Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“Binə” ticarətçiləri aksiyaya hazırlaşır

Ticarət mərkəzinin qarşısında yeni mağazaların tikilməsi etiraz doğurub; satıcılar bazar rəhbərliyinin zülmündən beziblər
Bakının Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin satıcıları növbəti günlərdə aksiya keçirməyə hazırlaşır. Satıcıların “Yeni Müsavat”a verdikləri məlumata görə, etiraz aksiyası keçirməkdə məqsədləri ticarət mərkəzinin qarşısında yeni mağazaların tikilməsidir. Onların sözlərinə görə, yeni tikilən mağazalarla bağlı bir neçə korpusdan ibarət olan ticarət mərkəzinə gediş-gəliş yolu bağlanıb. Elə bu səbəbdən də ticarət mərkəzinin daxilindəki mağazalarda alver ölüb.

Ticarət mərkəzində çalışanlar bildirirlər ki, bir müddət əvvəl avtomobil dayanacağı üçün nəzərdə tutulmuş yerlər də ayrı-ayı sahibkarlara satılıb. Satıcı Çinarə Əliyevanın sözlərinə görə, yeni tikilən obyektlər mağazalarının qarşısını tutduğundan mal gətirən maşınları belə qəbul edə bilmirlər: “Mən malımı götürmək üçün kargo şirkətinə getməli oluram. Bu da əlavə pul və vaxt itkisi deməkdir. Çünki hər dəfə mala gedəndə mağazanı bağlayıram. Amma əvvəl belə deyildi. Yeni ticarət obyektləri tikilməmişdi və kargo şirkətinə məxsus yük maşınları malı bizə elə mağazamızın qarşısında təhvil verirdilər”.

Satıcının sözlərinə görə, bir neçə dəfə yığışıb bazar rəhbərliyi ilə görüşüblər: “Bizi bazarın sahibi Kəbirə Məmmədova qəbul elədi. Əmin etdi ki, tikilən yeni mağazaların ticarət mərkəzindəki mağazalara heç bir təsiri olmayacaq. O bildirdi ki, həmin mağazalar yarısı idman və tikinti malları satan firmalara icarəyə verilib. Qalan obyektləri isə restoranlar alıb”.

“Bazar boşalır”

Bir başqa satıcı Seymur Maqsudovun sözlərinə görə isə yeni ticarət obyektlərinin açılması ilə bazar rəhbərliyi yer pullarını qaldıracağının anonsunu verir: “Bu ilin yanvarında yer pullarını qaldıracaqdılar. Etiraz etdik, saxladı. Dünən bazar rəhbərliyi mağazaları gəzirdi. Hər ”sezon"un əvvəli alver yaxşı olur. Alverin yaxşı getdiyini görən bazar rəhbərliyi 1-2 günə qiymətləri qaldıracaq. Biz bu kimi hallarla çox üzləşmişik".

Satıcının sözlərinə görə, son bir ayda ticarət mərkəzində 50-yə yaxın mağaza bağlanıb: “Camaat neyləsin? Beziblər. İki gündən bir bazarı yandırırlar. Sakitlik olanda da yer pullarını qaldırırlar. Ayda 800 manat icarəyə, 50 manat işığa, 30 manat daxili xidmətə pul veririk. Bir sözlə, biz qazanırıq, bunlar yeyir. 7-ci korpusdan sonra mağazaların çoxu bağlanıb. Satıcılar mallarını satdırmaq üçün qonşu mağazalara veriblər. Bu bazar açılanda bizə demişdilər ki, bazarda səliqə-sahman olacaq. İndi gedin baxın, aləm dəyib bir-birinə. Gözləri də doymur. Harada boş 1 santimetr yer görsələr satırlar”.

Ticarət mərkəzində olarkən öyrəndik ki, bir neçə gündür Dövlət Yol Polisi ilə Nəqliyyat Nazirliyinin yük maşınlarına qarşı keçirdiyi reydlər “Binə”dəki alverçiləri ziyana salıb. Satıcıların sözlərinə görə, buna səbəb karqo şirkətlərinə aid yük maşınlarının postlarda saxlanmasıdır. Satıcılar bildirirlər ki, martın 11-də bu vəziyyətə etiraz etmək üçün aksiya keçiriblər:

“Qaradağ Rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında, yük avtomobillərinin çəkisini yoxlamaq üçün quraşdırılan tərəzinin yanından başlayan növbə bir neçə kilometrə qədər uzanırdı. Yol polisi bizə dedi ki, ağır tonnajlı maşınların normadan artıq yüklənməsi səbəbindən yeni çəkilən yollar dağılır. Geyimlə yüklənmiş maşının nə ağırlığı ola bilər axı?”
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber