Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Bakı Metropoliteni qarşısında kütləvi aksiya Foto

Yeni rəisin qərarı metro ticarətçilərini ayağa qaldırdı; polis etirazçılara zor işlətdi; bir neçə nəfər saxlanıldı

Bakı Metropoliteninin stansiyalarının daxilində və piyada keçidlərində qurulan ticarət köşklərinin yığışdırılması barədə martın 11-də qərar verildi. Metropoliteninin yeni rəisi Zaur Hüseynovun bu şifahi qərarını elə ötən gün səhər saatlarında stansiya rəisləri dükan sahiblərinin diqqətinə çatdırıb. Satıcılar martın 31-nə qədər yer haqqını ödədiklərini desələr də, bunun heç bir faydası olmayıb. Elə bundan sonra ticarətçilərin bir qismi günorta saatlarında metropolitenin binası önünə toplaşdılar.

“İcarə pulu yığanlar da ortalıqda yoxdur”

Bundan xəbər tutan Yasamal Rayon Polis Idarəsi əməkdaşlarını sözügedən idarənin qarşısına göndərmişdi. Binanın qarşısına toplaşan satıcılar dedilər ki, hələlik iki stansiyada dükanı olanlar gəlib.
“Cibinizi doldurdunuz, indi bizi çıxardırsınız? Hansı varlı gedib metronun altında alver edər? Rəis müavini gəlib dedi ki, dükanlarınızı açmayın. Axşam saat 9-da dükanlar söküləcək. Bizə heç bir səbəb demirlər. Bir sözlə, təzə vəzifəyə gələn təmizləmə işi aparır. Bura bu qədər pul tökmüşük, gətirib ödəsinlər, banklara olan borcları versinlər”, - deyə satıcılar “Azadlıq”a bildirdilər. 
Etirazçılar metrostansiyalardakı dükanlarını başqa ticarət mərkəzlərində obyektlərlə əvəz edilməsinə qarşı deyillər. Ancaq şərtləri var. Bu da ondan ibarətdir ki, həmin ticarət mərkəzləri onlardan ən azı 2-3 ay yer haqqı almasın, üstəlik, metrostansiyalarda dükanların təmir adı altında onlardan yığılan 1300-1500 manat vəsait geri qaytarılsın.
“Nərimanov” metrostansiyasında olan satıcılardan biri “Qafqazinfo”ya bildirib ki, onlardan sabaha qədər yerlərini boşaltmaq tələb edilib: “Bunu bizə indi deyirlər. Bundan əvvəl də belə hadisələr olub. Amma o vaxt bir ay qabaqdan bizə xəbərdarlıq etmişdilər və növbəti ayın arenda pulunu da almamışdılar. Bu dəfə isə deyirlər ki, tez boşaldın. Biz kasıb adamlarıq, ailəmizi bununla dolandırırıq. Ödədiyimiz icarə pulunu da qaytarmırlar. Icarə pulu yığanlar da ortalıqda yoxdur. Mən metronun rəisi ilə görüşdüm. Mənə deyir ki, bizlik iş yoxdur. Yuxarıdan bizə nə deyiblərsə, onu da sizə deyirik. Onlara verilən məlumata görə, köşklər sabah axşama qədər qalmalıdır. Amma dəqiq bilmirlər. Rəis özü də pis oldu. Biz istəyirik ki, pulumuz qaytarılsın. Bundan əlavə, bu günlərdə yeni mal vurmuşuq. Nə qədər ziyana düşmüşük. Pulumuzu qaytarmasalar, aidiyyəti qurumlara müraciət edəcəyik”.
Satıcılar deyir ki, təkcə “Koroğlu” stansiyasında 200-ə yaxın ticarət köşkü var və 1000-dən çox insan evinə çörək aparır. 
Etirazçılar bu qədər vətəndaşın işsiz qalmasından narazıdırlar: “Bu qədər insanı niyə çörəksiz qoyurlar? Vaxtı-vaxtında yer pulunu ödəmişik, bunlara nə pisliyimiz dəyib ki? Tağı Əhmədovun vaxtında heç belə deyildi”.

“Belə hadisələri çox görmüşük, yerlərimizi satacaqlar”

Metronun “Nizami” stansiyasında ticarətlə məşğul olan Amil Məmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, onlara günün sonunadək vaxt verilib: “Ötən dəfə də belə olmuşdu. Köşkümüz söküldü, təzədən təmir edib yerinə qoyduq. Indi yenə söküləcək deyirlər, bəs biz ailəmizi necə dolandıraq”.
Digər satıcı Mehparə Həsənova isə yerlərin yenidən satılması üçün bu addımın atıldığına inanır: “Belə hadisələri çox görmüşük. Yerlərimizi satacaqlar, ya bizə, ya da bizdən çox pul verənlərə. Biz bu köşkləri öz vəsaitimiz hesabına düzəltmişik. Bu yerdən atasız uşaqlarıma çörək aparıram”.
“Elmlər Akademiyası” stansiyasında isə ciddi narazılıqlar baş verib. Satıcılar obyektlərinin sökülməsinə qarşı çaxacaqlarını bildiriblər. Orada metro polisləri ilə satıcılar arasında qalmaqal yaşanıb.
Metronun “Nərimanov”, “Gənclik” stansiyalarının keçidlərində də satıcılara xəbərdarlıq olunub. Satıcı Pəri Ağayeva isə deyir ki, köşkü söküləcəyi halda özünü elə metroda yandıracaq.
Digər satıcı Aliyə Babayeva da rəhbərliyi özünü yandıracağı, intihar edəcəyi ilə hədələyir.

Metropoliten rəhbərliyi “qərarımızı vermişik” deyir

Aksiya iştirakçılarının getdikcə çoxalmasından ehtiyatlanan polislər canlı sədd yaradaraq satıcıları Metropoliteninin binası qarşısından uzaqlaşdırmağa başladı. Bu zaman aksiya iştirakçıları ilə polis arasında qarşıdurma oldu. Polisin canlı səddini yararaq Zaur Hüseynovla görüşmək istəyən etirazçılardan üçü saxlanıldı. 
Metropoliten rəhbərliyi satıcıların öz aralarında seçdiyi nümayəndələri qəbul etdikdən sonra ara bir qədər sakitləşdi. Daha sonra məlumat yayıldı ki, Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilir. Zaur Hüseynovla görüşən etirazçıların sözlərinə görə, onlara bir həftə vaxt verilib. Yəni qarşıdakı bir həftə ərzində metro stansiyaları daxilində və piyada keçidlərində onlar ticarətlə məşğul ola bilər, yekun qərar isə bir həftənin sonunda açıqlanacaq. 
Zaur Hüseynov mediaforum.az-a açıqlamasında isə bildirib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.
Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı?” sualına “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin” cavabını verib.

Ticarət bərpa olunacaq?

Axar.az-ın yazdığına görə, söküləcək obyektlərin əksəriyyəti keçmiş rəis Tağı Əhmədovun qohumlarına məxsusdur. Saytın yazdığına görə, metro keçidlərində çalışan ticarətçi qohumlar bu günəcən işlətdikləri obyektlərin müqabilində dövlətə vergi ödəməyiblər.
“Məhz bu səbəbdən yeni rəhbərlik bütün obyektlərin sökülməsinə qərar verib. Rəhbərlik ticarət obyektlərinin işlədilməsi ilə bağlı yeni qiymət müəyyənləşdirdikdən sonra Metropolitendə ticarət bərpa olunacaq. Bundan başqa, yeni rəhbərliyin Metropoliten idarəsində Tağı Əhmədovun kadrlarını vurduğu da bildirilib. Hələ T.Əhmədov vəzifəsindən uzaqlaşdırılandan 1 gün əvvəl onun yaxın adamı hesab olunan baş mühəndis Fuad Tağızadə işdən çıxarılıb”, - deyə sayt yazıb.
Ancaq etiraz edən əksər köşk sahibləri Tağı Əhmədovla heç bir qohumluq əlaqələrinin olmadığını bildiriblər.

 

 

 

 

/azadlıq/

1339 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat