Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

YAP-çı deputat hakimiyyəti ifşa etdi

Gözəl Bayramlı: «Yaxşı olardı Siyavuş Novruzov hakimiyyəti istefaya çağırsın»

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentdə icra başçılarını tənqid edib. Deputatın sözlərinə görə, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyac yoxdur: “Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. Dövlətin vəsaitini havaya sovurmasınlar”. Deputat Maliyyə Nazirliyini bu kimi faktları nəzarət altına almağa çağırdı.

S.Novruzov digər bir fikri isə əslində hakimiyyətin ifşasına yönəlib. Belə ki, deputat bu gün Azərbaycanın hətta corab, maykanı da ya İran, ya da Çindən aldığını deyib. Onun sözlərinə görə, Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin.

YAP-çı deputatın fikirlərində həqiqət var və onun dedikləri birbaşa hakimiyyətə ünvanlanmalıdır. İstənilən halda S.Novruzov bu fikirləri ilə korrupsiya qarşı mübarizə aparıldığını və ölkənin inkişaf etdiyini deyən rəsmilərin ifşasıdır.

AXCP sədrinin müavini Gözəl Bayramlı Siyavuş Novruzovun özü də bilmədən təmsil olunduğu hakimiyyəti ifşa etdiyini deyir. Çünki yerlərdə icra başçılarının rüşvətxorluğundan, korrupsiya əməllərindən hər kəsin məlumatı var. Lakin icra başçıları hakimiyyətin yerlərdəki dayağıdır. Siyavuş Novruzov bu fikirləri ilə Azərbaycan xalqına hakimiyyətin mahiyyətini açıb göstərir.

G.Bayramlının sözlərinə görə, hakimiyyət son günlər Azərbaycan xalqının narazılığından özünü itirib. Siyavuş Novruzovun etirafı da bunu göstərir. Görünür YAP-çı deputat son günlər müxtəlif aksiyaları, tədbirləri görür və mümkün dərəcədə gələcəyini sığortalamaq istəyir: «Siyavuş Novruzov belə bir hakimiyyətin ümumiyyətlə istefa verib getməli olduğunu bilməlidir. İcra başçıları aldıqları rüşvəti tək yemir, yuxarılarla bölür. Yaxşı olardı Siyavuş Novruzov hakimiyyəti istefaya çağırsın».
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber