Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

"Azərbaycan şər xanlığıdır, bunlar çox pisliklərə qadirdirlər"

“İsmayıllı məhkəməsi"ndə hakim və prokurora "hökm oxundu": “Hamınız 10-15 il yatacaqsınız”

“Nə vaxtsa bu hakimiyyətin qəzəbinə tuş gəlsəniz, özünüzü müdafiə edə biləcəyinizə inanırsınız?”

Martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə ittiham olunanların məhkəməsi davam edib. İttiham olunanlar son sözlə çıxış ediblər.

Onların əksəriyyəti özlərini təqsirli bilmədiklərini, məqsədlərinin baş verən hadisələrin qarşısını almaq olduğunu deyiblər. Bir neçə nəfər özünü qismən təqsirli sayıb. Onlardan biri Ceyhun Abbasov yanan otelə daş atdığını bildirib. Çıxış edənlər Çıraq otelini tanımadıqları adamların yandırdığını bildiriblər.

REAL Hərəkatının lideri İlqar Məmmədov çıxışında Azərbaycan hakimiyyətini qanunlara əməl etməyən xanlıqlara bənzədib. Deyib ki, ölkədə şah qanun funksiyasını yerinə yetirir:

"Həbsimdən 30 il öncə keçmiş ABŞ prezidenti Ronald Reyqan Sovet İttifaqını Şər İmperiyası adlandırmışdı. Şər İmperiyası parçalananda bəzi hissələri insana yaraşan dövlətçiliyə qovuşmağı bacardı. Digərləri nisbətən daha kiçik ölçülü şər xanlıqlarına çevrildi. Azərbaycan da bu şər xanlıqlarından biridir. Dünya dövlətləri və ictimai qurumlar bilirlər ki, kimlər və kimin adından məni buradan sağ-salamat çıxmayacağımla hədələyib. Bacararlar da, çünki adından bəlli olduğu kimi şər xanlığı çox pisliklərə qadirdir. Ancaq Cümhuriyyətimizin mənli, ya mənsiz, bu şər xanlığını yenəcəyinə inanıram. ABŞ, Avropa Birliyi və digər ölkələr prosesi 5 ay ərzində 20-dən çox diplomatla izləyib. Onların gələcəyi nəticə mənim üçün daha önəmlidir, nəinki, “Dərvişin Parisi partlatması” ənənəsinə sadiq üslubda hökmün ifası...”.

Müttəhimlərdən biri – Vasif İbrahimov deyib ki, o İsmayıllı rayonunda sahibkarlıqla məşğul olub. Hələ hadisədən bir-iki il əvvəl polislərin təhdidi ilə üzləşib. “3 il əvvəl polislərə haqq vermədiyim üçün məni şərləmişdilər. O vaxt hazırda bu işdə dövlət ittihamçısı olan Fuad Musayev İsmayıllıda prokuror işləyirdi. Mənə xəbər göndərib 3 min rüşvət istəmişdi. Son ana qədər o məndən bu pulu istədi. O pulu vermədiyim üçün məhkəmədə mənə 1 il cəza istədi. Sonradan hakim cəzanı 6 ay icbari işlə əvəz etdi”.
Dövlət ittihamçısı Fuad Musayev onun dediklərinə cavab verməyib.

“Məhkəmə müstəqil deyil, məhkəmə hakimiyyəti Əliyevlər hakimiyyətinin əlində bir dəyənək rolunu oynayır”. Bunu isə Müsavat başqanının müavini Tofiq Yaqublu deyib. TofiqYaqublu bildirib ki, hakimiyyət məhkəmələrin əli ilə öz opponentlərinə qarşı mübarizə aparır: “Bu məhkəmə prosesi ədalətsizdir, dövlət ittihamçıları isə qərəzlidir. Azərbaycan demokratiya ilə bağlı öhdəliklər götürsə də, həmin öhdəliklərə əməl etmir. İnsan haqları kütləvi şəkildə pozulur. İnsan haqlarının pozulmasında hakimlər, dövlət ittihamçıları fəal iştirak edir”.
Tofiq Yaqublu çıxış edərkən hakim Rəşid Hüseynov və prokuror Fuad Musayev dəfələrlə onun sözünü kəsərək müdaxilə ediblər. Bu isə mübahisələrə səbəb olub. Əsas mübahisə Tofiq Yaqublu müharibə illərində cəbhə bölgəsində göstərdiyi şücaətdən danışarkən baş verib. Hakim onun sözünü kəsərək israrla Tofiq Yaqubludan işin mahiyyətindən danışmağı tələb edib. Vəkil Nemət Kərimli hakimə etiraz edərək təqsirləndirilənin öz şəxsiyyətini xarakterizə etmək hüququnun olduğunu bildirib.
REAL hərəkatının sədri İlqar Məmmədov prokurorun və hakimin davranışlarından əsəbiləşib və üzünü onlara tutaraq xəbərdarlıq edib: “Siz hamınız cəzalandırılacaqsınız. Siz hamınız 10-15 il yatacaqsınız. Fuad Musayev, şəxsən sən 15 il yatacaqsan”.
Hakim növbəti dəfə Tofiq Yaqublunun sözünü kəsərkən o, deyib: “Mən 7 il yatacam. Bəlkə 2-3 il də siz hədiyyə edəcəksiniz. Məni 2-3 dəqiqə dinləməyə səbriniz çatmır? Sizə bir sual verim. Siz - hakim və prokuror - nə vaxtsa bu hakimiyyətin qəzəbinə tuş gəlsəniz, özünüzü müdafiə edə biləcəyinizə inanırsınızmı?”.

Məhkəmənin növbəti iclası martın 17-nə təyin olunub. Həmin gün təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənir./azadlıq/
1234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...