Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Əyyami-Fatimə (s.ə) - Ümmətin Anasının itkisini anmaq günləri

Bismilləhir-Rahmənir-Rahim!



Bu il elimizin mübarək Novruz bayramı günləri, İmamlar (ə) anası Həzrət Fatiməyi-Zəhranın (s.ə) şəhadəti günləri ilə kəsişir. Bu baxımdan, əziz millətimiz, əziz iman əhli diqqət etməlidir ki, bayramla yanaşı, əziz Həzrət Fatimənin (s.ə) əyyamını da unutmayaq. Bu Əyyamı - “Fatimə (s.ə) günləri”ni yaşadaq, Əyyamın ehtiramını saxlayaq.

Niyə Əyyam?

Həmd olsun Uca Allaha ki, digər Əhli-beyt (ə) sevər toplumlarda olduğu kimi, bizim məmləkətdə də artıq neçə illərdir Əyyami-Fatimə (s.ə) yaşadılır. Sovet dövründə unutdurulan, unutdurulmağa cəhd edilən bir fenomen - “Fatimə (s.ə) günləri” bərpa olunmaqdadır. Ümumiyyətlə, xalqımızın, toplumumuzun bu sahədə bilgiləndirilməsinə çox böyük ehtiyac var. Əyyamın yaşadılmasına dair məclislər, əzadarlıqların təşkili - fövqəladə dərəcədə mühümdür. Artıq çoxumuz belə mərasimlərdə iştirak etmişik, bu mövzular barədə eşitmişik, xəbərimiz olub. Ümid edirik ki, bu Əyyamı yaşatmaq xalqımız üçün ildən-ilə xüsusi bir önəm daşıyacaq. Çünki bizim xalqımız sıradan bir xalq deyil. Bu xalq - övladlarına, balalarına Əhli-beyt (ə) adlarını qoyan xalqdır. Xüsusilə öz sevimli qız övladlarına Fatimə adını, Zəhra, Siddiqə, Bətul, Tahirə adlarını qoyurlar. Belə bir xalq sadəcə olaraq bu Əyyamla, bu Əyyamın mahiyyəti ilə hələ tam tanış deyil. Əgər bu tanışlıq olarsa, artıq bu Əyyamı, bu mübarək xatirəni daha keyfiyyətli yaşadacaq.
“Əyyami-Fatimə (s.ə)” - “Fatimə (s.ə) günləri” deməkdir. Bu dönəm, təqribən 20 günü əhatə edir. Hicri-qəməri təqvimi ilə cəmadüəl-əvvəl ayının 13-dən cəmadüəs-sani ayının 3-dək davam edir. Bu zaman fasiləsinin mövcudluğu - Həzrət Fatimənin (s.ə) məzlumiyyətinin ən bariz nümunələrindəndir. Belə ki, Xanımın (s.ə) şəhadəti tarixinin 2 ehtimalı olması ilə əlaqədardır. Görün ümmət nə halda idi ki, Peyğəmbərin (s) gözünün işığının, İmamlar (ə) anasının müsibətli vəfatı ilə bağlı dəqiq tarixi saxlamayıb, yaşatmayıb. Nəticədə ümmət 2 tarixə istinad edir.

Bu səbəbdən də 2 tarix arasındakı günlər “Fatimə (s.ə) günləri” kimi qeyd edilir. Bu 20 gündə ümmət qəflətdən ayılmalı, gündəlik qaçaqaçlarını durdurmalı, özünə qayıtmalı, öz vücudi sualları barədə, haradan gəldiyi, harada olduğu, haraya gedəcəyi barədə qayğılanmalıdır. Bəlkə də Əyyamın 20 gün çəkməsinin hikmətlərindən biri də məhz bununla bağlıdır ki, insanın təfəkkürü, özünəqayıdışı üçün məhərrəm-səfər dönəmindən, Ramazan ayından əlavə, daha bir zaman fasiləsinin mövcudluğunun zərurəti vardır. Elə isə bu Əyyamı layiqincə keçirək, əziz anamız Həzrət Zəhranın (s.ə) müsibətini anaraq, daxilimizdə olan mənfiliklərdən can qurtarmağa çalışaq.

Peyğəmbərimizin (s) narahatlığı

Əziz İslam Peyğəmbərinin (s) dünyaya vida demə tarixi səhnələrini hər kəs yaxşı bilir. Səfər ayının 28-də əziz Peyğəmbərimiz (s) öz missiyasını, risalətini, sonuncu Peyğəmbər (s) kimi üzərinə düşən ilahi məsuliyyətini yerinə yetirir və dünyaya vida edir. O Peyğəmbərdir (s) ki, Məkkədə bütün cahiliyyətin, xurafatların içərisində insanlıq, dirilik, oyanış, tövhid, təkallahlıq, ali əxlaqlar və bütün bu kimi məsələləri bəşəriyyət üçün Rəbbi tərəfindən sonuncu peyğəmbər (s) olaraq, Xətəmül-ənbiya olaraq təqdim və təbliğ edir. Sonra Mədinə dövrünü yaşayır. Ən qısa dönəmdə insanlar bu mübarək mənəviyyat ocağına toplanırlar. Bu gün 1 milyard 500 milyon nəfərə çatan müsəlman ümməti, besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyasının) başlanğıcında yalnız 3 mübarək şəxsiyyətdən: Rəsulallahın (s) özündən, İmam Əlidən (ə) və Həzrət Xədicədən (s.ə) ibarət idisə, sonradan onlarla, yüzlərlə sayılmağa başladısa, Mədinə dövründə artıq minlərə, onminlərə, yüzminlərə çevrildi. Və İsalmın dünyaya yayılması məhz Mədinədən başladı.
Bir gün o kədərli gün yetişir, əziz Rəsili-Əkrəm (s) dünyaya vida etməli olur. Dünyaya vida edərkən Peyğəmbəri-Əkrəmin (s) ciddi narahatçılığı olur. Onun vəfatından sonra onun gətirdiyi sonuncu İlahi mesaj, sonuncu məktəb, bəşəriyyət üçün Qiyamətədək sonuncu olacaq İlahi təlim təhlükə qarşısında olur. İnsanlar əməli olaraq bu mübarək təlimi yaşadacaqlarmı? Belə bir narahatlıqla Peyğəmbər (s) dünyadan köçür.

Əziz Peyğəmbərin (s) vəfatından sonra ilk qəlizliklər, ilk mürəkkəbliklər meydana çıxır. Belə demək olarsa, Peyğəmbərin (s) gətirdiyi İlahi yaşayış tərzini öz mahiyyətindən kənarlaşdırmaq cəhdləri başlayır. Hər şey Allahın razılığı üçün deyil, insanın yaşayışının yanında olacaq bir din fenomeninin də ortaya çıxması təhlükəsi yaranır. Yəni insanın bütün həyatı İslamın daxilində deyil, insanın həyatının yanında paralel olacaq bir İslam dini düzəltmək cəhdləri meydana çıxır. Bunu öncədən görən Rəsulallah (s), ümmətə dəfələrlə xəbərdarlıq edir, vəsiyyətlərini çatdırır. Həzrət Əli ibn Əbutalibin (ə) vilayətindən, rəhbərliyindən yapışmağın zəruriliyini və vacibliyini dönə-dönə vurğulayır.

Vilayət institutunun müdafiəçisi

Xanım Fatimeyi Zəhra (s.ə) kimdir? Peyğəmbərin (s) vəfatından sonra ilk günlərdən etibarən İlahi imamətin və vilayətin müdafiəçisi, ardıcılı, öz rəftarı, əməli, bütöv həyatı ilə insanlara nümunə olan bir şəxsiyyətdir. O dönəmdə bütün gözlər Peyğəmbərin (s) evində idi. Xanım (s.ə) tam mənada İslamın imamət, vilayət anlayışını müdafiə edir. Üzərində olan məsuliyyətin son damlasına qədər öz vəzifəsini daşıyır. Ora qədər bu vəzifəni daşıyır ki, Əmirəlmömininin (ə) icazəsi və məsləhət bildiyi nöqtələr var idi. Həzrət Zəhra (s.ə) - bütövlükdə İlahi vilayət institutunun mübarək müdafiəçisi kimi çıxış edir.

Bu, müsəlman toplumu üçün bir müsibətdir ki, Anasının (s.ə) şəhadətini 2 tarixdə qeyd edir. Bəzi mənbələrə görə, Peyğəmbərin (s) vəfatından yetmiş beş gün sonra, bəzi mənbələrə görə doxsan beş gün sonra Xanım (s.ə) şəhadətə çatır. Bu, söz olaraq rahat deyilir, sətirlər olaraq rahat ifadə olunur. Peyğəmbərin (s) əziz qızı, dünya və axirət xanımlarının seyyidəsi olan bir şəxsin, şəninə Quran ayələri nazil olan bir şəxsin, sevilməsi Allah tərəfindən vacib buyurulan bir şəxsin, razılığı Allahın razılığı olan, qəzəbi Allahın qəzəbi ola bilən şəxsin şəhadətindən gedir söhbət. Bu şəhadətin 2 tarixdə qeyd edilməsi asan səslənsə də, bu məsələnin dərki fövqəladə dərəcədə çətindir. Əziz Peyğəmbərin (s) onlar üçün gəldiyi bir toplumun halı və vəziyyətə nə yerə çatır ki, Xanım (s.ə) Peyğəmbərdən (s) sonra bir rəvayətə görə yetmiş beş gün, digər rəvayətə görə isə doxsan beş gün yaşayır. Hər bir səmimi müsəlmanın həyatında Xanım Fatimeyi-Zəhranın (s.ə) həyatını və vəfatını mütaliə etdiyi an - ən ağrılı anlardan biridir. Hüzn və kədər yaşanmalı bir məsələdir...

Qeyd etdik ki, Əyyami-Fatimə (ə) - bu iki tarixin arasında olan iyirmi günü yaşatmaqdır. Bu Əyyamı yaşatmaq, qorumaq, bu günlərdə əzadar olmaq - hər bir gerçək möminin vəzifəsidir. Allahdan bizlərə bu Əyyamda tövbə ruhiyyəsinə malik olmağı, Xanımı (s.ə) anmaq ləyaqətinə malik olmağı, Əhli-beyti (ə) daha da dərindən tanımağı, bu Əyyamdan dərslər götürməyi nəsib etməsini diləyirik.

“Allah sənə salam deyir, ey Allahın Sevimlisi...”

Əyyamın (ə) əhəmiyyəti o qədər önəmlidir ki, böyük İslam alimləri buyurarlar: “Bizlər elə bir işlər görək ki, Fatimənin (s.ə) günləri (Əyyami Fatimə) ikinci Aşuraya çevrilsin və xalqa öz daxili istək və coşqusu ilə Fatimənin (s.ə) ongünlüklərinə qatılmaq ruhiyyəsi və əzmi olsun”. Yəni bu Əyyamın ehtiramını Aşura qədər əziz tutmaq lazımdır. Necə ki, Məhərrəm-Səfər əyyamında tövsiyə olunur ki, insan əzadar olsun, bu iyirmi gündə də əzadar olmağımızı tövsiyə olunur. Anamızın (s.ə) vəfat günləridir. Ağrılı bir vəziyyətdə Həzrət Zəhranın (s.ə) dünyaya vida etdiyi günlərdir. Bizlərin bunu dərk etməsi üçün Allahdan xüsusi inayət diləyirik.

Xanımın (s.ə) şəhadətinə yaxın anları olduqca nisgilli, qəmlidir. Həzrət Əmirəlmöminin Əli (ə) Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti haqqında buyurur: “Fatimə (s.ə) şəhadətin son anlarında ətrafa baxaraq buyurdu: ”Salam olsun sizə, ey mələklər və əmin Cəbrayıl (ə)!" Daha sonra mənə tərəf boylandı və buyurdu: “Əmioğlu, Cəbrayıl (ə) mənə salam verərək, ərz etdi: ”Allah sənə salam deyir, ey Allahın Sevimlisi və Peyğəmbərin (s) qəlbinin meyvəsi! Bu gün sən İlahi mələkutda və vəd olunmuş Cənnətdə qarşılanacaqsan". Daha sonra üzünü yana çevirdi və başqa bir qrup mələyə salam verərək, dedi: “Əmioğlu, and olsun ki, bu da Mikayıldır (ə). O da mənə Cəbrayılın (ə) dediyi sözləri dedi və onun verdiyi müjdələri gətirdi”. Daha sonra Xanım Fatimə (s.ə) yenə digər bir qrupa salam verdi və dedi: “Əmioğlu, and olsun ki, bu həqiqətdir. Bu gələn atamın mənə vəsf etdiyi Həzrət Əzraildir (ə). Salam olsun sənə, ey insanların ruhunu alan! Mənim ruhumu almaqda tələs və məni incitmə!” Mən eşitdim ki, Xanım Fatimə (s.ə) buyurur: “Allahım, atəşə tərəf deyil, Sənə tərəf gəlirəm”".

Hər bir insan üçün bu böyük səadətdir ki, sevdiyi, əziz, doğma bildiyi şəxsi gedib ziyarət etmək imkanı var. Lakin Əhli-beyti (ə) sevən üçün bundan böyük müsibət ola bilməz ki, əziz Anamızın (s.ə) qəbrinin yeri bilinmir. Həzrət Zəhranın (s.ə) qəbri gizlədilib, dəfni gizli keçirilib. O vaxtın bəlli tarixi ağır şərtləri və ümumiyyətlə, bəşəriyyətə çatdırış üçün Həzrət Zəhranın (s.ə) qəbrinin dəqiqi yeri bilinmir, İmamlarımız (ə) tərəfindən gizli saxlanılır.
Həzrət Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhra (s.ə) hansısa epizodik hadisənin, haşiyəvi mövzunun fədaisi olmayıb. İlahi vilayətin, İlahi imamətin ardıcılı, mübarizi və müdafiəçisi olub. Günümüz üçün də bu məsələ çox önəmlidir. Xanımın (s.ə) həyatına nəzərə salanda, əsas dərs götürülməli məsələ budur ki, İslam - vilayət, İmamət nuruna bağlantısı olan zaman gerçək İslam olur, gerçək din olur. Günümüzdə də İslamı bir din olaraq bu həqiqətdən ayırmaq istəyirlər. İslamı İlahi vilayət nurundan ayırmaq istəyirlər. Zəmanə Sahibinə (ə.f) bağlantıdan ayırmaq istəyirlər. Niyə narahat olurlar? Çox sadə məsələdir. Əgər insanın İlahi vilayətə və imamətə bağlantısı olmasa, onun Allahın nəsib etdiyi və insana əta etdiyi xüsusi rübubiyyətdən, xüsusi vücudi təminetmədən bəhrələnməsi mümkün deyil. O namaz, o oruc, o ibadətlər ki, orada Zəmanə Sahibinə (ə.f) bağlantı yoxdur, orada İlahi vilayət nuruna bağlantı yoxdur - orada bərəkət və nuraniyyət olmaz.

Xanım Zəhra (s.ə) bunun qorunmasının yolunda öz canını belə fəda etməyə hazır olur. Ona görə də, bunlar hansısa mifoloji məsələlər deyil, gündəlik həyatımıza aid ola məsələlərdir. Bu Əyyamın gündəlik həyatımıza real təsiri olmalıdır.

“Qızım ona görə Fatimə adlanıb ki...”

Həzrət Zəhranı (s.ə) tanımaq üçün, onun barəsində bir neçə hədisə müraciət edək.
Allahın Peyğəmbəri (s) buyurub: “Qızım ona görə Fatimə adlanıb ki, Allah Təala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib”.

İmam Sadiqdən (ə) nəql edirlər: “Fatimənin (s.ə) Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra”.
İmam Sadiqdən (ə) soruşdular ki, Həzrət Fatiməni (s.ə) nə üçün "Zəhra" (parlaq) adlandırıblar? Buyurdu: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı”.

Allahın Peyğəmbəri (s) buyurub: “Fatimə - mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir”.

Rəsuli-Əkrəm (s) yenə buyurub: “Həqiqətən, Fatimə - mənim bədənimin bir parçasıdır. O, mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir”.
Peyğəmbəri-Əkrəm (s) buyurub: “Qızım Fatimə dünyanın - yaradılışın əvvəlindən sonuna kimi - bütün qadınlarının xanımıdır”.

Allahın Peyğəmbəri (s) Həzrət Fatiməyə (s.ə) buyurub: “Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur”.

İlahi, bizlərə bu Əyyamı layiqli şəkildə yaşatmağı nəsib et. İlahi bizlərə İlahi vilayət nuruna bağlantı ruhiyyəsini nəsib et! Amin!/musavat/
1280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi