Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Artur Rəsizadə inhisarçılıqdan niyə danışmadı?

Bir kitablıq hesabatda inhisarçılıqla bağlı bir cümlənin olmaması diqqətdən yayınmadı

Hökumətin Milli Məclisə təqdim etdiyi illik hesabatda diqqət çəkən məqamlardan biri də 5 səhifəlik «Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi, qiymət və tarif siyasəti» bəndiylə bağlıdır. Hesabatın bu bəndində hökumətin antiinhisar addımlarına dair bir cümlə belə yoxdur. Sənədin bu bəndinin beş səhifəsinin beşində də ticarətdə və kiçik istehsal müəssisələrində aparılan yoxlamalardan, istehlakçıların buklet və elektron məktublar vasitəsilə maarifləndirilməsindən danışılır. Ekspertlərin fikrincə, əslində bu hökumətin məmur və oliqarxlar qarşısında aciz düşməsinin təzahürüdür.

Milli Məclisin iqtisadiyyat komissiyasının üzvü Vahid Əhmədov bildirdi ki, hesabatda antiinhisar tədbirləri ilə bağlı informasiyanın verilməsi təsadüfi deyil. Vergilər Nazirliyinin tərkibində bu işlərlə məşğul olan xüsusi departamentin olduğunu deyən V.Əhmədov vurğuladı ki, Azərbaycanda həqiqətən də müəyyən malların, xidmətlərin inhisarda olması mövcuddur. «Biz «Rəqabət Məcəlləsini» qəbul etmək istəyirik. Bu məcəllə qəbul edildikdən sonra bu istiqamətdəki addımlara müəyyən aydınlıq gələcək», deyə V.Əhmədov vurğulayıb.


Natiq Cəfərli: «Antiinhisarla bağlı addımların hesabata yazılması hakimiyyətdəki qruplararası savaşı gücləndirə, daxili çəkişmələrin olduğunun etirafı olardı»

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi, qiymət və tarif siyasəti» bəndindən çıxış edərək hökumətin inhisarçılara qarşı heç bir addım atmaması hakimiyyətin mahiyyətindən irəli gəlir: «Korrupsiya ilə yanaşı inhisarçılıq bu hakimiyyətin idarəetmə vasitəsidir. Ortalıqda hər hansı bir fakt, yanaşma olmadığından onu hesabata salaraq sonradan müzakirə obyektinə çevirmək istəmirlər. Bu istiqamətdə heç bir iş görülə də bilməz. Çünki bu idarəetmə forması kimi illərdir Azərbaycanda tətbiq olunur. Hakimiyyət üçün inhisarçılıq və korrupsiya yalnız pul qazanmaq metodu deyil. Digər tərəfdən antiinhisarla bağlı ciddi faktlar da yoxdur. Xırda faktların isə hesabata yazılması hakimiyyətdəki qruplararası savaşı gücləndirə, daxili çəkişmələrin etirafı ola bilərdi».

N.Cəfərlinin sözlərinə görə, hesabatda hər hansı bir sahədə antiinhisar tədbirlərinin görüldüyü yazılarsa, bu dərhal həmin sahəyə rəhbərlik edən məmurun reaksiyasına səbəb olacaqdı. Bu zaman isə ictimaiyyət ölkədə konkret hansı sahələrin hansı məmurlara mənsub olduğunu bilmiş olacaqdı./azadlıq/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23