Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

“Palçıqlı qəsəbə”də asfalt üsyanı...

Bu gün səhər saatlarında Bakıda daha bir etiraz aksiyası keçirilib.

Etiraza qalxan sakinlərin virtualaz.org saytının əməkdaşına verdiyi məlumatlara əsasən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinin “A massivi” adlanan ərazisində (rəsmi adı olmayan bu yaşayış massivini yollarının vəziyyətinə görə şərti olaraq “Palçıqlı qəsəbə” də adlandırmaq olar-red.) əksəriyyəti qadınlar olmaqla yüzdən çox sakin yolu bağlamağa cəhd edib.

Etiraz aksiyasına səbəb həmin küçədə ötən ilin dekabrından başlayan asfaltlama işlərinin yarımçıq qoyulmasıdır. Uzun illərdir yayda toz-torpağa, qışda dizə qədər palçığa batan əhali çoxsaylı şikayətlərdən sonra sözügedən yaşayış massivində daxili yollardan beşinin asfaltlandığını, ancaq qalan iki küçəyə çatanda işlərin yarımçıq qoyulduğunu bildirir.

Ərazidə asfalt işlərini Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamenti həyata keçirir. Məlumata görə, beş küçəyə asfalt çəkəndən sonra departamentin yol texnikasının ərazini tərk etməyə hazırlaşdığını eşidən yerli sakinlər iki gündür küçələrdədir və etiraz edir.

İlk etiraz aksiyası dünən - martın 10-da olub. Bir qrup sakin etiraz olaraq saatlarla yol texnikasının qarşısını kəsib. İstirahət günü olduğunu əsas gətirən Suraxanı Rayon İcra Hakimiyyəti rəsmiləri etirazçıların qarşısına çıxmayıblar.

Bu gün isə daha çox sakin küçəyə çıxıb və qəsəbədən keçən yolu bağlamağa cəhd edib, həmçinin etiraz olaraq yol texnikasının qarşısını kəsiblər.

Əraziyə çoxlu sayda polis göndərilib. Polis əksəriyyəti qadınlar olan aksiyaçılara qarşı güc tətbiq etməsə də onlarla birgə olan mülki geyimli şəxs iki qadını vurub, daha sonra maşına minərək ərazini tərk edib. Suraxanı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi etirazçıları sakitləşdirməyə çalışaraq problemin həllinə çalışdıqlarını deyib.

Sakinlər rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovla görüş tələb etsələr də başçı əraziyə gəlməyib.

Sakinlərin əməkdaşımıza bildirdiyinə görə, onların üzləşdikləri vəziyyət doğrudan da acınacaqlıdır və dözülməzdir. Belə ki, hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Suraxanı RİH başçısı olduğu dövrdə, yəni az qala 17-18 ildir salınmış həmin yaşayış massivində küçələr keçilməz dərəcədə bərbaddır. Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən eyniadlı prospektin yaxınlığında, prospektin kənarı boyu çəkilmiş hündür hasarların o tayında yerləşən yaşayış massivində küçələri sakinlər indiyədək öz vəsaitləri hesabına daş və çınqıl tökməklə qismən işlək vəziyyətdə saxlayırdı.

Lakin ötən ilin payızında “Azərsu”nun podratçıları ərazidə su çəkilişini həyata keçirərkən sözün əsl mənasında küçələrin altını üstünə çeviriblər. Nəticədə yağış yağanda dizə qədər çıxan palçıqda nəinki piyadaların, maşınların da hərəkəti mümkünsüz olub.

Rayon icra hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə çoxsaylı şikayətlərdən, Prezident Administrasiyasına göndərilən teleqramlardan və mətbuata müraciətlərdən sonra nəhayət ötən ilin dekabrında BŞİH-in Mənzil Kommunal Departamenti ərazidə asfalt işlərinə başlayıb. Ancaq küçələrdən xüsusilə bərbad olan ikisi iş planına daxil edilməyib və bu da sakinlərin qəzəbinə səbəb olub.

Bu dəqiqələrdə aldığımız məlumata görə, etiraz aksiyası hələ də davam edir və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin vədlərinə inanmayan sakinlər “daha böyük qüvvə ilə” ilə küçəyə çıxıblar. ANS telekanalının çəkiliş qrupu da hazırda etiraz aksiyası ilə bağlı qəsəbədədir.
/musavat.com/
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15