Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

“Hakimiyyət qaziləri yenə aldatdı”

Əli Kərimli Qarabağ müharibəsi əlillərinə ayrılan təqaüdün cüzi olmasına görə hökuməti tənqid etdi

AXCP sədri Əli Kərimli Qarabağ müharibəsi əlillərinə verilən təqaüdlərin artırılması haqda prezident fərmanına münasibət bildirib. Əli Kərimli hesab edir ki, bu fərmanla Qarabağ qaziləri əslində, aldadılıb. O, təqaüdlərə edilən artımı cüzi sayır və sağlamlığını torpaqların müdafiəsi uğrunda itirən insanlara hökumətin belə aşağı qiymət verməsini tənqid edir. AXCP sədri Facebook səhifəsində Qarabağ qazilərindən birinin taleyinə diqqət də cəlb edərək yazır:

“Hakimiyyət Qarabag qazilərini yenə də aldatdı. Qarabağ qaziləri olduqca ağır şəraitdə yaşayırlar. Hər il onlarla qazi zəruru və keyfiyyətli müalicə ala bilmədiyi üçün qocalmadan dünyasını dəyişir. Bir çoxu da bu şərtlərlə yaşamağa dözmədiyindən intihar edir. Bir neçə intihardan sonra nəhayət, hökumət Qarabağ qazilərinin ciddi problemləri olduğunu etiraf etdi. Onların təmsilçiləri ilə görüşüb, problemlərin həll olunacağını vəd etdi. Nəhayət, dünən çoxdan gözlənilən fərman verildi. Beləliklə, Qarabağ qazilərinə verilən prezident təqaüdü “artırılıb”, 1-ci qrup müharibə əlillərinə 150 manat, 2-ci qrup müharibə əlillərinə 130 manat, 3-cü qrup müharibə əlillərinə isə 100 manat həcmində müəyyən edildi. İndi özünüz düşünün, Qarabağ qazisi bu pulla necə dolansın, necə müalicə olunsun, necə ailə saxlasın? Necə olur ki, Azərbaycan hökuməti Avrovizion mahnı yarışmasına 500 milyon manat, Avropa Olimpiadasına 800 milyon manat, şəhərin mərkəzində bir parkın (Qış bulvarı) tikintisinə 1 milyard manatdan artıq pul xərcləyə bilir, başqa bahalı layihələri maliyyələşdirir, amma sağlamlığını vətənin müdafiəsində itirmiş təqribən 11 min nəfərə qədər Qarabağ müharibəsi əlillərinə, məsələn, ayda 1000 manat təqaüd verə bilmir? İldə təqribən 50 milyon manat əlavə vəsaitlə Qarabağ qazilərinin təqaüdü ayda 500 manata, 100 milyon manat vəsaitlə isə ayda 1000 manata çatdırıla bilər. Böyükmü vəsaitdir? Bir ortabab oliqarxın il ərzində oğurladığı vəsaitdən çox deyil axı.

İndi isə fotodakı Qarabağ qazisi haqqında.

Şünasi Cümşüd oğlu Babayev 1961-ci ildə Şuşada anadan olub. Şuşa uğrunda döyüşlərdə zabit kimi vuruşub. Aldığı güllə yarası nəticəsində bir qıçını itirib. Uzun illərdir ki, müalicə olunur. Ayağında çürümə getdiyi üçün Ukraynada, Türkiyədə, Almaniyada əməliyyat olunub. 22 dəfə əməliyyat olunan qazi, məcburiyyət qarşısında dəfələrlə banklardan kredit götürüb. Ayaq sümüyü çürümədən xilas edilsə də, özü bankdan götürdüyü kreditlərdən canını qurtara bilməyib. Kredit borcu 40 mini keçib. Hazırda Sabunçu rayon Pirşağı qəsəbəsində məcburi köçkünlərin yerləşdiyi Qızılqum sanatoriyasında yaşayan qazinin isə bu borcu ödəmək imkanı yoxdur. Dəfələrlə intihar etmək istədiyini vurğulayan qazini fikrindən daşındıran yeganə səbəb övladları olub. Hökumətə, bütün hazıra nazirlərə, Qarabağ qazilərinə dövlət qayğısından danışmağı sevənlərə müraciət edirəm. Heç olmasa konkret bir adamı, indi darda olan Şünasi bəyi xilas edin!”./azadlıq/

1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:11