Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2014

Putin Qərbə meydan oxudu

«İsterikaya son qoyun, «soyuq savaş» ritorikasından əl çəkin və Rusiyanın milli maraqlarına hörmət edin!»

«Sanksiyalar Rusiyaya qarşı bədnam siyasətin davamıdır»

Martın 18-də Kremldə Krımın və Sevastopolun Rusiyaya birləşdirilməsi ilə bağlı saziş imzalanıb. Sənədə Rusiya prezidenti Vladimir Putin, Krım rəhbərliyi və Sevastopolun meri imza atıb.  İmza mərasimindən sonra Putinin Krımdakı və Ukraynadakı son olaylarla bağlı geniş çıxışı olub.

«Krım Rusiyanın ayrılmaz parçasıdır»

Putin bildirib ki, Krım əhalisinin 96 faizinin yarımadanın Rusiyaya birləşdirilməsinə səs verməsi olduqca real və inandırıcı nəticədir: «Krım müxtəlif xalqların möhtəşəm mədəniyyət və ənənələrini özündə birləşdirən məkandır. Bununla o, böyük Rusiyaya bənzəyir. Hansı ki, əsrlər keçsə də, Rusiyada bir etnos belə, yoxa çıxmayıb. Krım torpaqlarında ruslar, ukraynalılar, krım tatarları və başqa millətlər öz adətlərini, inanclarını və dillərini qoruyaraq yaşayıblar. Krım insanların qəlbində və şüurunda  Rusiyanın ayrılmaz parçası kimi olub və bu cür də qalmaqdadır».

Putin Krım tatarlarına söz verdi

Daha sonra Rusiya prezidenti krım tatarları ilə bağlı məqama toxunub: "Vaxt vardı ki, krım tatarlarına SSRİ-nin başqa xalqları kimi, böyük haqsızlıq edilmişdi. O zaman repressiyalardan ayrı-ayrı millətlərdən olan milyonlarla insan əziyyət çəkmişdi. Əlbəttə ki, ilk növbədə ruslar. Amma Krım tatarları öz torpaqlarına qayıtdılar».
Putin Krım tatarlarına pozulmuş hüquqlarını və xoşməramlı adlarını bərpa etməyə söz verib: «Hesab edirəm ki, Krım tatarlarının reablitasiyasının yekunlaşması üçün lazım olan bütün siyasi, qanunverici addımlar atılmalıdır. Bura onların müştərək evidir. Və çox düzgün olar ki, Krımda üç dövlət dili olsun – rus, Ukrayna və krım-tatar dili».

«Ukraynada legitim hakimiyyət yoxdur»

Rusiya prezidenti Ukraynadakı olaylardan danışarkən bildirib ki, həyata keçirilən dövlət çevrilişinin əsas icraçıları millətçilər, neonasistlər, rusfoblar və antisemitlərdir: «Onlar dövlət çevrilişi hazırladılar. Hakimiyyəti ələ keçirmək yolunda  onları heç nə dayandırmadı. Nəticədə qarşıdurmalar, qətllər və terror baş verdi. Bunların da əsas qəhrəmanları millətçilər, neonasistlər, rusfoblar və antisemitlər idi. Aydın məsələdir ki, bu gün Ukraynada legitim hakimiyyət yoxdur. Kiminlə danışıq aparacağını bilmirsən. Bəzi nazirlərin qəbuluna isə yalnız Maydandakı silahlıların razılığı ilə düşmək olur».

«Albanlara olar, krımlılara yox?»

Putin bildirib ki, Ukraynanın güclü dövlət olmasını istəyir. Onun sözlərinə görə, Krımın müstəqilləşməsi beynəlxalq hüquqa və təcrübəyə zidd deyil: «Bunun əksini iddia etmək ikili standart yox, ondan da betər hərəkətdir. Öz maraqlarını belə kobud şəkildə həyata keçirmək olmaz. Krımlıların seçimi beynəlxalq hüquqla dəqiq şəkildə uzaşır. Nəyə görəsə Kosovoda albanlara olar, amma Krımda ruslara, ukraynalılara və Krım tatarlarına olmaz».
Prezident Krım ərazisindəki ukraynalı əsgərlərə də təşəkkürünü bildirib: «Əgər Krımın özünümüdafiə qüvvələri vəziyyəti nəzarətə götürməsəydi, mütləq qurbanlar olacaqdı. Bilirsiz niyə qurbanlar olmadı? Xalqın iradəsinə qarşı döyüşmək çətin, hətta qeyri-mümkündür. Mən həmin ukraynalı hərbçilərə təşəkkür etmək istəyirəm. Onlar qan tökülməsinə getmədilər və özlərini qanla ləkələmədilər».

«Hər şeyin bir həddi var!»

Putin Rusiyaya qarşı yönələn sanksiyalara da münasibət bildirib: «Rusiyanı sanksiyalarla hədələyirlər. Biz onsuz da məhdudiyyətlərlə üzləşirdik. Bizim tam əsasımız var ki,  bu bədnam siyasətin bu gün də davam etdirildiyini iddia edək. Bizi küncə sıxışdırmaq istəyirlər. Çünki ikiüzlülük etmirik və hər şeyi öz adıyla çağırırıq. Amma hər şeyin bir həddi var». 
Putin sanksiya müəlliflərini isterikaya son qoymağa, «soyuq savaş» ritorikasından əl çəkməyə və Rusiyanın milli maraqlarının olduğunu qəbul etməyə çağırıb: «Bu maraqları nəzərə almaq və onlara hörmək etmək lazımdır».

Putin Çinə təşəkkür etdi

Prezident Krım məsələsində anlayış göstərən ölkələrə, o cümlədən Çinə təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə təcavüz etməyəcək: «Biz ölkəni kor qoyanlardan fərqli olaraq Ukraynanın ərazi bütövlüyüünə hər zaman hörmət etmişik. Bu gün orada baş verən vətəndaş qarşıdurması birbaşa onların vicanına yazılır. Sizi Rusiya ilə qorxudanlara, Krımın ardınca başqa regionların gələcəyini iddia edənlərə inanmayın! Biz parçalanma istəmirik. Bu bizə lazım deyil. Krım əsrlərdir olduğu kimi, orada yaşayan bütün millətlər üçün doğma ev olacaq. Bu strateci ərazi davamlı suverenlik şəraitində mövcud olmalıdır. Bunu da faktiki olaraq Rusiya təmin edə bilər».

«NATO hasarımızın yanında ağalıq edə bilməz!»

NATO ilə əməkdaşlığa qarşı olmadıqlarını deyən Rusiya prezidenti bildirib ki, onların razı salmayan məqam hərbi təşkilatın onların tarixi torpaqlarında, hasarlarının yaxınlığında ağalıq etməsidir: «Mən təsəvvür edə bilmirəm ki, biz Sevastopoldakı NATO dənizçilərinə qonaq gedirik. Onlar yaxşı uşaqlardır. Amma qoy, bizim Sevastopola qonaq kimi gəlsinlər».


1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber