Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Jurnalist məhkəmədə MTN-dəki işgəncə faktlarını açıqladı

«Məni bir otağa apardılar, içərisində işgəncə alətləri var idi..., təzyiq göstərdilər»

Pərviz Həşimli: «Saçlarım ağardı, dişlərim ovulub töküldü, gözlərim zəiflədi»

11 martda Bakı Ağır Cinayətlər Məhkməsində jurnalist Pərviz Həşimli ifadə verib. O ifadəsində bildirib ki, ona verilən ittihamlarla özünü təqsirli bilmir: “Ifadəni mənim əvəzimdən MTN-nin müstəntiqi yazıb. Mən o ifadəyə qol çəkməmişəm. Mən günahsızam, heç bir cinayət törətməmişəm”.

“Antiterror mərkəzinin rəisi Elçin Quliyev ”Quran" kitabını gətirdi"

Jurnalist deyib ki, MTN-nin əməkdaşları onu həbsindən bir ay əvvəl izləməyə başlayıblar. O saxlanılarkən izləndiyi maşında aparılıb. P.Həşimli həbsindən bir gün öncə ABŞ səfirliyinə həbs təhlükəsinin olduğunu yazıb. Həmin gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə də məktub yazaraq onun haqqında yanlış informasiyalar verildiyini deyib: “MTN rəhbəri Ilham Əliyevə yalan məlumat verir. Guya mən MTN-nin keçmiş müavini, indi Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyevdən, deputat Cavid Qurbanovdan pul alıb müxalifətə verirəm. Antiterror mərkəzinin rəisi Elçin Quliyev ”Quran" kitabını gətirdi ki, buna əl bas ki, pul çatdırmamısan. Əlimi kitaba qoyub dedim ki, mən pul göndərməmişəm".

“Bizim dediyimizi yazmasan, səni onlara zorlatdıracam”

Jurnalist MTN-də onu işgəncə ilə təhdid etdiklərini deyib. “Məni bir otağa apardılar, içərisində işgəncə alətləri var idi. Onların hər biri barəsində mənə danışırdılar. Bununla mənə psixoloji təzyiq göstərirdilər. MTN-də çalışan Ilqar Əliyev mənə dedi ki, sənin evinə göndərdiyimiz başı maskalı adamlara ”ayıboğanlar" deyirlər. Bizim dediyimizi yazmasan, səni onlara zoraltdıracam. Ilk 2 ay gərginlik nəticəsində saçlarım ağardı, dişlərim ovulub töküldü, gözlərim zəiflədi. Uşağımın şəklini 40 gün sonra mənə göstərdilər".
Pərviz Həşimli MTN-nin Istintaq Təcridxanasında tək adamlıq kamerada saxlanıldığını deyib. O, hakim Novruz Kərimova bildirib ki, evində axtarış aparılan zaman müşahidə kameraları götürülüb. Istintaq yekunlaşandan sonra kameralar qaytarılsa da onların yaddaşı qaytarılmayıb. P.Həşimli yaddaş kartının geri qaytarılması üçün məhkəmənin sorğu verməsini xahiş edib. Hakim bildirib ki, bunun üçün hələ vaxt var.

Antiterror mərkəzinin rəisi: “Səni burada mələdəcəyik”

Pərviz Həşimlinin isə hakimin dediyinə reaksiyası belə olub: “Mən MTN-də nələr çəkirəm bilmirsiniz. Mənim hər dəqiqəm əziyyətdir. Antiterror mərkəzinin rəisi Elçin Quliyev mənə dedi ki, səni burada mələdəcəyik. Məni MTN-də mələdirlər. Siz evinizə arxayın gedirsiniz, ona görə sizin üçün ”hələ vaxt var".
O deyib ki, digər təqsirləndirilən Təvəkkül Qurbanovu Gəncədə Ilqar adlı şəxs tanışdırıb. T.Qurbanov oğlunun Iqtisad Universitetində oxuduğunu və kəsrlərinin olduğunu deyib. O jurnalistdən xahiş edib ki, ona kömək etsin. Pərviz Həşimli oğlunun universitetdəki korrupsiya ilə bağlı ona yazmasını təklif edib. Bu məsələni ictimailəşdirib həllinə çalışacağını deyib: “Təvəkkül yenə mənə zəng elədi ki, Bakıya gəlmişəm, necə görüşə bilərik? Dedim ki, gəl ofisə. Əgər mən onun silah gətirdiyini bilirdimsə, o zaman niyə bir otaqda 8-9 nəfər jurnalistin işlədiyi ofisə dəvət edirdim?!”

“Şahidləri iynənin üstündən durğuzub gətirmişdilər”

Təvəkkül Qurbanov ofisdə görüşməyə razı olmayıb. Küçədə gözlədiyini deyərək jurnalistin bayıra çıxmasını istəyib. Pərviz Həşimli küçəyə çıxandan 2-3 dəqiqə sonra 8-9 maşının qarşısında saxladığını və içərisindən 30-40 nəfərin onun üstünə hücum etdiyini deyir. “Onlar idmançı formasında idilər. Məni yerə yıxıb təpiklədilər. Dizim əzildi, şalvarım da cırıldı. Qollarımı arxadan qandallayıb MTN-ə yaxın ərazidə maşını saxladılar. Təvəkkülün maşınında axtarış apardılar, silah çıxdı. Təvəkkül üzümə dayandı ki, silahı mən ona sifariş eləmişəm. Iki şahid də gətirmişdilər. Hər ikisi narkotik istifadəçisi idi. Əllərində qanın izi qalmışdı. Iynənin üstündən durğuzub gətirmişdilər”.
Jurnalist deyib ki, MTN-də Elçin Quliyev onun qarşısına nazirliklə bağlı yazdığı yazıları qoyub. Bu yazılarda Əli Nağıyevi müdafiə etdiyini deyib. Jurnalist bildirib ki, Əli Nağıyev qəzaya düşməyib və məlumatı dəqiqləşdirib yazıb.

“...Mən onu təsəvvür edəndə ağlamışam”

Pərviz Həşimli evində axtarış aparılan zaman xanımı Ilahə Həşimovanın stress keçirərək bətnindəki körpəsini itirdiyini deyib: “5 yaşlı uşağım var. Uşaq ağlayıb ki, nə olar bizi öldürməyin. Mən onu təsəvvür edəndə ağlamışam. Körpə uşağım indi həkimlərdə qalıb. Həmin gün keçirdiyi stressdən tez-tez huşunu itirir, özündən gedir. Mənə bunları yaşadanların Allah tifağın dağıdacaq”.
Jurnalist Təvəkkül Qurbanovun MTN-nin adamı olduğunu və oyuna salındığını deyib. “Təvəkkül Qurbanovun yoldaşı Gəncədə MTN-nin rəis müavininin şadlıq sarayını işlədir. Istintaq zamanı da məlum oldu ki, bütün zənglər Təvəkküldən gəlib. Mən heç vaxt ona zəng eləməmişəm. Əgər mən maraqlı şəxs olsaydım, ona zəng edərdim”.
Jurnalist deyib ki, cəza olaraq onu soyundurub karsa salıblar. 6-7 dəfə huşunu itirib. Həkim müdaxiləsindən sonra ayılıb.
Pərviz Həşimli bir neçə dəfə hakim Novruz Kərimovu ona hökm oxuyan zaman ədalətli, vicdanlı olmağa çağırıb: “Mən həbs olunduğum gündən bəri kitab yazıram. Istəyirəm ki, o kitabda heç olmasa bir balaca vicdanı olan hakim kimi qalasınız”. Hakim bu sözə görə jurnalistə xəbərdarlıq edib.
Pərviz Həşimli Irandan silah gətirən Hüseyn adlı şəxsin nəyə görə istintaqda “şəxsiyyəti müəyyən edilməmiş” şəxs kimi qeyd olunduğunu soruşub: “Həmin şəxsin Iranın dövlət nişanlı maşını ilə sərhəddən keçdiyi yazılıb. Onlar sərhəddə quraşdırılan kameralar vasitəsilə ilə onun kimliyini müəyyən edə bilərdilər. Onların işi nəyə görə ayrılıb?”
Sual cavabsız qalıb. Dövlət ittihamçısı deyib ki, jurnalistin evində axtarış aparılan zaman tapılan “Makarov” tipli tapançanın üstündən onun əl izləri aşkarlanıb.

MTN işçisi: “Biz silahın İrandan gətirildiyin yazdıq ki, xarici təşkilatlar, Avropa, Amerika səni müdafiə eləməsinlər”

Pərviz Həşimli: “MTN-də mənim iki dəfə əl izimi götürüblər. Qanunla əgər ikinci dəfə əl izimi götürüblərsə, birinci ləğv olunmalı idi. Amma onlar ikisin də saxlayıblar. Belə çıxır ki, o əl izinin birini tapançanın üstünə köçürüblər. Mən Elçin Quliyevdən soruşdum ki, ”Makarov" tipli tapança axı Rusiyanın istehsalıdır, niyə Rusiyadan qaçaq yolla gətirildiyini yazmamısınız. O dedi ki, biz “Irandan gətirilib” yazdıq ki, xarici təşkilatlar, Avropa, Amerika səni müdafiə eləməsinlər".
Jurnalist deyib ki, həbs olunan gün MTN-də Təvəkkül Qurbanovla üzləşdirmə aparılıb. Üzləşdirmədə Qurbanov deyib ki, silahların alınması üçün Pərviz Həşimli Gəncədə ona 12 min dollar verib. Bəxşiş olaraq 3000 dolları da Bakıda ödəyib. Amma istintaq materiallarında 15 min dolların Gəncədə birdəfəlik ödənildiyi yazılıb. Jurnalist bu təzada aydınlıq gətirilməsini istəyib. Amma məhkəmə bu məsələdən yan keçib.
Pərviz Həşimli bildirib ki, Təvəkkül Qurbanov bir dəfə qaçaqmalçılıqda ittiham olunub. O, aksiz markası olmayan içkiləri ölkəyə gətirirmiş. Jurnalist deyib ki, silahlar Təvəkkül Qurbanovun maşınından çıxsa da ittihamı ona veriblər.
Daha sonra Təvəkkül Qurbanov ifadə verərək Pərviz Həşimlini 2005-ci ildən tanıdığını deyib.

Jurnalistin vəkili Bəhruz Bayramov: - Siz onu tanıyanda Pərviz hansı işlə məşğul olurdu?
Təvəkkül Qurbanov: - Cəbhədə (AXCP-ni nəzərdə tutur - S.V.) olurdu.

Vəkil: - Pərviz 2005-ci ildə hərbi xidmətdə olub. Siz onunla necə tanış ola bilərdiniz?
Təvəkkül Qurbanov: - Mən də cəbhənin üzvü idim. O da ora gəlirdi.

Vəkil: - Siz cəbhəyə gəlirdinizsə bilməliydiniz ki, Pərviz Həşimli 2005-ci ildə deputatlığa namizəd idi.

Oğul atanı ələ verdi

Təvəkkül Qurbanov ifadəsində bildirdi ki, Pərviz Həşimli ilə oğlunun kəsr məsələsinə görə görüşüb. Ilk görüşləri 8 sentyabrda olub. Vəkil Bəhruz Bayramov sual verdi ki, dərs başlamamışdan hansı kəsr məsələsin həll etmək istəyirdi?
Təvəkkül Qurbanov: Oğlumun birinci kursdan kəsir imtahanı var idi. Pərvizə dedim ki, kömək eləsin həll edək.
Vəkil: Sizin oğlunuz istintaqa ifadəsində deyib ki, mən əlaçıyam. Kəsirim yoxdur. O zaman siz hansı kəsir imtahanı üçün Pərvizlə danışıq aparırdınız?
T.Qurbanov: Ola bilməz ki, mənim oğlumun kəsiri olmasın (zaldakılar gülüşdülər)

Məhkəmə prosesi 13 mart saat 10:30-a təxirə salınıb./azadlıq/
1166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...