Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Oğlu güllə atan deputatı qoruyan “gizli əl” kimdir?

Ayaz Orucovun hər yerdə Bəylər Əyyubovun adını hallandırdığı bildirilir

İki həftə əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, deputat oğlu bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.

 
Sonradan isə məsələ 30 min manat kompensasiya müqabilində həll edilib. Maraqlıdır ki, bu xəbər yayılandan sonra deputat yazılanları yalana çıxarmağa çalışdı, xəbəri “müxalifyönlü mətbuatın növbəti uydurması” adlandırdı. 

Lakin “Yeni Müsavat”ın müxbiri məsələni araşdıraraq hadisənin təfərrüatlarını üzə çıxardı. Məlum oldu ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. 

Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Ailəli olan xanımları güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu “kefinin köklüyü” ilə izah edib. Bu gün deputat oğlunun harınlığı haqda məlumatın ictimailəşməsindən 14 gün, olayın baş verməsindən isə 4 ay ötür. Amma A. Orucovun oğluna “gözün üstə qaşın var” deyən tapılmır. 

Belə məlumatlar var ki,  A.Orucov oğluna heç kimin heç nə deyə bilməyəcəyini gizlətmir. Hər yerdə prezidentin mühafizəçi general Bəylər Əyyubovla yaxşı münasibətlərinin olduğunu deməkdən də usanmır. 


Kimdir A. Orucov və B.Əyyubovun onun adından istifadə edənləri necə cəzalandırdığını bilirmi? 

2005-ci ildə A. Orucov deputat olmaq üçün ilk addımlarını atmışdı. O dövrdə iqtisadi inkişaf naziri Fərhad Əliyevin tərəfdarı kimi seçkiyə qatılan A.Orucov parlamentin kandarına qədər gedib çıxa bilmişdi. Son anda F.Əliyevin həbsi onun siyahısı üzrə namizədliyini irəli sürmüş bir çoxları kimi A.Orucovun da arzusunu ürəyində qoydu. Hərçənd ki, A.Orucov o dövrdə seçki kampaniyasına 1 milyon dollara yaxın vəsait sərf etmişdi.   


A.Orucovun hazırkı deputatlığı hakimiyyətdəki iki şəxsin adı ilə bağlanır.  Belə məlumatlar var ki, A.Orucov baş nazir Artur Rasizadənin dəstəyi ilə mandat qazanıb. Başqa bir məlumata görə isə onun parlamentdə kresloya sahiblənməsini adını hər yerdə təkrarlamaqdan usanmadığı B.Əyyubov təmin edib. Oğlunun şəhərin mərkəzində iki qadına qarşı etdiyi hərəkətə görə cəzpasız qalmasını da A.Orucov baş mühafizəçinin adı ilə bağlayır. 

Görünür, deputat baş mühafizəçinin ən xoşlamadığı məqamın məhz onun adından istifadə ilə bağlı olduğunu bilmir. Bəlkə də unudub ki, B.Əyyubov adından istifadə edən bacısı uşaqlarının belə həbsə alınmalarına etiraz etməyib. 

Ötən ilin mayında A.Orucovu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxardılar. Bundan sonra onun biznesində problemlər yaranıb. Onun biznes şəbəkəsi kifayət qədər genişdir. Bu şəbəkəyə “Hidromaş servis” QSC, “Espanyol mebel” və digər şirkətlər, o cümlədən Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyuducularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir.  O, işdən çıxarılanda belə məlumatlar yayılmışdı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub.


Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və deputat baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbiləşən komitə sədri deputatı elə iclasdaca işdən çıxarıb. Sonradan o da məlum olub ki, əslində A.Orucov prezident İlham Əliyevin qəzəbinə gəlib. Belə ki, prezident ötən ilin sonlarında Müşfiqabad yaxınlığında qaçqınlar üçün tikilmiş yaşayış binalarının açılışında iştirak edəndə tikintinin yarıtmaz aparıldığının şahidi olub. Dövlət başçısı cavabdeh məmurlardan hesabat tələb edib. Əli Həsənov isə tikintiyə görə  baş nazir Artur Rasizadəyə yaxın şəxs olan deputat A. Orucovun məsuliyyət daşıdığını bildirib.

Mənbə bildirir ki, prezident baş naziri çağırıb və ona ciddi iradlarını bildirib. Daha sonra A. Orucovun tikdirdiyi digər yaşayış binalarında da oxşar vəziyyətin hökm sürdüyü, tikintidə və mənzillərin təmirində ucuz materiallardan istifadə edildiyi, smeta sənədlərində isə qiymətlərin şişirdildiyi məlum olub.

Ə. Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə isə deputatla mübahisə bu məsələlərin üstündə baş verib. Əli Həsənovun Ayaz Orucovu işdən çıxarması doğru addım kimi dövlət başçısı tərəfindən müsbət qiymətləndirilib. Bütün bunlarla bərabər,  qaçqınlar üçün tikilən mənzillərə qoyulan mətbəx mebellərinin də A.Orucovun sexlərində hazırlandığı və bazar qiymətindən azı iki dəfə artıq qiymətə sənədləşdirildiyi bildirilir.

Hazırda A.Orucovun tikdirdiyi yaşayış evlərində korrupsiya faktlarının araşdırıldığı bildirilir. 

2015-ci ildə parlament seçkilərində A.Orucovun deputat olmayacağını da indidən söyləmək mümkündür./musavat
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00