərlənmələr Rusiyadan qaz idxalı dayandırıldıqdan və əhalinin mavi yanacaqla təminatını ARDNŞ öz üzərinə götürdükdən sonra yaranmağa başlayıb; R. Abdullayev işinin öhdəsindən gələ bilmir 

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə əhalinin təhlükəsizliyi və keyfiyyətli mavi yanacaqla bağlı problemi bir daha aktuallaşdırdı. Bununla da əhaliyə ölüm qoxulu qazın satılması təkzibolunmaz faktla təsdiqləndi.
Lökbatanın Vilayət Əsgərov küçəsindəki 4 beşmərtəbəli yaşayış binasında 100-ə yaxın sakin kütləvi zəhərlənib. Martın 5-də saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub. 


“Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazov hadisədən dərhal sonra bildirib ki, ilkin araşdırma zamanı təbii qaza vurulan odorant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib. Ancaq bəyanatdan cəmi 24 saat sonra “Azəriqaz” İstehsalat Birliyi ilkin rəyi təkzib etdi. Birliyin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, artıq hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: “Müəyyən edilib ki, qazın tərkibinə vurulan odorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur”.

Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: “Odorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, ”Azəriqaz" aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq".

Bir-birini təkzib edən bu bəyanatlar təbii ki, məsuliyyətdən yayınmaq üçün verilir. Ancaq bu izahatlar yetərli deyil. Çünki qazdan zəhərlənmələr bütün qış boyu davam edir. Bu onu göstərir ki, ARDNŞ əsas funksiyalarından birinin - əhalini fasiləsiz və keyfiyyətli qazla təmin etmək missiyasının öhdəsindən gələ bilmir. Qış mövsümünün başlanması ilə “dəm qazı” faciəsinə start verilir və “səssiz soyqırım” yazın gəlişi ilə başa çatır. Bir neçə ildir hər qış bu faciələr təkrarlanır. Özü də bu tendensiya Rusiyadan qaz idxalı dayandırıldıqdan və əhalinin mavi yanacaqla təminatını ARDNŞ öz üzərinə götürdükdən sonra yaranmağa başlayıb. Deməli, problemin qaz hasilatını, emalını və əhaliyə satışını həyata keçirən ARDNŞ-in qeyri-peşəkar fəaliyyətində axtarmaq lazım gəlir. 


“Azəriqaz” İB-in sabiq idarə rəisi Nüsrət Qasımov bu yaxınlarda mediaya açıqlamasında bildirmişdi ki, mavi yanacaq Qaradağda Qaz Emalı Zavoduna emal edilərək abonentlərə ötürülür. Sabunçu, Suraxanı, Binəqədi, Xəzər və Səbayel rayonları ərazisində köhnə mədənlər fəaliyyət göstərir və oradan çıxan qazın tərkibinə lazımi qatqı maddəsi vurulmadan birbaşa abonentlərə ötürülür. Bunlar hamısı köhnə buruqlardır, hələ də onlardan qaz hasil olunur, idarə və müəssisələr də həmin qaz itkiyə getməsin deyə əhaliyə verirlər. Qazı yalnız tərkibinə metan qatıldığı halda əhaliyə vermək olar. 

Mavi yanacağın tərkibində metanın faizi 60-dan aşağıdırsa, onu əhaliyə ötürmək olmaz. Onun faizi mütləq 60-dan çox olmalıdır. Qaz cihazları, istilik sistemlərinin korlanmasında bu amilin böyük rolu var. Metanın faizi aşağı olduğu üçün cihazlar işləməyə, xarab ola bilər. Problem qazdadır. Sözügedən mədən və buruqlar ARDNŞ-ın neft-qazçıxarma idarələrinin nəzarətindədir. Onlar qazı necə gəldi camaata verirlər, sonra da faciə və fəsadlar baş verir. Dəm qazı ilə metanı qarışdırmaq olmaz. Dəm qazı insanı öldürmür, onu zəhərləyir. İnsanın ölümünə səbəb olan qaz metandır. Havada metan konsentrasiyası 0,1 faiz olarsa, bir saat ərzində insanı zəhərləyir. Bundan yuxarı faizdə olanda isə yarım saatla 7 dəqiqə arasında ölüm baş verə bilər.


Belə çıxır ki, ARDNŞ, onun rəhbəri Rövnəq Abdullayev öz fəaliyyətini peşəkar səviyyədə qura bilmədiyindən yüzlərlə insanın, hətta bütün paytaxtın  həyatı daim təhlükə qarşındadır. Bu, həm də ARDNŞ-in statusundan doğan bir məsələdir. Bu şirkət, həm qazı çıxarır, həm emal edir, həm də əhaliyə satır. Funksiyalar bir əldə  -  Rövnəq Abdullayev kimi intellekt və peşəkar keyfiyyətləri aşağıya, korrupsiya və maxinasiya həvəsi yuxarı  olan bir məmurun əlində cəmlənəndə məsuliyyət və qarşılıqlı nəzarət mühiti yoxa çıxır.  Ona görə də problemi həll etmək üçün öncə ARDNŞ-in funksiyasına yenidən baxmaq lazımdır. Əks halda, ölüm qazı hələ daha çox insanların həyatına son qoyacaq./musavat/
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24</