Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Metroda alver edənlərə divan tutuldu Foto/ Video

Ticarətçilərin aksiyası dağıdılsa da, onlar təslim olmayıb; növbəti aksiya gözlənilir

Metroda alver imkanı məhdudlaşdırılan iki yüzdən artıq adam dünən səhər saatlarından başlayaraq “Elmlər Akademiyası” metrostansiyası önündə aksiya keçirdilər. Onlar əvvəlcə metropoliten rəhbərliyi ilə görüşdə oldular. Ordan isə ümidverici heç nə eşidilmədi. Görüşdə iştirak edənlərə bildirilib ki, martın 27-nə qədər onların obyektlərinə toxunulmayacaq, ancaq ondan sonra obyektlərin tam əksəriyyəti söküləcək, yalnız suvenir satan köşklər saxlanılacaq. Bundan sonra isə gərginlik yüksəldi.

Əliyevdən imtina

Etirazçıların ilkin anlar əllərində ata və oğul əliyevlərin portreti vardısa, uğursuz danışıqlardan sonra onlar yox oldu. Portretlər harasa atıldı. Aksiya iştirakçıları dörd bir yandan mülki və uniformalı polislərlə əhatələnmişdi.

Tağı Əhmədovun qohumuna qarşı ittihamlar

Əraziyə Çevik Polis Alayının rəis müavini general Səhlab Bağırov da cəlb olunmuşdu. Polislər müxtəlif vasitələrlə etirazçıları qovub ərazini təmizləmək istəyirdilər. Onların işini həmin vaxt universitetlərə gedib-gələn tələbələr çətinləşdirdiyindən aksiyaçılar da jurnalistlər olan yerlərdə rahatlıqla tələblərini səsləndirə bilirdilər.
Onların günahkar kimi çəkdiyi yeni adlardan biri Tağı Əhmədovun “Qara Qarayev” stansiyasında rəis müavini işləyən qohumu Şövqi oldu. Etirazçılar deyir ki, məhz o, ticarətçilərdən külli miqdarda pul yığıb, indi də ortalıqda görünmür.

Yollar bağlandı

Təxminən bir saat çəkən əsəb davası sonra fiziki zorakılığa keçdi. Polislər aksiya iştirakçılarını əvvəlcə prospektə qovdular. Bu vaxt neçə dəfə qəza vəziyyəti yarandı, iki aksiyaçı az qala avtomobilin altına yıxılacaqdı. Qarışıqlıq nəqliyyatın hərəkətinin dayanmasına səbəb oldu.

Dükanlara hücum

Polislər prospektdə “döyüşdüyü zaman” BDU-ya qalxan yolun üzərindəkilər aktivləşdilər. Onlar fit verir, əl çalırdılar. Həmin yerə də anında həmlə oldu. Etirazçılardan bəzisi yaxınlıqdakı dükanlara doluşdular. Polislərin onların ardınıca mağazalara girməsi aləmi lap qarışdırdı. Bu basabasda aksiyaya dəxli olmayan adamlar da polisin söyüş və təpiyini dadmış oldu. Bir nəfər aptekə girən təsadüfi şəxsin ürəyi getdi.

Həbslər var

Polislər etirazçıları sakitləşdirə bilməyəndə zorakılıq pikə qalxdı. Həbslərə start verildi. Aksiyaçılar boğazlanaraq maşınlara dolduruldular. Verilən məlumata görə, saxlanılanlar Yasamal rayon 28-ci polis bölməsinə aparılıb.

Növbəti aksiya vədi

“Azadlıq”a danışan ticarətçilər verilən qərarla barışmayacaqlarını bildiriblər. Bazar ertəsi - martın 17-si saat 10:00 üçün Metropoliten Idarəsinin qarşısına növbəti aksiya təyin edilib. Aksiyaya metronun bütün stansiyalarındakı ticarətlə məşğul olanların çıxacağı elan olunub.

“Metroda satışa qadağa qoyulsa 10 mindən çox insan çörəksiz qalacaq”

“Niyə bizə zülm edirlər? Nə günahımız var? Metroda işləyib evimizə bir tikə çörək aparırıq. Belə olmaz axı. Heç kim kefindən gəlib alver etmir. Yer altında hansı milyoner mal satar? Pulumuz yoxdur ki gəlib burada işləyirik də. Hər gün bir qanun çıxardırlar. Bu gün biri gəlib istədiyini deyir, sabah başqa birisi öz arzusuyla hərəkət edir. Bəs camaatın gününə kim ağlayacaq”. 
Bu sözləri “Azadlıq”a metronun “Azadlıq Prospekti” stansiyasında ticarətlə məşğul olan satıcılardan biri deyir. Onun sözlərinə görə, bir həftədən sonra onlara verilən müddət bitir. Bundan sonra nə edəcəklərini bilmirlər.

Lalə Həmidova adlı satıcının sözlərinə görə, metrostansiyaların daxilində və piyada keçidlərində quraşdırılan dükanlarda 2 minə yaxın insan ticarətlə məşğuldur: “Hər bir kəs burada qazandığı pulla ailəsində 4-5 nəfəri dolandırır. Metroda satışa qadağa qoyulsa, 10 mindən çox insan çörəksiz qalacaq. Bu qədər insanı kim işlə təmin edəcək? Heç olmasa camaata yer versinlər”.
“Inşaatçılar”da çalışan başqa bir satıcı isə aya 600 manat yer haqqı ödədiyini deyir: “Mart ayının da pulunu vermişik. Indi isə deyirlər ki, çıxın. Hara gedək? Pulu alırlar və deyirlər: ”sizə yaxşı yol". Belə şey dünyanın heç yerində yoxdur. Təmir adı altında camaatdan pul yığdılar. Bunu da vermirlər. Bizim pulumuzu qaytarsınlar və başqa bir ticarət mərkəzində yerlə təmin etsinlər, gedib işləyək".

“İnsanlar artıq bezib, bu qədər haqsızlıq olmaz”

Satıcılar bizimlə söhbətdə dedilər ki, onlara alternativ kimi yer “28 May”dakı keçidi göstəriblər. Bu isə satıcıları qane etmir. Onların fikrincə, sözügedən ünvanda yer haqları bahadır.
“Orada yer haqqı 1500-2000 manatadır. Bizim o qədər pulumuz hardandır. Borca pul tapıb yeri ”arendaya" götürsək də, qazanc əldə edə bilməyəcəyik. Camaat ora getmir, alver zəifdir. Pulumuz olsaydı elə “Binə”, “Sədərək”də yer götürərdik. Bu, bizə sərf etmir. Buradakı camaatın çoxunun dövriyyəsi 2-3 min manatdır. “28 May”da da yer haqqı bu qədərdir. Bununla nəsə etmək olar? Camaatın dərdinə yanmaq lazımdır, insanları buradan çıxarmaqla zülm etməsinlər. Bir gün dəhşətli sosial partlayış olacaq. Insanlar artıq bezib. Bu qədər haqsızlıq olmaz",- deyə satıcılar etiraz edirlər.

“20 Yanvar”da uşaq paltarı satan Malik isə banka 10 min manatdan çox borcu olduğunu söyləyir: “Banka hər ay 900 manat kredit ödəyirəm. Bu pulu hardan tapıb ödəyəcəm? Evimdə xəstə, iki körpə uşağım var. Ailəmə çörək aparmayım? Öz haqqımı sona qədər tələb edəcəyəm”.
Metronun “Koroğlu” stansiyasında işləyən başqa bir satıcı isə deyir ki, 10 ildən çoxdur həmin ünvanda ticarətlə məşğuldur. Ali təhsili olmayan bu satıcı qeyd edir ki, iş tapa bilmədiyi üçün alver etməyə məcburdur: “Bizim son ümid yerimizi niyə əlimizdən alırlar? Birtəhər ailəmizi dolandırırıq da. Indi deyirlər ki, çıxın burdan, qanunsuzdur. Qanunsuz idisə, bu 10 ildə niyə sökülmürdü? Indi qanunsuz oldu. Adamları bu qədər incitmək olmaz”.

Natiq/azadlıq

1315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber