Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Elşad Abdullayev sükutu pozdu və hücuma keçdi

“İndiyədək Gülər Əhmədovanın həbs olunmasını istəmirdim, amma indi...” Sabiq rektor “sabiq deputatın həyatı üçün ən təhlükəsiz yer istintaq təcridxanasıdır” deyir
ABU-nun sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayevdən çoxdandır ki, səs-səmir yox idi. Sabiq rektor nə hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova barədə, nə də qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı hər hansı açıqlama vermirdi.

Amma dünən E.Abdullayev “Yeni Müsavat” qəzetinin redaksiyasına yeni müraciət yollayıb. Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanan müraciətdə E.Abdullayev hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovadan bəhs edib.

E.Abdullayev bildirib ki, G.Əhmədovanın ittiham olunduğu maddələr üzrə həbs cəzası qanunvericilikdə 7 ildən 12 ilə kimi nəzərdə tutulsa da, ona qarşı humanist davranılıb: “Gülər Əhmədovaya qarşı bu cür «humanistliyin» nəyə söykənməsini mən gözəl başa düşürəm. Bu, onun himayədarlarının güclü olması və prokurorluğun onların qarşısındakı acizliyinin nəticəsidir. Çox uzağa getmək lazım deyil. Elə bu yaxınlarda səs-küylü istintaqla bağlı məsələdə prokurorluğun tutduğu «prinsipial» mövqe göstərdi ki, göstəriş olanda humanistlik yaddan çıxır. Ağına-bozuna, başlıcası isə qanunlara baxmadan kimi desələr həbs edə bilərlər. Hesab edirəm ki, məhz prokurorluğun lhumanistliyndən» ruhlanan Gülər Əhmədova qol-qanad açıb mənim üstümə şığıyır, hətta məni təhqir edir”.

E.Abdullayev müraciətində R.Rzayevə onunla bir yerdə oxumasını və hüquqşünas olmasını xatırladıb: “Mən Gülər Əhmədovadan fərqli olaraq onun indiki statusunu, yəni iş üzrə təqsirləndirilən şəxs olmasının nə demək olduğunu gözəl başa düşürəm. Ona da məsləhət görərdim ki, boş-boş şər və böhtan dolu danışmaqdansa, özünə ağıllı vəkillər tutub onlardan bu barədə məsləhət alsın. Azərbaycan Respublikası CPM-in 91-ci maddəsinə əsasən, müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.

Həmin məcəllənin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Bu o deməkdir ki, prokurorluqda, məhkəmə oqanlarında Gülər Əhmədovaya ittiham elan etmək üçün kifayət qədər sübut var və bu təkcə mənim göndərdiyim video deyil. Eyni zamanda bu o deməkdir ki, prokurorluq Gülər Əhmədovanın dələduzluq yolu ilə mənə məxsus olan pulu ələ keçirməyini sübut etmişdir. Belə olan təqdirdə prokurorluq bu işdə məni zərərçəkmiş şəxs kimi tanımalıdır. Lakin mən bu barədə şəxsən Sizə yazılı müraciət etməyimə baxmayaraq, indiyə kimi zərərçəkmiş şəxs kimi tanınmamışam. Bu da mənim hüquqlarımın kobud pozuntusudur. Mən hüquqi cəhətdən tanınmasam da, faktiki olaraq bu işdə zərərçəkmiş şəxs kimi indiyədək Gülər Əhmədovanın həbs olunmasını istəmirdim. Çünki başa düşürəm ki, o bu işdə əsas fiqur deyil, o da kiminsə əlində alət olmuşdur. Lakin indi zərərçəkmiş şəxs kimi onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq obyektiv və düzğün məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirəm”.

Sabiq rektor G.Əhmədova ilə bağlı fikrinin dəyişməsinə bir neçə səbəb olduğunu dedi. Onun sözlərinə görə, səbəblərdən biri G.Əhmədovanın da Sevinc Babayeva kimi aradan götürülməsinin qarşısını almaqdır: “Çünki bu gün Gülər Əhmədovanın həyatı üçün ən təhlükəsiz yer istintaq təcridxanasıdır. Digər səbəblər isə onun mənə vurduğu maddi ziyanı indiyə kimi ödəməməsi, yəni pulumu qaytarmaması, istintaqda səmimi olmaması, yalan ifadələr verməsi, istintaqdan yayınmağa cəhd etməsi və nəhayət, barəmdə səsləndirdiyi təhqiramiz ifadələrdir. Ərizəmin məhkəmə orqanlarında qanuni həllini tapacağına ümid edərək, hələ ki cənab prezidentə müraciət etmirəm. Yuxarıda yazdıqlarıma əsasən sizdən xahiş edirəm ki, işi üzrə mənim zərərçəkmiş şəxs kimi tanınmağım, bu cinayət işi üzrə istintaqın obyektiv və müstəqil hakimlərə tapşırılması və Gülər Əhmədova barəsində obyektiv və qərəzsiz məhkəmə məsuliyyəti tədbiri seçilməsinə köməklik edəsiniz”.

Deputat mandatına görə ondan 2 milyon dolların necə alınmasını növbəti dəfə təfərrüatı ilə yazan E.Abdullayev sonda Ali Məhkəmə sədrindən zərərçəkmiş şəxs kimi tanınması barədə vəsatətini qanuna müvafiq qaydada həll etməsini tələb edib./musavat/
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber