Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

ABŞ Ukraynaya görə Rusiya ilə niyə vuruşa bilməz: 6 tutarlı səbəb

Ukraynanın müvəqqəti hökumətinin rəhbəri Arseni Yasenyukun bir gün əvvəl Vaşinqtonda prezident Barak Obama ilə görüşündə yalnız bir xahişi olub: Ukraynanın təhlükəsizliyinə dair 1994-cü il müqaviləsinin tərəflərindən biri kimi ABŞ müstəqil, suveren dövləti dəstəkləsin.

Bu barədə “The New York Times” qəzeti yazıb.

Lakin “Forbes” jurnalında dərc edilmiş məqaləsində ABŞ-ın Lexington İnstitutunun araşdırma mərkəzinin icraçı direktoru Loren Tompson yazır ki, ABŞ Ukraynaya görə Rusiya ilə hərb müstəvisində qarşı-qarşıya gələ bilməz.



L.Tompson respublikaçıların prezident Barak Obamanı acizlikdə günahlandırmasını rədd edərək yazır ki, əgər ABŞ prezidenti indiki situasiyada zəif görünürsə belə, bu, Amerikadan daha çox Rusiya üçün əhəmiyyət daşıyan ərazidə - Ukraynada qəti hərəkətlərə əl atmağın nə dərəcədə təhlükəli olmasını dərk etməsindən irəli gəlir.

Müəllif ABŞ-ın indiki böhranda güc tətbiqinin qeyri-mümkün olduğunu və bunun qlobal miqyasda fəlakətə aparıb çıxaracağını sübut edən 6 səbəb göstərir.

Birincisi, Rusiya Amerikanı tamamilə məhv etmək imkanına malikdir. Rusiyanın minlərlə nüvə başlığı var və Amerikanın bu silahlara qarşı yeganə müdafiə imkanı analoji cavab zərbəsidir.

“İndi bunun nəticələri barədə özünüz düşünün” - deyə müəllif vurğulayır.

İkincisi, Ukrayna Rusiyanın təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir.

“Əgər siz hələ də başa düşmürsünüzsə ki Amerika qoşunlarının Ukraynaya yeridilməsi niyə müharibəyə səbəb ola bilər, o zaman Kubada sovet raketlərinin yerləşdirilməsinə Vaşinqtonun reaksiyasını yada salın” - deyə L.Tompson yazır.

Üçüncüsü, ABŞ və NATO-dakı müttəfiqləri hərbi əməliyyatlarda maraqlı deyillər. Onlar Rusiyadan enerji təchizatı baxımından asılıdır və Rusiyanın da üzləşdiyi uzunmüddətli demoqrafik problemlə üz-üzədirlər.

“Avropa sivilizasiyası növbəti regional müharibədən sonra bir daha özünə gələ bilməzdi” - deyə müəllif qeyd edir.

Dördüncüsü, Rusiya yerində hərbi üstünlüyə malikdir. Coğrafi şərtlər tələb edir ki, Amerika hərbi rəisləri ya müttəfiqlərin hərbi bazalarından istifadə etsin, ya da Bosfor dənizindən Qara dənizə Hərbi-Dəniz Qüvvələrini göndərsin. Bu zaman müttəfiqlər Rusiyanın qisasından qorxaraq öz bazalarını Amerikanın ixtiyarına verməkdən çəkinərdi. Qara dənizdəki Amerika gəmiləri isə Rusiya aviasiyasının, yerüstü raketlərinin asan hədəfi ola bilərdi.

Beşincisi, siyasi qüvvələrin nisbəti aydın deyil. Krım formal olaraq Ukraynanın tərkib hissəsi olsa da o, yüz illər boyu Moskvanın nəzarətində olub və əhalisinin əksəriyyəti ruslardır. Ukraynanın şərq regionları da Rusiya ilə sıx bağlıdır. Ona görə də hər iki regionda Amerika qoşunlarını yəqin ki, alqışla qarşılamayacaqlar.

Altıncısı, amerikalı seçicilər hərbi əməliyyatlara qəti şəkildə qarşıdır.

“Ona görə də əgər hesab edirsinizsə ki Ukrayna Amerika ordusunun müdafiəsinə qalxmalı olduğu ölkədir, bir daha bu barədə fikirləşin” - deyə L.Tompson yazır./virtualaz/
1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı