Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Ziya Məmmədovun qoçuları maşın qaçırır, adam oğurlayır, sürücüləri döyür

“Ziya Məmmədovun qoçuları məni döyüblər"; "Biz qoçuyuq, nə istəsək, onu da edərik”

Sevindik İsmayılov "Yeni Müsavat" qəzetinə şikayət edib. O, öz şikayətində bildirir ki, özlərini Nəqliyyat Nazirliyinin əməkdaşları kimi təqdim edən 7 nəfər onun avtomobilini zorla əlindən alıblar.

S.İsmayılovun dediklərinə görə, hadisə martın 16-da “Koroğlu” metrosunun yaxınlığında baş verib. O, öz avtomobilində olan zaman naməlum şəxslər maşına əyləşərək ondan sənədləri tələb ediblər. Ancaq sənədlərinin olmadığını bildirən S.İsmayılova qarşı zor tədbiq ediblər: “Mən Qarabağ müharibəsində vuruşmuşam. Şəhid ailəsiyəm. İllərdir ki, kirayələrdə sürünürəm. Çətin şəraitdə yaşayıram. Yaxın bir dostum mənə kömək etmək üçün köhnə bir taksi verdi ki, ailəmi saxlaya bilim. İKi gün idi ki, taksi sürücüsü kimi işə başlamışdım, başıma bu işlər gəldi. Martın 16-da öz avtomobilimdə oturmuşdum. Birdən bir neçə nəfər qapını açıb əyləşdilər maşına... Öncə müştəri olduqlarını düşündüm. Çünki mülki geyimdə idilər. Sonra başa düşdüm ki, bunlar başqa məsələ üçün gəliblər. Onlardan biri dedi ki, Nəqliyyat Nazirliyinin əməkdaşlarıdırlar. Məndən taksi fəaliyyəti ilə məşğul olmaq üçün sənəd istədilər. Mən də dedim ki, yoxumdur. İki gündür ki, işə çıxmışam. Sənəd almamışam, amma mütləq sənədlərimi düzəltdirəcəm”.

S.İsmayılovun sözlərinə görə, onu maşından zorla çıxarıblar: “Mənə dedilər ki, 120 manat versəm, mənim işimi həll edə bilərlər. Mən də dedim ki, iki gündür işə çıxmışam. Cibimdə 5-10 manat pul var. Bunu eşitdikdən sonra qəzəbləndilər. Bayırda dayananlardan biri məni zorla maşından çıxardı. Zorakılıq etməyə başladılar. Əlimdən bir şey gəlmədi. Çünki onlar 7 nəfər, mən isə tək idim”.

S.İsmayılov onu da bildirdi ki, nazirliyin əməkdaşları onun avtomobilinə minərək qaçıblar: “Məni bayıra atdıqdan sonra mənə dedilər ki, ya pulu verməliyəm, ya da maşını aparacaqlar. Mən də dedim ki, pulum yoxdur. Hansı əsasla maşınımı aparırsınız? Bəli, mənim taksi fəaliyyəti üçün lisenziyam yoxdur. Bunun da bir cəriməsi var. Yazın cəriməni, verin mənə, cəriməmi də ödəyərəm, lisenziyamı da alaram. Mənə dedilər ki, “Biz qoçuyuq, nə istəsək, onu da edərik”. Oturdular avtomobilimə, naməlum istiqamətdə getdilər. Mənə avtomobilimi haradan götürəcəyim barəsində heç bir məlumat vermədilər. Sənəd də vermədilər. Mən haradan bilim ki, onlar mənim avtomobilimi hara aparıblar və onunla nə iş görüblər?! Həmin günü 102-yə zəng vurdum. Mənə dedilər ki, 23-cü polis bölməsinə yaxınlaşım. Getdim 23-cü bölməyə... Orada mənə dedilər ki, bir neçə gün ərzində mənə cavab verəcəklər. Kimsə bu qoçuların qarşısını alacaqmı?”

Nəqliyyat Nazirliyinin əməkdaşlarından şikayət edən başqa taksi sürücüləri də var. Onlardan biri “Neftçilər” metrosunun yaxınlığında taksi sürücüsü kimi fəaliyyət göstərən Vüqardır. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin əməkdaşları onu vəhşicəsinə döyüblər.

Taksi sürücüsü olan Vüqarın dediklərinə görə, onu maşına mindiriblər, sonra yolda maşından düşürüb döyüblər: “Martın 13-də hər zaman olduğu kimi “Neftçilər” metrosunun yaxınlığında dayanmışdım. Nəqliyyat Nazirliyinin əməkdaşları qara rəngdə avtomobillə gəldilər. Əvvəlcə dedilər ki, avtomobilimin yerini dəyişim. Mən də dəyişdim. Sonra yaxınlaşıb maşınımın açarını götürdülər. Mənə dedilər ki, onlarla şöbəyə getməliyəm. Oturdum onların avtomobilinə... Mən haradan biləydim ki, məni döymək üçün aparırlar?! “Qara Qarayev” metrosunun yaxınlığında yerləşən “Çudo Peçka” şirniyyat evinin yanından arxa küçələrdən birinə döndülər. Maşını saxladılar. Məni düşürüb döyməyə başladılar. Çox güclü idilər. Onlardan biri gözümün üstündən yumruq vurdu, mən də yıxıldım yerə... Yerə yıxılmağıma baxmayaraq vurmağa davam edirdilər. Qoluma bir neçə dəfə ayaqları ilə vurdular. Paltarlarımı cırdılar”.

Sürücünün sözlərinə görə, Nəqliyyat Nazirliyinin qoçuları ondan rüşvət tələb ediblər: “Məni döydükdən sonra maşına minib qaçdılar. Birtəhər ayağa qalxıb getdim evə. Evə gedən kimi 102-yə zəng vurdum. Oradan mənə dedilər ki, 25-ci polis bölməsinə yaxınlaşım. Getdim bölməyə... Başıma gələn hadisələri danışdım. Döyülməyimlə bağlı məlumat verdim. Onlara həkimin zorakılığa məruz qalmağımla bağlı verdiyi sənədləri təqdim etdim. Oradan məni göndərdilər Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinə... Departamentdən mənə dedilər ki, 136 manat pul verməliyəm. Olmasa, avtomobilimi verməyəcəklər. Mən də dedim ki, bütün sənədlərim qaydasındadır, hər ay 30 manat vergimi verirəm. Məni oğurlayıblar, aparıb naməlum bir küçədə döyüblər. Hələ pul da verməliyəm? Mənə dedilər ki, “Biz qoçuyuq, heç kəs bizə heç nə edə bilməz”. Çarəsizlikdən 102 manat ödədim. 2 gündən sonra maşınımı qaytardılar. Başıma gətirilən hadisələrin səbəblərini bilmirəm”.
1394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber