Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Sələfi alimləri təkfirə qarşı (2)

Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?! Sizə nə olub, necə mühakimə yürüdürsünüz?!
Qələm surəsi, 35-36.

Birinci yazıda İslam dünyasında problemə çevrilmiş və bu dini dünyaya qorxunc, təhlükəli bir amil kimi tanıtdırmaqda olan Təkfir xəstəliyindən söhbət açdıq, Sələfi düşüncəsinin banisi sayılan İbn Teymiyyənin (1263-1328) uyğun fikirlərinə toxunduq, onun bu məsələdə çox ehtiyatlılığın tərəfdarı olduğunu, heç də bütün Əhli-beyt tərəfdarlarını deyil, şiə və sünnilərdən olan kiçik azğın və qali qrupları təkfir etdiyini göstərdik. Yaxşı olar ki, bu gün özünü sələfi adlandıranların hamısı bu məsələdə İbn Teymiyyənin yolunu tutub təkfirçiliyi kənara qoysunlar, ümmət və xalq arasında parçalanma yaratmasınlar.
Ümumiyyətlə, hər bir məsələdə dəlil iddiaya uyğun gəlməli, iddia nə qədər əhəmiyyətli olsa, dəlil də bir o qədər güclü olmalıdır. Biz bir uşağın sözü ilə həyətdə qonşunun ayağının büdrədiyinə və onun yıxıldığına inana bilərik. Lakin həmin uşaq məsələn, uçan boşqabın binamızın damına qonduğunu söyləsə, inanmarıq, yanlışlıq olduğunu düşünərik. Dini məsələlərdə də belədir. Biz iki-üç hədisə və ya tarixi rəvayətə əsasən deyə bilərik ki, Peyğəmbərimiz filan səfərdə filan yerdə dayanıb istirahət elədi. Lakin on beş belə hədislə də bir insanı kafir adlandırmaq olmaz. Ehtimal və zənlə belə böyük iddialar irəli sürmək düzgün deyil.

İbn Qəyyim (1292-1350) və Məhəmməd ibn Əbdülvəhhab (1703-1792)
İbn Teymiyyədən sonra şagirdi İbn Qəyyim onun yolunu davam etdirib fikirlərini nizama saldı, təbliğ və tədris etdi. Bəlkə də buna görə təkfir məsələsində onunla müəllimi arasında ciddi fikir ayrılığı yoxdur. Məhəmməd ibn Əbdülvəhhab isə sözügedən məsələdə onlardan çox fərqli yol tutdu. Heç kimə sirr deyil ki, İbn Teymiyyə öz dövründə dissident olmuş, heç bir firqə və məzhəb tərəfindən qəbul olunmayan düşüncələri ilə ad çıxarmış və məhz buna görə dəfələrlə dörd Əhli-sünnə məzhəbinin qaziləri tərəfindən həbsə məhkum edilmişdir. Məhəmməd ibn Əbdülvəhhabın fikirləri isə bu cəhətdən daha spesifikdir və Əhli-sünnə etiqadları ilə yalnız mənhəc və metodikası ilə deyil, fundamental səciyyələri ilə seçilir. Bu baxımdan, müxaliflərinin və bitərəf araşdırmaçıların Vəhhabilik, özlərinin isə Sələfilik adlandırdıqları yeni firqənin məhz onunla bağlı olduğunu söyləmək olar.
Məhəmməd ibn Əbdülvəhhabın təkfirçi fikir və mübarizələri bəlli olsa da, bunda da kifayət qədər şübhəli məqamlar var. Onun Qəsim əhalisinə yazdığı 3-4 səhifəlik məktubu maraqlı məqamları ehtiva edir. O bu məktubda imanı yetmişdən artıq dərəcəyə böləndən sonra qeyd edir ki, mən övliyaların kəramətinə inanır, heç bir müsəlmanı günaha görə kafir sayıb İslam çevrəsindən çıxarmıram. O yazır: "Bilirəm ki, Süleyman ibn Səhim (1) sizə məktub yazaraq demədiyim sözlərlə mənə iftira atmışdır. Guya mən... alimlərin fikir ayrılığını ziyanlı sayır, saleh insanlara təvəssül edənləri və Allahdan qeyrisinə and içənləri kafir adlandırır, Peyğəmbərin və valideynlərin qəbrinin ziyarətini haram bilirəm. Cavabım budur ki, bunlar böyük iftiralardır." (2)
O, başqa bir kitabda qeyd edir ki, hər hansı söz küfr ola bilər, lakin onu deyənlərin hamısını kafir saymaq yalnız cəhalətdən irəli gələ bilər. Sonra isə əlavə edir: "Kitabın (Quranın) və mütəvatir sünnənin dəlillərini rədd etmək küfrdür, ancaq bunları rədd edənin kafirliyinə hökm çıxarmaq olmaz. Burada cəhalət, aşkar mətnə qarşı çıxdığını bilməmək, yaxud onun mənasını anlamamaq kimi amillər ola bilər". (3)

Digər Sələfi alimləri
İbn Əbdülvəhhabla təxminən eyni dövrdə yaşamış və onu dəstəkləmiş başqa bir Sələfi alimi Məhəmməd Şovkaninin (1759-1834) də təkfirə dair mülayim görüşləri var. Yəməndə Zeydi şiələrinin imamı olmuş Əhməd ibn Yəhya özünün Əl-Əzhar kitabında, mənasına etiqad bəsləməsə belə, küframiz bir söz deyən və ya hərəkət edən müsəlmanı mürtəd adlandırmışdı. (4) Şovkani isə bu kitabın şərh və düzəlişlərinə həsr etdiyi əsərində yazır: "Bir müsəlmanın digər müsəlmana İslam dinindən çıxıb kafir olduğunu söyləmək yaraşmaz. Bu ancaq gündüz vaxtı günəşdən də aydın olan qəti dəlillə söylənə bilər... Şər inancların İslam dininə zidd olduğunu bilməyən, yaxud İslamdan çıxmağı qəsd etməyən insanın küfr əməli onu kafir etməz. Həmçinin bir müsəlman küfrə dəlalət edən bir söz desə, amma mənasına etiqad bəsləməsə, kafir sayılmaz... Allahdan qeyrisinə səcdə etmək də, səcdə olunanın Rəbb kimi nəzərdə tutulmadığı və yalnız təzim məqsədilə edildiyi təqdirdə küfrə və şirkə səbəb olmaz. Çox zaman şahların hüzuruna gələndə təzim niyyətilə yeri öpürlər. Bu, küfr sayılmır". (5)
Görkəmli Sələfi alimi və hədisşünası Albani (1914-1999) "Təkfir fitnəsi" adlı kitabça yazaraq təkfirçiliyi çox böyük fitnə adlandırmışdır. O yazır: "Çox təəssüf ki, bəzi dəvətçi və təəssübkeşlər kitab və sünnə adı altında (gördükləri əməllərlə) kitab və sünnədən xaric olurlar". Albani qeyd edir ki, təkfirçilər "Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (6) ayəsindəki "kafir" sözünü yanlış olaraq dindən çıxmaq kimi anlayır və bu növ küfrə uğrayanlarla qeyri-müsəlmanlar arasında fərq qoymurlar. Halbuki bu söz kitab və sünnədə həmişə onların güman etdiyi anlama gəlmir. Xəvaric üzvləri bunu belə başa düşüb möminlərin qanını tökür və müşriklərə rəva bilmədiklərini onlara rəva bilirdilər. Əslində isə burada məqsəd kiçik küfrdür. O, əlavə edir ki, Quranda və hədislərdə işlənmiş "küfr" sözünü həmişə dindən çıxmaq kimi başa düşmək mümkün də deyil. Məsələn, Peyğəmbərimiz buyurub ki, mömini öldürmək küfrdür. Biz isə Qurandan bilirik ki, bu, dindən çıxmağa səbəb olmur. Burada məqsəd Allaha itaətsizlik və günahdır". (7)
Vaxtilə Səudiyyə Ərəbistanında Baş müfti vəzifəsində çalışmış məşhur Sələfi alimi Bin Baz (1910-1999) Albaninin sözügedən kitabçasına rəy yazaraq onun fikirlərini təsdiqləmişdir. O, qeyd edir ki, Allahın haram buyurduğu əməlləri edən kimsə həm də onları halal saymasa, yalnız kiçik küfrə yol vermiş olur və dindən çıxmış sayılmır. (8) Bundan əlavə, Bin Baz təkfirçilərin lideri olmuş Bin Ladeni ümmətdən ayrılmış xəvaric adlandırmış, "Təkfir təhlükəsi və onun hökmləri" adlı kitabçada təkfirçiliyi çox pisləmiş və intihari əməliyyatları haram saymışdır.
Yuxarıdakı siyahını uzatmaq, digər Sələfi alimlərindən də sitatlar gətirmək olardı, amma bu qədər yetər. Bu, təkfirə qarşı çıxan Sələfi alimlərinin uyğun fikirlərinə qısa ekskursiya idi. Əlbəttə, bu o demək deyil ki, bu alimlər ömürlərində heç vaxt təkfirdən istifadə etməyiblər. Bəli, onlar da bir sələfi kimi ara-sıra hansısa firqəni və onun ardıcıllarını kafir adlandırmışlar. Lakin əvvəla qeyd olunduğu kimi, bu, mütləq təkfir sayılır və əslində bəlli əməllərin küfr olduğuna işarədir; konkret şəxslərə gəldikdə isə, bundan ötrü hər bir fərd haqqında ayrıca mühakimə yürüdülməlidir. İkincisi isə, bəzi belə təkfirlər qarşı tərəfin əqidəsini tam bilməməkdən irəli gəlir. İbn Teymiyyə belə məlumatsızlığı təkfirin səbəblərindən biri kimi göstərib deyirdi: "Bəlkə də təkfirçilərin çoxu mahiyyətini anlamadıqları və əsaslarından xəbərdar olmadıqları firqəni təkfir edirlər". (9)

Azadfikirliliyə və tolerantlığa dair qızıl qayda
İbn Teymiyyəyə görə, Məhəmməd (s) ümmətindən haqqı tapmaq məqsədi ilə ictihad edən, tədqiqat aparan, lakin bilmədən səhv nəticə alan şəxs kafir sayılmır və onun səhvi bağışlanacaq. (10) Özü təkfirçiliyin qurbanlarından olan bu alim yazır: "Səhvə yol vermiş heç bir müsəlman alimi ictihadına görə təkfir etmək olmaz. Alimləri kafir adlandırmaqla cahilləri onların canına salmaq çox xoşagəlməz haldır... (Hədisdə deyildiyi kimi) alim ictihad edərkən doğru nəticə aldıqda iki savab, yanlış nəticə aldıqda isə bir savab etmiş olur". (11) Məhəmməd ibn Əbdülvəhhab da öz əsərlərində din alimləri arasındakı fikir ayrılığını müsbət qarşıladığını bəyan etmişdir. (12)
Beləliklə, özünü sələfi sayanların təkfirdən əl çəkməsi üçün yetərincə əsas vardır. Buna rəğmən, təkfir eşqinə düşənlərə, müsəlmanlara qarşı nifrət vərdişindən qurtula bilməyənlərə isə yalnız İmam Əlinin sözlərini xatırlada bilərik: "İnsanları sev, onlara qarşı yırtıcı heyvan (kimi) olma. Çünki onlar iki dəstədirlər: ya sənin din qardaşların, ya da yaradılışda sənin kimi (insan) olanlar". (13)

Qeydlər
1. Riyazın Hənəfi alimlərindən olan Şeyx Süleyman ibn Səhim əvvəldə Məhəmməd ibn Əbdülvəhhabı dəstəkləmiş, fikirləri ilə yaxından tanış olandan və apardığı müharibələri görəndən sonra isə ondan uzaqlaşmışdı.
2. Məhəmməd ibn Əbdülvəhhab. "Ər-Rəsail əş-şəxsiyyə", 1/8-13: www.islamspirit.com.
3. "Əd-Dürər əs-səniyyə", 10/432-433: www.shamela.ws.
4. Əhməd ibn Yəhya. Əl-Əzhar. Əs-Siyər bölməsi, fəsil: 17.
5. Şovkani. "Əs-Seyl əl-cərrar", 1/978-979: www.islamspirit.com.
6. Maidə, 44.
7. Albani. "Fitnə ət-təkfir", 2-7: www.islamspirit.com.
8. www.adelelsayd.com/fatwa14.html.
9. İbn Teymiyyə. "Məcmu əl-fətava", 12/467: www.shamela.ws.
10. Yenə orada, 12/180.
11. Yenə orada, 35/100, 103. Şovkani də bu fikri təsdiqləyir: Şovkani. "Şərh əs-sudur", 5: www.islamspirit.com.
12. Məhəmməd ibn Əbdülvəhhab. "Ər-Rəsail əş-şəxsiyyə", 1/12.
13. Nəhcül-bəlağə, məktub: 53.

Vüsal Hüseynzadə
1852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...