Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2014

“Koroğlu”da sökhasök başlandı, bu gün mitinq olacaq

Polis ən birinci bu stansiyadakı keçiddə işləyən tacirlərə köşkləri boşaltmağı əmr edib, satıcılar mallarını su qiymətinə satır; Bakıda ticarətçi etirazları gözlənilir...
“Gəl ay müştəri, gəl 1 manat, 2 manat, qalmadı e. Sultan Süleymanın ayaqqabılarından, Hürrəmin koftalarından şok endirimə, gəl e gəl. Köynəklər 5 manat, şalvarlar 10 manat, gəlin qurtarır, axırıncı əldir...” Bu, metronun “Koroğlu” stansiyasındakı keçiddə ticarətçilərin iki gündür səslənən həyəcanlı çağırışlarıdır.

Metrodakı ticarətin ləğvinə başlanğıc olaraq alverin ən şıdırğı getdiyi bu yerdən - “Koroğlu” stansiyasından başlanıb. Novruz bayramına qədər mallarını dəyər-dəyməz qiymətə satmağa başlayan tacirlər mayasından da ucuz qiymətlər təklif edirlər. Ona görə də martın 15 və 16-si günlərində bu keçiddə böyük izdiham yaşanır. Müştəri axını o həddə çatıb ki, metroya giriş belə müşkülə çevrilib.

Ticarətçilər isə çamadan ovqatındadır. Onlar mallarını köşklərdən bayıra çıxarıb, tən ortaya töküblər. Kişi və qadın ayaqqabılarını yerə səpələyib, su qiymətinə satırlar. Bu fürsətdən istifadə edən müştərilər də bayram ərəfəsində sevincək olublar. Amma mallarını mayasından ucuz satan tacirlərin qanı qaradır.

“Allah çörəyimizi kəsənin belini qırsın. Bu nə iş idi başımıza gətirdilər? Nə çarə qılaq, dərdimizi kimə deyə bilmirik. Borc içində boğuluram. Bu basabasda bizi də burdan çıxarırlar. Özü də alverin ən yaxşı getdiyi stansiyadan başlayıblar. Heç olmasa ”Nərimanov", “Gənclik”dən başlayaydılar, bir az gözləyərdilər" - satıcı Vüqar deyir.
Onun sözlərinə görə, martın 27-dək ticarət ləğv olunacaq. Ona görə də indidən əldə qalan malları geri qaytara bilmədikləri üçün mənfəətsiz satırlar: “Bayramdan sonra heç kəsdə pul olmur. Camaat gəlib geyim-keçim almayacaq. Biz də şələ-şüləmizi yığıb getməliyik. Odur ki, alverin ”xod" gedən vaxtında mayasından da ucuz satırıq ki, bankrot olmayaq. Burda eləsi var ziyanla işləyir".

Öyrənirik ki, artıq “20 Yanvar”, “Neftçilər” “Xalqlar dostluğu” kimi ticarətin ən qızğın nöqtələrində də köçhaköç əhval-ruhiyyəsidir. Ticarətçilər müştərinin diqqətini cəlb etmək üçün mallarını yerə səpələyiblər ki, tezliklə sata bilsinlər. Bundan sonra harada işləyəcəkləri sual altında olan satıcılar hər şeyin Allahın ümidinə qaldığını bildirirlər. Onların sözlərindən belə çıxır ki, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə Metropoliten rəhbərliyi tacirlərə alternativ təklif edib. Aksiyaların yararsız olduğunu görən ticarətçilər köçmək məcburiyyətində qalıblar.

Artıq “Koroğlu” stansiyasında malların əksəriyyətini satan tacirlər yerlərini tərk ediblər. Bəzi köşklər sökülüb. Bayram günlərində sökhasök hər yeri əhatə edəcək və aprelin 1-dən etibarən bir obyekt belə saxlanmayacaq. “Koroğlu”da belə tələm-tələsik mallarını satanları isə bu addımı atmağa polislər vadar edib.

Əraziyə xeyli sayda polis əməkdaşı gətirilib. Polis satıcılara mağazaları qısa zamanda boşaltmaq göstərişi verib. Satıcılar martın 27-dək vaxtlarının olduğunu desələr də, polis buna məhəl qoymayıb. Bildirilib ki, mağazalar sökülməlidir.

Ticarətçilərə mallarını boşaltmaq üçün az vaxt verilib. Hazırda mağazalar boşaldılır. Amma onu da deyək ki, bu gün - martın 17-də Metropoliten qarşısında izdihamlı mitinq gözlənilir. Bütün stansiyaların keçidlərində çalışan tacirlər aksiya keçirməyə hazırlaşırlar.
Əldə etdiyimiz digər məlumata görə, tacirlər arasında razılıq əldə olunub. İndi onlar daha təşkilatlanmış şəkildə Metropoliten önündə toplaşacaqlar. Onların tələbi köşklərin təmirinə görə ödədikləri 1300 manatın geri qaytarılması və başqa ticarət mərkəzində yerlə təmin olunmaqdır.

“Koroğlu”da işləyən ticarətçilər yer haqlarının əlbəəl toplandığını dedilər: “Hər mağazadan 500- 800 manat yer pulu yığırdılar. Bunların məqsədi ticarəti müvəqqəti ləğv etməkdir. Sonra yerləri başqalarına satacaqlar. Olimpiya oyunlarına qədər ticarət qadağan ediləcək. Birdəfəlik ticarətdən imtina edə bilməzlər. Çünki bu keçidlərdə milyonlar fırlanır. Bizim tələbimiz yerinə yetirilməlidir”.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli modern.az-a deyib ki, metro keçidləri bazar üçün nəzərdə tutulmayıb. Bununla belə deputat bildirib ki, orada çalışan insanlar üçün iş yeri təşkil edilməlidir ki, çörək pullarını qazana bilsinlər.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib ki, martın 28-nə kimi Metropoliten stansiyalarının girişləri və çıxışlarında olan bütün obyektlər söküləcək: “Həmin sahibkarlara AMAY, ”Yeni Günəşli" ticarət mərkəzlərində, “Keşlə bazarı”, “Yaşıl bazar”, “Şərq bazarı”nda yer ayrılıb. Oraya köçürülən sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Bu rüsumlar həmin ticarət mərkəzlərinin rəhbərliyi tərəfindən ödəniləcək".

Metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək. Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.

Bir daha yada salaq ki, martın 11-də “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metro keçidlərində ticarət köşklərinin ləğvi barədə qəti qərar qəbul olunduğunu elan edib./musavat/
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09: