Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Hakimiyyətdəki “nurçu davası”nda bir məmur “vuruldu”

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov işdən çıxarıldı; Onun barəsində cinayət işi başlandığı barədə iddialar var

Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tutduğu vəzifədən azad edilib. APA-nın məlumatına görə, ölkə başçısı martın 16-da bununla bağlı sərəncam imzalayıb. Bəzi mülahaizələrə görə, Elnur Aslanov nurçularla əlaqədə olması barədə iddialardan dolayı işdən çıxarılıb. Qeyd edək ki, Azərbaycanda nurçularla bağlı məsələ Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında ziddiyyətlərin yaranmasından sonra gündəmə gəlib. Elnur Aslanov nurçularla əlaqədə adı ən çox hallanan məmur idi. Hətta o, Fətullah Gülənin Azərbaycan hakimiyyətindəki əsas adamı kimi xarakterizə edilirdi.
Təsadüfi deyil ki, Ərdoğana yaxınlığı ilə seçilən Türkiyənin “Yeni Şafak” qəzeti Elnur Aslanovun işdən çıxarılması ilə bağlı xəbəri “Əliyev ”Gülən camaatı"nın ən önəmli adamını işdən çıxardı" başlığı ilə verib. “Azərbaycan prezidenti Ilham Əliyev Fətullah Gülən camaatının Azərbaycandakı ən yüksək vəzifəli siyasətçisi kimi göstərilən Elnur Aslanovu işdən çıxardı. Aslanovun adı Azərbaycan medyasında ”paralel yapının" ölkədəki ən önəmli adamı olaraq qeyd edilirdi. Aslanovun vəzifədən çıxarılması son dəqiqə xəbəri olaraq mətbuatda yer alıb", - deyə xəbərdə bildirilir.

Elnur Aslanovun həbsinə hazırlıq gedir?

Bu arada axar.az saytı etibarlı mənbəyə istinadən məlumat yayıb ki, Elnur Aslanov barəsində Ağır Cinayətlərə dair Istintaq Idarəsində cinayət işi qaldırılıb. Mənbə Elnur Aslanovun artıq telefonlara cavab vermədiyini deyib. Onun həmçinin “camaat” liderlərinə canlarını qurtarmaqla bağlı xəbər göndərdiyi də bildirilib. Mənbə qeyd edib ki, Elnur Aslanovun həmin liderlərə 30 martdan sonra çoxunun maliyyə fırıldağı ilə həbs olunacağı ilə bağlı məlumat göndərib.    Məlumata görə, paralel olaraq “Gülən camaatı”nın dini, biznes, təhsil və bütün fəaliyyətlərinin araşdırıldığı söylənilib. Məlumatda araşdırmanın artıq bir aya yaxındır davam etdiyi, araşdırmaların xüsusilə xaricdə təhsil alan gənclərlə bağlı (ASAIF və s.) müxtəlif tədbirlərin təşkilindəki maliyyə məsələlərini əhatə etdiyi bildirilir. Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov onda bununla bağlı hər hansı məlumat olmadığını deyib.

Azərbaycandakı nurçu şəbəkə ilə bağlı ilginc məlumatlar

“Yeni Müsavat” qəzeti isə Azərbaycandakı nurçu şəbəkəsi ilə bağlı ilginc məlumatlar yayıb. Həmin məlumatlarda deyilir ki, martın 12-də London Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) təqdimatı keçirilən Azərbaycanın “Osmanlı Film” və Türkiyənin “GülerYüz Film”lə birgə istehsalı olan “Qafqaz” bədii filmi nurçuların layihəsidir. Qeyd edək ki, rəsmi məlumata görə, film Xəzər Strateji Institutu (HASEN), Azərbaycanın Gənclər və Idman Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Millət vəkili Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir. Filmin recissoru və baş rolun ifaçıları isə Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazazdır.
Təqdimat mərasimində HASEN-in baş katibi Haldun Yavaş, Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, millət vəkili Ceyhun Osmanlı və digər şəxslər iştirak ediblər. 
Qəzet yazır ki, Xəzər Strateji Institunun baş katibi Türkiyə vətəndaşı Haldun Yavaş “Hizmət” hərəkatının fəal simalarından biri hesab olunur: “Maraqlıdır ki, bu qurumda həm də Azərbaycan vətəndaşları çalışır. Məsələn, Emin Axunzadə akademik məsələlər üzrə əlaqələndirici, Rüfət Ağayev redaktor, Əfqan Niftiyev isə HASEN-in Elmi Şurasının və Ekspertlər Şurasının koordinatorudur. Sonuncu, həm də  Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, ”Todays Zaman" qəzetinin yazarıdır. Əfqan Niftiyevin adı “Todays Zaman”ın əməkdaşı Mahir Zeynalovla bağlı qalmaqalda da hallanmışdı... 
HASEN Türkiyədəki “Hizmət” fəalları ilə Azərbaycandakı nurçu şəbəkənin birgə layihəsidir. Bu təşkilatın saytından da göründüyü kimi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı, hətta Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov müntəzəm şəkildə qurumun tədbirlərində iştirak edirlər. HASEN-in ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Türkiyə” tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar dolaşır. “SOCAR Türkiyə” şirkəti sədrinin müavini və faktiki olaraq qurumu idarə edən Samir Kərimlinin də qatı nurçu olduğu iddia edilir. Elə “Qafqaz” filminin əsas sponsorunun da məhz “SOCAR Türkiyə” şirkəti olduğu barədə məlumatlar var... 
Bu günlərdə ölkə mediasında yayılan digər xəbərə görə, Ceyhun Osmanlı ilə yaxın dostluq əlaqələri olan və “Qafqaz” filminin çəkilməsində iştirak edən “Gülərüz Film” şirkətinin sahibi Ərhan Güləryüz  “Hizmət” hərəkatının incəsənət adamları içərisindəki əsas kadrı olmaqla bərabər, nurçuların liderinin sözlərinə yazılmış bir neçə mahnının da müəllifidir. Deputat Osmanlıya aid olan “Osmanlı film” şirkəti ilə “Gülən hərəkatı”na bağlı olan və nurçuluğun yaradıcısı Səid Nursi haqqında filmlər çəkən, Fətullah Gülənin şeirlərinə mahnılar bəstələyən Ərhan Gülərüzün ortaqlığı diqqət çəkməyə bilməz. Onu da qeyd edək ki, bu məlumat mediada yayıldıqdan sonra Ceyhun Osmanlı ciddi cəhdlə onun yığışdırılmasına çalışsa da, buna nail ola bilməyib".

Gənclər və İdman Nazirliyi nurçulara qrant ayırır?

Məlumatda daha sonra deyilir ki, Gənclər və Idman Nazirliyi son illər hakimiyyətdəki nurçu şəbəkənin nəzarətində olan bir neçə QHT-yə hər il iri məbləğdə qrant ayırır. Hər bir quruma verilən qrantın məbləğinin isə 400-500 min manat olduğu iddia edilir. Elə bu günlərdə nazirlik nurçu təşkilatın birinin “Azəriqazbank”dakı hesabına 300 min manat köçürüb. Təxminən bu qədər məbləğ də millət vəkili Ceyhun Osmanlının şəxsi hesabına transfer edilib. Lakin bu və digər qrantlar ictimaiyyətdən gizli saxlanılır və heç bir açıqlama verilmir. Hər halda QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması iddiası ilə “QHT haqqında” qanunu son dərəcə sərtləşdirən Azərbaycan hakimiyyəti nümunə göstərərək öz nəzarətində olan ictimai təşkilatların və onları maliyyələşdirən dövlət orqanlarının qrant əməliyyatlarını ictimailəşdirsə, daha anlaşılan olar.
Başqa bir məlumata görə, 2012-ci ilin fevralında  Istanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçirilmiş çoxminlik aksiyanın təşkilinə Azərbaycan hakimiyyəti tərəfindən bir milyon manat ayrılıb və tədbirin əsas təşkilatçılarından biri olan Ceyhun Osmanlı bu vəsaitin 700 min manatını nurçulara məxsus “Samanyolu” telekanalına ötürüb. Bu fakt tədbiri təmənnasız işıqlandıran digər telekanalların diqqətindən yayınmayıb və onlardan bəzilərinin ciddi etirazına səbəb olub. Lakin tədbir kifayət qədər həssas mövzu ilə bağlı olduğundan, ictimailəşdirilməyib.

Rəbiyyə Aslanova və Fərhad Məmmədov danışmaq istəmədi

Elnur Aslanovun nurçularla əlaqəsi olması barədə məlumatlar yayılanda onu müdafiə edən anası deputat Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasına münasibət bildirməyib. Deputat “Media forum” saytına deyib ki, xaricdə səfərdədir: “Oğlumun işdən azad olunmasını indi eşidirəm. Ona görə də bu barədə nəsə deyə bilməyəcəyəm”.
Elnur Aslanovun dostu, adı nurçularla əlaqədə hallanan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov da bu barədə danışmaq istəməyib. O, publika.az-a açıqlamasında deyib: “Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”.
Lent.az saytı özəl mənbələrə istinadən xəbər yayıb ki, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) bu il martın 31-i, aprelin 1-də Berlində nəzərdə tutulan forumu təxirə salınıb.
Məlumatda deyilir ki, ASAIF-in növbəti forumunun yeri, vaxtı və gündəliyi yenidən müzakirə olunaraq müəyyənləşdiriləcək.
Qeyd edək ki, bu təşkilat Elnur Aslanova yaxınlığı ilə seçilir./azadlıq/

1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı