Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Bakı səhralaşdırılır: Paytaxtın mərkəzində “ağac qətliamı”...

Şəhər sakinlərinin etirazları isə heç bir nəticə vermir

Bu gün Qara Qarayev prospektində ağacların “soyqırımı” başlayıb. Həmin ərazidə yaşıllıqlar kütləvi şəkildə məhv edilir.

İşçilərlə söhbətimiz zamanı şəhərə gözəllik verən ağacların məhv edilməsini “təmizləmə işi” ilə əlaqələndirdilər.

Sakinlər isə aparılan “təmizləmə siyasəti”nə öz etirazlarını bildirdilər. Onlar hesab edirlər ki, yaşıllıqların məhv edilməsi şəhərin gözəlliyinə ziyan vurur.

Şəhər sakini Seymur Məmmədov ağacların kütləvi şəkildə kəsilməsinə 3 gün öncədən başlandığını söylədi: “3 gün bundan əvvəl səhər yuxudan oyandıq və gördük ki, yol kənarındakı ağaclar kəsilir. Əslində ağaclar kəsilərkən, onlardan hansının faydalı yaxud faydasız olduğuna baxılmalıdır. Əgər ağac quruyubsa, təbii ki, kəsilməlidir. Bunlar isə quru ağacları saxlayıb, yaşıl yarpaqları ilə şəhərə gözəllik verən ağacları məhv edirlər. Kəsilən ağacların faydası ondan ibarət idi ki, ətrafdaki binaları toz-torpaqdan qoruyurdu. Bu ağaclar kəsiləndən sonra yaşayış binalarının şüşələrindən bayırı görmək olmur”.

Şəhər sakinin sözlərinə görə, ağacların məhv edilməsinə nəzarət edən insanlardan bunun səbəbini soruşsa da, onun sualını cavabsız qoyublar: “Ağaclar kəsilməyə başlayan kimi bu prosesə nəzarət edən insanlardan səbəbini soruşdum. Onlar bunu şəhərdə aparılan yaşıllıq işi ilə əlaqələndirdilər. Mən təkidlə onların yaşıllıq idarəsinin əməkdaşları olub-olmadıqlarını soruşdum. Onlar isə mənə “Ağsaqqal get, işinlə məşğul ol, özünə problem yaratma” dedilər. Anlaya bilmirəm ki, bundan gözəl yaşıllıq olar? Sadəcə, bunlar nə etdiklərini anlamırlar”.

Adının çəkilməsini istəməyən gənc xanım bildirdi ki, ağacların məhv edilməsi planı “Koroğlu” metro stansiyasından başlayaraq, “Həzi Aslanov” metro stansiyasına qədər olan yolkənarı əraziləri əhatə edəcək: “1 ay bundan əvvəl bu plan haqqında bizdə məlumat var idi. Eşitdiyimizə görə, bu plan “ Koroğlu”dan başlayaraq, “Həzi Aslanov” metro stansiyasına qədər olan əraziləri əhatə edəcək. Anlaya bilmirik ki, bunun səbəbi nədir? Gah deyirlər, yollar genişlənəcək, gah da deyirlər ki, yaşıllıq işləri ilə əlaqədardır. Bizə məlum deyil ki, bu “bədbəxt ağaclar”ın yaşıllıq işlərinə nə dəxli var? Günümüz qara olub. Gün ərzində evin pəncərələrini nə qədər təmizləyirik, xeyri yoxdur. Qısa zamanda yenidən toz-torpaq basır. Bundan əlavə, uşaqlarımızın xəstəliyə tutulacağından qorxuruq. Bütün günü nə qədər toz-torpaq udmaq olar? Bir ağacın böyüməsi üçün ən azı 10 ilə yaxın zaman lazımdır. Bunlar 1 dəqiqə içərisində bu zamanı məhv edirlər”.

Bu məsələ ilə bağlı aidiyyatı qurumların münasibətlərini öyrənməyə çalışdıq. Nizami rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verən tapılmadı. /musavat/


1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27