Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Mülkünü AXCP-yə qərargah üçün verən şəxs YAP-çı imiş

Mülkünü AXCP-yə qərargah üçün verən şəxs YAP-çı imiş
Azər Əsgərov mülkünün sökülməsindən sonra Türkiyə prezidentinə müraciət edib
AXCP-nin qərargah üçün icarəyə götürdüyü və martın 3-də partlayış baş verdikdən bir gün sonra sökülən mülkün sahibi Azər Əsgərov “Azadlıq” radiosuna müsahibə verib. Vaxtilə YAP üzvü olduğunu söyləyən Azər Əsgərov vətənindəki 1997-ci ildən bəri oturma izni ilə Türkiyədə yaşayır. Onun xanımı və uşaqları Türkiyə vətəndaşlarıdır. Xanımı da öncə partlayan, sonra sökülən mülkün ortağı olduğundan mülkiyyətinin taleyi ilə bağlı Türkiyə prezidenti Abdullah Gülə müraciət edib və cavab alıb ki, Türkiyə XİN-i bu məsələni araşdıracaq.

Müsahibəsində Azər Əsgərov deyib ki, həmin binada əvvəllər hər hansı ciddi dağıntıya yol açan elektrik qapanması və ya qaz sızması baş verməyib: “Binanın aşağısı başqa adamındır. Zirzəmidə ev dəllalı və bərbər fəaliyyət göstərirdi. Onlar da heç vaxt qazdan istifadə etmədiklərini deyirlər. Bəlkə də qaz balonlarını sonradan gətirib atıblar ora, yaxud əvvəldən partlayıcını balonların içərisinə yerləşdirib qoyublar ora. Açarı ya oranın sahibindən, ya da orada işləyənlərdən alıblar, işlərini görüblər.

Ancaq düzgün hesablamayıblar. Ora qoyduqları partlayıcının gücü zəif olub. Çünki onlar elə bilirdi tavan yalnız taxtadan ibarətdir. Onlar bilmirdi ki, taxtanın üstündən mən qalın beton vermişəm. Taxta konstruksiya dağılmışdı, ancaq mənim yerimə xəsarət dəyməmişdi. Tutaq ki, mənim yerim qəzalı vəziyyətə düşüb, mülkümü niyə mənsiz sökməlidirlər? Mən partlayış olduğunu eşidib Bakıya gəlirdim. Onda yetişdim ki, qarışqa kimi tökülüb binanı sökürlər. Mən telefonla icra hakimiyyəti nümayəndəsi ilə danışdım ki, sökməsinlər, gəlirəm. Çünki içəridə təhvil alacağım avadanlıq qalmışdı. Hamısını çıxarıb aparıblar. Görəndə ki sökürlər, qarışmadım.

Məni provokasiyaya çəkib həbs edə bilərdilər. Yaxud da istəyərdilər ki, ikimərtəbəli mülkümün sökülməsini gözlərimlə görüm, ürəyim partlasın. Mənim imzam olmadan, sökülmə haqqında sərəncamın surətini mənə göstərmədən söküblər. Mən o pulları dişimlə, dırnağımla qazanmışam”.

A.Əsgərov sökülən mülkə görə ona heç bir kompensasiya verilmədiyini də bildirib: “Heç bir kompensasiya təklif etməyiblər. Fövqəladə Hallar Nazirliyinin sənədində göstərilir ki, mənim mülkümün sahəsi 340 kvadratmetrdir. «Sovetski»də sökülən evlər kimi kvadratmetrini 1500 manatdan hesablasaq, üstünə də içəridəki əşyaların dəyərini gəlsək, 1 milyon manatdan çox edər. Mənim həyat yoldaşım mənim mülkümə ortaqdır.

İndi o bir neçə yerə, həmçinin Türkiyə prezidenti Abdullah Gülə və Azərbaycandakı səfirliyə şikayətlər edib ki, mülkün partladılması və sonradan dağıdılması araşdırılsın. Abdullah Güldən cavab gəlib ki, bu məsələni Türkiyənin XİN-i araşdıracaq. Burada mən 100 faiz haqlıyam. Bunlar hər şey edə bilərlər. Məni də, ailəmi də öldürə bilərlər. Bütün dünyada mülkiyyət toxunulmazdır. Mənim mülkümü dağıdıb, içərisini də talan ediblər. Mən cəbhəçi deyiləm ki. Mən azad düşüncəli bir insanam və öz əqidəm var”./azadlıq/
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP