Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Tütək çalan Vüsalın həyat hekayəsi

Balaca Vüsal: “Mən dilənmirəm, pul qazanıram...”
Nərimanov metrosunun yaxınlığında ətrafı bürümüş tütək səsi diqqətimizi çəkdi. Bu tütəyi əynində nimdaş paltar olan az yaşlı bir uşaq yerdə oturub çalırdı. Onun öz qarşısına qoyduğu papaqda isə qəpiklər və bir neçə 1 manat var idi.

Ətrafdan keçən insanların bəziləri laqeyd, bəziləri isə yazıq nəzərlərlə ona baxıb ötürdülər. Elələri də vardı ki, papağa 20 qəpik, 1 manat pul atırdı. Bəziləri isə kənarda dayanıb uşağı ələ salır, söz atırdılar.

Bu uşaq şübhəsiz ki, milyonçular səltənətinin dilənçilərindən biridir. Kim bilir, onu bu yaşında küçədə oturub dilənməyə nə vadar edib? Hansı ağır həyat şəraiti onu çöllərə salıb?! Axı indi onun yaşıdları məktəbə gedir, oynayır, qayğısız həyat sürürlər. Elə bu suallara cavab tapmaq üçün də ona yaxınlaşdıq.

Papağına pul qoyub onunla söhbət etməyə başlayırıq. Uşaq pul qoyan kimi “Allah razı olsun” deməyi unutmur. Adını, həyat hekayəsini öyrənməyə çalışdıq. Qapqara gözlərindən kədər yağan bu uşaq sanki kiminsə onunla söhbət etməsini istəyirmiş kimi tütəyini kənara qoyub söhbətə başladı.

Adının Vüsal, yaşının 10 olduğunu deyən balacanın ilk sözü “mən dilənmirəm, tütək çalıb pul qazanıram” oldu: “3 ilə yaxındır küçələrdəyəm. Müxtəlif yerlərdə oturub tütək çalıb pul qazanıram. Atam ölüb. Bir anam, bir də məndən balaca qardaşım var. Əhmədlidə kirayədə qalırıq. Əvvəllər məktəbə gedirdim, evimiz vardı. Atam işləyib bizə baxırdı. Atamı maşın vurub öldürdükdən sonra anam evi satdı. Borclarımızı verdik. İndi balaca kirayə ev tutub qalırıq. Məktəbə getmədim. Pul qazanıram. Qardaşımın hələ 4 yaşı var. Anam işləmir. Arada qonşular bizə kömək edir. Bir də mənim burdan qazandığım qəpiklər dadımıza çatır”.

Vüsalın sözlərinə görə, ona kimsə dilənçi deyəndə, qovanda pis olur: “Mənə heç kim dilənçi deməsin. Mən dilənmirəm. Sakitcə bir kənarda oturub tütəyimi çalıram. İstəyən pul verir, istəməyən yox. Tütək çalmağı anam mənə öyrədib. Heç bir musiqi məktəbinə getməmişəm. Xoşum gəlir tütək çalmaqdan. Tütək də babamın olub. Anam da yadigar saxlayırdı. Heç kimə vermirdi. Amma pul qazanmağım üçün mənə verdi”.
Balaca Vüsal gözləri dolmuş halda hərdən qaraçı dilənçi uşaqların onu vurduğunu, pullarını əlindən aldığını söyləyir: “Qaraçı uşaqların yanında böyüklər, anaları da olur. Bir dəfə uşaqlardan biri mənim içi qəpiklə dolu papağımı götürüb qaçdı. Dalınca getdim. Yanındakı xala məni itələdi. Qəpikləri götürüb, papağı üstümə atdılar. Papağımda bəlkə də 10 manata yaxın pul vardı. Həmin gün evimizdə bir tikə çörək yox idi. Hava da soyuq idi. O qədər ağladım ki, bilmədim dərdimi kimə deyim. Soyuqda oturub yenidən tütək çalıb 1 manata yaxın pul yığıb evə getdim. Polislər mənə çox vaxt dəymirlər. Həm də ki, mən digərləri kimi zəhlə tökənlik etmirəm”.

Vüsal böyüyəndə musiqiçi olmaq istədiyini dilə gətirdi: “Çox istəyərdim ki, musiqiçi olum. Televiziyalara çıxım, məşhur tütək çalan olum. Artıq məktəbə getmək istəmirəm. Amma musiqi notları öyrənmək, çoxlu mahnılar çalmaq istəyərdim”.

Balaca həmsöhbətim arzularını deyərkən gözündə bir ümid işığı yanırdı. O nə vaxtsa bu arzularına qovuşacağına ümidlidir. Kim bilir ,bəlkə də o, nə vaxtsa öz arzularına qovuşacaq. Vüsal kimi həyatın ağır üzünü görmüş və onu çiyinlərində daşımağa məcbur olan minlərlə uşaq var.

Qəribədir, hər il dövlət qanunlar, layihələr hazırlayır. Amma sevgidən, qayğıdan, mərhəmətdən uzaq düşmüş neçə-neçə belə uşağın problemləri həllini tapmır, onlar ağır həyat keçirməyə məcbur olurlar. Qanunlar, layihələr elə kağız üzərindəcə qalır...
1536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.