Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

“Sovetski"də deyirlər ki, məhəllədə satqın var...

Aksiyalarla paytaxtı silkələyən Bayır şəhər sakinləri indi müxbirlərdən və fotokameralardan qaçırlar; anonim qalan sakinlər “Artur Rəsizadənin qərarını gözləyirik” dedilər...

Gündəmin olan əsas məsələlərindən biri hələ də “Sovetski” sakinlərinin narazılığından yaranan gərginlikdir. Məlum olduğu kimi, mənzillərinin sökülməsi qarşılığında onlara təklif olunan kompensasiyaların azlığından şikayət edən sakinlər fevralın 16-dan aksiyalara start veriblər.

Martın 3-də keçirilən son aksiyadan sonra isə keçirilən həbslərə görə etirazlar durdu... “Sovetski”dəki son durumu öyrənmək üçün musavat.com-un müxbiri ərazidə olub. Əvvəlki zamandan fərqli olaraq camaat jurnalistlərlə təmasdan qaçırdı. Bizə dedilər ki, buna səbəb hədə-qorxular və həbslərdir. Onu da bildirdilər ki, son aksiyadan sonra məhəllədə ciddi polis nəzarəti yaradılıb.

Adının çəkilməyini istəməyən “ Sovetski” ağsaqqalı bildirdi ki, Nazirlər Kabinetinin qərarını gözləyirlər: “Bizə bildirdilər ki, martın 12-də Nazirlər Kabinetinin iclası olacaq. Bizim məsələ müzakirə olunacaq. 2 gün keçməsinə baxmayaraq bir xəbər yoxdur. Hər hansı bir qərarın çıxacağına ümid edirik. Ondan sonra müvafiq addımlarımızı atacağıq. Sadəcə öz haqqımız tələb edirik. Evin kvadratına 1500 manat vermək biabırçılıqdır. Elə sakin var ki, evi 18 kvadratmetrdir. Bu bədbəxt sakin veriləcək kompensasiya ilə özünə necə şərait yaratsın? Haqlarımız bərpa olunmayana qədər mübarizəmiz davam edəcək”.

Digər bir “ Sovetski “sakini hökumət qarşısında sürdükləri tələblərdən danışdı: "Baş nazirin müavini Abid Şərifovun ANS TV-yə verdiyi 9 dəqiqəlik müsahibənin qarşılığında hökumətə 9 sual ünvanlamışıq. Açığı, Abid Şərifovun müsahibəsinə çox ümid bəsləyirdik. Çox təəssüflər olsun ki, əksini gördük. Sona qədər öz doğma evimizdən çıxmayacağıq. Bakıya gözəllik verən tarixi binalardır. Yaşadığımız məhəllə tariximizi əks etdirir. Bu hökumətin məqsədi onu məhv etməkdir”.

Apardığımız müşahidələrdən məlum oldu ki, artıq bəzi sakinlər başqa yerlərə köçüblər. Yerdə qalanlar bildirdilər ki, köçənlər “gəlmə” Sovetski” sakinləridir.

Apardığımız çəkiliş zamanı sakinlər kameralarımıza düşməkdən qaçırdılar. Bunun səbəbini bir “Sovetski” sakini belə izah etdi: “Mətbuatda kimin şəkli çıxırsa, dərhal polis idarəsinə çağırılır, yaxud da aparılır. Şəkillərə düşən insanlara hədə-qorxu gəlirlər ki, ümumiyyətlə, sizə ev verilməyəcək. Aksiyalar başlayandan sanki fövqəladə vəziyyət elan olunub. Tanımadığımız insanlar məhəllədə gəzirlər. Əsasən insanların toplaşıb söhbət etdikləri yerlərdə çox olurlar. Hiss olunur ki, MTN əməkdaşlarıdır. Artıq buna şübhəmiz yoxdur”.

Sakinlərin narazı olduqları məsələlərdən biri də aksiyalar zamanı onların hüquqlarını müdafiə etmək üçün yaradılan komitənin fəaliyyəti idi. Onlar iddia edirdilər ki, Namiq adlı komitə sədri hökumətlə anlaşıb.

Adının çəkilməsini istəməyən bir xanım 8 marta planlaşdırılan aksiyanın baş tutmamasına səbəb kimi daxillərində olan satqınlıq amilini göstərdi: “Aksiyadan bir gün öncə 10 nəfərə yaxın qadın qərara aldıq ki, heç kəsin xəbəri olmadan aksiyanı bayram günü keçirək. Amma üstündən bir saat keçməmiş sosial şəbəkələrdə aksiya barədə yazılar getməyə başladı. Onda anladıq ki, içərimizdə satqın var. Aksiya keçiriləcək gün polislər “Sovetski”ni tamamilə mühasirəyə almışdılar. Hakimiyyət Azərbaycan xanımlarından bu qədər qorxacaq dərəcədə acizdir”.

Martın 3-ü keçirilən aksiya zamanı saxlanılan şəxslərin yaşadıqları ünvana getdik. Çox çalışsaq da onların vəziyyətləri barədə məlumat əldə edə bilmədik. Yaxınları müsahibə verməkdən boyun qaçırdılar. Bunu müsahibə versələr, həbs edilən yaxınlarının azadlığa buraxılmayacağı ilə əlaqələndirdilər.

Xatırladaq ki, son aksiyada 7 nəfər saxlanılıb. Onlardan Əliyev Elxan və Zeynalov Hikmət (diabet xəstəsi) 30, Ataşov Rəşad, Mirislam, Fərid, Pənah və Ülvi isə 15 sutka həbs cəzası alıblar./musavat/
1147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı