Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

45 ilin müəllimi prezidentdən kömək istəyir

Oğlum günahkar olsaydı, bu gün mən mətbuata müraciət etməkdən utanardım”
“Onlar çox gözəl başa düşürdülər ki, Gülxara haqlıdır və iş materiallarından da görünürdü ki, oğlumun təqsirini sübut edən heç bir dəlil yoxdur” – bu sözləri redaksiyamıza yolladığı məktubda Yardımlının Astanlı kənd sakini Təyyar Ağayev yazıb. Prezidentə, onun xanımına, baş prokurora, daxili işlər və milli təhlükəsizlik nazirlərinə, ombudsmana və digər qurumların rəhbərlərinə ünvanlanan açıq məktubda müəllif yazır ki, ömrünün 45 ilini gənc nəsilin təlim-tərbiyəsinə həsr edib: “Həyatımı tam olaraq zəhərləyiblər və əmin deyiləm ki, bundan sonra da tərbiyəsi ilə məşğul olacağım azyaşlı məktəblilərə haqq və ədalətdən danışmağa söz tapacağam!”
Məktub müəllifi yazır ki, oğlu Aftandil Ağayev şər və böhtan nəticəsində həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib: “Oğlumun 3 azyaşlı uşağı bu gün atasız qalıb. Əgər oğlum cinayət törədərək, azadlıqdan məhrum edilsəydi, nəinki bu məni bir ata kimi bu qədər yandırmazdı, hətta bir pedaqoq kimi bu gün mən ali cənabınıza və mətbuata müraciət etməkdən utanardım”.
T.Ağayev yazır ki, oğluna elan edilmiş ittihamda onun avtomaşınından 1.042,6 qram narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü qeyd edilib: “İş materiallarından görünür ki, oğlum yaxalandığı Cəlilabad bazarına çatana kimi 15-dən yuxarı kəndi keçib gəlib və bu zaman avtomaşınında müxtəlif şəxslər, yük yerində həmin şəxslərin yükü olub, o şəxslərdən bəziləri yolda düşüb, bəziləri isə yolda avtomaşına miniblər. Cəlilabad bazarının içərisində də avtomaşının arxası açıq vəziyyətdə olub. Bu zaman istənilən şəxs avtomaşının yük yerinə istənilən əşyanı maneəsiz qoya bilərdi. Cinayət işinin materiallarından görünür ki, həmin anda avtomaşının yanında mülki formalı polis əməkdaşı da olub və hətta oğlumla söhbət də edib, kisədə bazara satmağa gətirdiyi şüyüd toxumlarının kimə məxsus olmasını və qiymətini də soruşublar. Oğlum da ona cavab verərək kisəni götürüb, avtomaşının yük yerini açıq qoyub bazarın içərisinə kisə sahibi Gülxaranın yanına aparıb. Bu halı heç cür inkar etmək mümkün deyil və hətta ittiham tərəfi də bununla razılaşır! Daha sonra oğlum avtomaşının yanına qayıdıb yük yerini bağlayaraq bazardan çıxanda onu polis saxlayıb və avtomaşınına baxış keçirərkən, oradan avtomaşında olmuş hər bir sərnişinin qoya biləcəyi yerdən heroini çıxarıb. Avtomaşının yük yerində heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaqçı Gülxaradan heroini avtomaşına qoyub-qoymamasını soruşduqda, heç bir təhsili olmayan bu evdar qadın ifadəsində müsətntiqə bildirib ki, “nəyə görə mən, məndən başqa maşında neçə nəfər şəxs olub?!. Bəlkə heroini avtomaşına onlar qoyublar?!”. Məntiqsiz istintaqçı heç nə fikirləşmədən Gülxaranın, sonradan müstəntiqin oğlum Aftandilin barəsində qəbul edəcəyi qərara zidd olan bu fikrini də dindirmə protokoluna yazıb”.
Qocaman pedaqoq yazır ki, oğlunun üzərində ədalətli, açıq məhkəmə qurulmasını istəyir: “Əgər oğlumun günahı sübuta yetərsə, qoy ona heç bir güzəştsiz ən ağır cəza təyin edilsin! Yox, əgər oğlumun günahı sübuta yetməzsə, qoy ona bəraət verilsin və bu işin əsl təşkilatçıları müəyyən edilərək, qanun qarşısında cavab versinlər!”/musavat/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25