Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

“Belə çox davam edə bilməz, rejim tənəzzülünü yaşayır”

«Hakimiyyət AXCP-nin yeganə güc mərkəzi olduğunu təsdiqlədi»

Eldəniz Quliyev: “Baş verənlər göstərdi ki, Milli Şuraya qarşı olan “Rusiya proyekti” iddiası daha çox hakimiyyətin özünə aiddir”

AXCP-nin qərargahındakı müəmmalı partlayışın fonunda, partiya üzvlərinin həbsi, təşkilata qarşı təzyiqlərin davam etməsi gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Ekspertlərin fikrincə, əslində Ukraynada baş verənlərin fonunda hakimiyyətin bu cür siyasət yürütməsi təsadüfi deyil. Digər tərəfdən hakimiyyət AXCP-ni hədəf seçməklə demokratik düşərgədə əsas çəkindiyi qüvvənin hansı olduğunu da göstərib. Gündəmin bu və başqa suallarını “EL” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə ünvanladıq:

- Hazırda Azərbaycanda baş verənlərin əks-sədası Ukraynadan gəlir. Ukrayna avtoritar üsul-idarəli dövlətlərə bir şeyi göstərdi ki, xalq öz fundamental hüquq və azadlıqları uğrunda mübarizəyə qalxa bilər. Eyni zamanda Ukrayna olayları mübarizənin nəticə verə biləcəyini də sübut etmiş oldu. Ukrayna hadisələrinin mühüm dərslərindən biri “Şərq Tərəfdaşlığı” layihəsindəki əməkdaşlıqla bağlı idi. Avropaya inteqrasiyadan başlayan qığılcım tədricən iri bir alova çevrildi. Azərbaycandakı siyasi texnoloqlar da bu cür hadisələri analiz edib nəticə çıxarırlar. Onların çıxardıqları nəticə isə bundan ibarət oldu ki, Ukrayna hakimiyyəti böyük səhv edib. Hakimiyyətin qənaətincə, azadlıq hərəkatı başlayan kimi onu susdurmaq lazımdır. Hakimiyyət mütləq şəkildə buna imkan verməməyə və siyasi-demokratik prosesləri beşiyindəcə boğmaq istəyir. Hazırda baş verənlər məhz bu siyasətdən qaynaqlanır. Son zamanlar baş verənlərə diqqət yetirin. Hakimiyyət tərəfindən bəzi təxribatlara gedilib. Təxribatlardan biri Xocalı soyqırımının anımı zamanı hakimiyyətin heç nədən konflikt yaratmaq istəyidir. Biz bunu etiraf etməliyik ki, bu hakimiyyətin, siyasi texnoloqların düşünülmüş bir ssenarisidir. Hakimiyyət istədiklərinə nail olmadı. Çünki nizamlı şəkildə, vətənpərvər şüarlar səsləndirərək birgə addımlayan adamların həbs olunması çox böyük bir əks-səda yaradardı. Ona görə bu hadisədən bir gün ötməmiş siyasi repressiyalara start verildi. Nəticədə AXCP-nin gənc, mübariz və günahsız olan gənc üzvləri həbs olundu. Cəbhəçi gənclərin yeganə istəkləri Azərbaycanda normal, demokratik cəmiyyətin yaradılmasıdır. Gənclər çox kobud sürətdə, şərlə, böhtanla həbs olundular. Bu hadisələrin davamı kimi AXCP-nin qərargahı partladıldı və göz görə-görə sahibkarın əmlakına təcavüz olundu. Bununla əslində digər siyasi qurumlara da bir mesaj verdilər. Baş verənlər bir daha onu göstərdi ki, hakimiyyət təşvişdədir və narahatdır. Eyni zamanda hakimiyyət AXCP-nin yeganə güc mərkəzi kimi demokratik, qeyri-radikal, qanunun tələblərinə uyğun olaraq mübarizə aparmaq niyyətində olan qüvvə olduğunu da təsdiqlədi.

“Hakimiyyət özünü biabır edir”

- AXCP-nin gənc fəallarının həbsində diqqət çəkən məqamlardan biri onların polis bölmələrinə aldadılaraq aparılmasıdır. Bunun səbəbi nədir?
- Atalar “niyyətin hara, mənzilin ora” deyib. Hakimiyyətin niyyəti qara olduğu üçün müraciət etdiyi metodlar da qaradır. Artıq həm daxili, həm də xarici ictimaiyyətə aydındır ki, Azərbaycanda həbslər qeyri-qanuni keçirilir. Birdən-birə yüzlərlə islamçı həbs edilir və onların da hamısının cibindən narkotik çıxır. Bu heç cür inandırıcı olmaz. Bununla hakimiyyət özünü biabır edir. Ona görə də həbsləri artıq aldadaraq həyata keçirir. Bunlar çox kobud işləyirlər. Polislərə deyirlər ki, get adamın papağın gətir, bunlar gedib başla qarışıq gətirirlər. Polisin əsas vəzifəsi ictimai asayişi qorumaqdır. Amma Azərbyacanda asayişin pozulmasında öndə gedən elə polisin özü olur. Polis öz işiylə məşğul olmaq əvəzinə hakimiyyətin dəyənəyinə çevrilib. Bu da ələbəttə ki, təəssüf doğurur.

- Hazırda “Sovetski”də vətəndaşların etirazları davam etməkdədir. Amma hakimiyyət vətəndaşların narazılıqlarını nəzərə almaq əvəzinə polis nəzarətini gücləndirir...
- Bunun bircə adı var. O da dərəbəylikdir. Mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ bütün fundamental hüquq və azadlıqların ən vacibidir. Çox təəssüf ki, bütün bu proseslər dünyanın gözü qarşısında baş verir. Beynəlxalq aləmdə Azərbaycanda mülkiyyət hüququnun pozulmasıyla bağlı bir SOS siqnalı verilir. Bu həyəcan təbili təkcə “Sovetski” ilə bağlı deyil. Eyni dərəbəylik Qız Qalasının yanında baş vermiş köçürmədə də yaşanmışdı. Mülkiyyət hüququnun müdafiəsinə qalxmış insanlar təşkilatlanmadıqlarına görə, hakimiyyət tərəfindən pərən-pərən salınırlar. Hakimiyyət kimini qorxudur, kimini isə həbs edir. Azərbaycanda mülkiyyət hüququna hakimiyyət tərəfindən olan təcavüz dövlətçiliyinin təməl sütunlarına vurulan zərbədir. Bu çox təhlükəli tendensiyadır.

“Hakimiyyət cəmiyyəti qarşıdurmaya sürükləyir”

- Hakimiyyət cəmiyyətdəki narazılığı zor gücüylə qarşısını almağa çalışır. Hakimiyyətin seçdiyi bu yol nə dərəcədə uğurludur və nə vəd edir?
- Fizika qanunlarına görə, təsir əks təsirə bərabərdir. Problemi həll etmək əvəzinə onu qapadırsansa, onun həlli daha qəlizləşir. Nəticədə həll olunmayan problem faciyəyə çevrilir. Bu çox qorxulu tendensiyadır. Ən radikal düşüncəli qurumlar belə istəmir ki, Azərbaycanda vətəndaş qarşıdurması olsun, qan tökülsün. Yaxın Şərq və digər ölkələrdə baş verənlərdən biz görürük ki, bu heç də xoşagələn hal deyil. Amma hakimiyyət özünün atdığı addımlarla bu cür halların yaranmasına səbəb olur. Vətəndaşlar qarşıdurmaya, Islam siyasiləşməyə sürüklənir. Mübarizə istəyinə nifrət qatılanda bunun ağır nəticələri olur. Bütün səmimiyyətimlə deyirəm ki, əgər cəmiyyətdə qarşıdurma baş verəcəksə, buna görə məsuliyyəti hakimiyyət daşıyacaq.

- Hazırda hakimiyyət təmsilçilərinin adlarının da hallandığı kifayət qədər korrupsiya və rüşvət qalmaqalları gündəmdədir. Məsələn, Mərkəzi Bankın rəhbərliyinə qarşı manatın çapı ilə bağlı korrupsiya hallarına yol verildiyinə görə, ciddi ittihamlar irəli sürülür. Amma bu ittihamların heç birinə diqqət ayrılmır. Amma seçki ərəfəsində Əflan Ibrahimovun əsassız iddialları cinayət işinin açılmasına səbəb oldu?
- Bu onu göstərir ki, Azərbaycandakı avtoritar üsul idarə tənənzülünü yaşayır. Heç bir dövlət strukturu, hakimiyyət qolları effektiv işləmir. Nə qanunverici, nə icra, nə məhkəmə orqanı düzgün işləmir. Bu hakimiyyət qollarının hamısı laxlayıb. Bu, Azərbaycandakı siyasi rejimin sonunun başlanğıcıdır. Biz çox çətinliklə müstəqillik əldə etmişik. Hazırda az qala qanla azadlıq əldə etmək istəyirik. Bu cür çox davam edə bilməz. Bu kiminsə günəşi əli ilə bağlayaraq, yazın gəlişinin qarşısını almağa cəhd göstərməsinə bənzəyir. Hakimiyyət hazırda belə bir vəziyyətdədir.

- Hazırda dünyanın diqqəti Ukraynada baş verən olaylara yönəlib. Rusiyanın Krımda atdığı addımlara demək olar ki, bütün dövlətlər münasibət bildirir. Amma Azərbaycan Ukraynadakı hadisələrə hələ reaksiya verməyib. Baxmayaraq ki, hakimiyyət təmsilçiləri dəfələrlə Azərbaycanın regionun lider ölkəsi olduğunu və az qala böyük dövlətlərin Azərbaycanla məsləhətləşmədən xarici siyasət vektorunu müəyyənləşdirmədiyini bəyan ediblər...
- Bu, hakimiyyət təmsilçilərinin, YAP funksionerlərinin nadanlığından irəli gəlir. Azərbaycanda baş verənlər bir daha göstərdi ki, Milli Şuraya qarşı olan ən böyük ittiham - “Rusiya proyekti” iddiası daha çox hakimiyyətin özünə aiddir. Azərbaycan hakimiyyəti laxlasa da, Rusiyanın hesabına hələ ayaq üstə dayana bilir. Rusiyanın vassalı olmasa da, ona yaxın vəziyyətdədir. Ona görə belə hakimiyyət Ukraynada baş verənlər barədə Rusiyanın icazəsi olmadan heç nə deyə bilməz. Ziddiyyət bax bundadır. Biz guya demokratik məmləkətik. Amma Ukrayna hadisələri, demokratik düşərgəyə qarşı təzyiqlər açıq şəkildə göstərdi ki, Azərbaycan yetərincə müstəqil deyil. Göz önündə bir dövlətin torpağı işğal olunur, insanların qanı tökülür. Amma biz susuruq. Bu nədən xəbər verir? Bu onu göstərir ki, Azəraycan hakimiyyəti nə əvvəl, nə də indi müstəqil siyasət yürütməyib./azadlıq/

1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP