Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Məni şərləmək üçün silahlar MTN-nin anbarından verilib

Pərviz Həşimli həbsinin detallarını açdı və İlham Əliyevdən gözləntisini yazdı

Həbsimin siyasi motivlərlə bağlı olması həm yerli, həm də beynəlxalq ictimaiyyətə bəllidir. Ancaq istərdim ki, bu ittihamları hazırlayan əməliyyatçıların, müstəntiqin mənə qarşı qanunsuz, saxta əməllərini konkret faktlarla və arqumentlərlə cavablandırım.

Təvəkkül Qurbanov kimdir?

Bu adamı həbsimdən təxminən bir ay öncə mənə etdiyi telefon zəngi ilə tanımışam. Zəng edib bildirdi ki, telefon nömrəmi Gəncədəki Ilqar adlı tanışımdan alıb, məqsədi Iqtisad Universitetində oxuyan oğlunun problemlərilə bağlıdır. Həmçinin dedi ki, oğlu siyasətlə maraqlanır və gənclərlə tanış olmaq istəyir.
Işlərimin çoxluğuna və Təvəkkülü şəxsən tanımadığıma görə onunla görüşdən bir neçə dəfə imtina etmişəm. Bütün bunlar telefon danışıqlarında da qeyd olunub. Ancaq nədənsə, istintaq Təvəkkülün mənə etdiyi cəmi 6 dəfə olan danışığı iş materiallarına daxil edib. Bütün danışıqlarda da zəng ondan gəlib və istintaq da bunu etiraf edib. Sual olunur: mən maraqlı şəxsəmsə, o zaman niyə bir dəfə də olsun, Təvəkkülə zəngim qeydə alınmayıb? Təvəkküldən gələn zənglərdə o, məndən israrla xahiş edir ki, görüşək və davamlı təkidlərdən sonra Bakıda ayaqüstü ilk dəfə onunla görüşürəm.

MTN-nin “səbət” planı

Bu söhbətdə Təvəkkül Iqtisad Universitetindəki rüşvətdən danışır. Mən isə təklif edirəm ki, rüşvət faktlarını yazılı şəkildə gətirsin, ictimailəşdirək. O isə bildirir ki, oğlu ilə yanaşı, digər tələbələr də bu işə qoşulacaq. Bu söhbətin sonunda Təvəkkül mənə Gəncədən “pay” göndərmək istədiyini deyir. Qətiyyətlə rədd edirəm. Bundan bir neçə gün sonra Gəncədən zəng vurur ki, sənə avtobusla “Gəncə səbəti” yollayıram. Çıx avtovağzalda, qarşıla. Bildirdim ki, yollasa belə, getməyəcəyəm, avtovağzalda qalacaq göndərdiyi. Indi məlum olur ki, mənə qarşı irəli sürülən 206.3.2 (qaçaqmalçılıq) ittihamının inandırıcı olması üçün MTN bunu Təvəkküldən tələb edirmiş. Məqsəd isə ondan ibarət imiş ki, silahlar Gəncədən Bakıya avtobusla yola salınır, mən də avtovağzalda “səbəti” sürücüdən qəbul edirəm və bu zaman məni video çəkilişi ilə həbs edirlər. Yəqin ki, “Lider” TV-də məlum çəkiliş üçün efir vaxtı da ayrılıbmış. Bu təklifi rədd etdiyimdən MTN-nin planını pozmuş oldum.

At kimi üzədurma

Təvəkküllə ikinci görüşüm yenə də onun israrlı zənglərilə baş tutdu. Bu dəfə Gəncədə həmin ortaq tanışımız Ilqarla görüşdük. 10-15 dəqiqə söhbət ərzində Ilqar məndən xahiş etdi ki, Təvəkkülə kömək edim. Elə oradaca hər ikisi ilə sağollaşıb ayrıldım. Maşınıma oturan an Təvəkkül qaçaraq təkrar yanıma gəldi və mənə qonaqlıq vermək istədiyini dedi. Təşəkkür edib ayrıldım. Sonuncu dəfə 17 sentyabrda, həbs olunduğum gün o, mənə zəng etdi ki, görüşək, yaxınlıqdayam. Dəvət etdim “Bizim Yol”un ofisinə ki, içəri buyursun. Amma o, bayıra çıxmağımı xahiş etdi. Yenə sual olunur: mən ondan silah gözləyirdimsə, niyə onu 8-9 nəfərlə birgə əyləşdiyim otağa dəvət edirdim? Beləliklə, ofisdən çıxıb yolun kənarında gözlədim. Yanımda 5-6 maşının dayandığını və içəridən silahlı şəxslərin düşüb mənə hücum etdiyini gördüm. Vurularaq yerə yıxıldım, qollarımı qandallayıb, başıma torba keçirib, məni MTN yaxınlığında bir əraziyə gətirdilər. Orada Təvəkkülün öz maşınındakı silahları çıxarıb, guya onları mənə gətirdiyini müəyyən etdilər. At kimi şərəfsizcəsinə üzümə duran Təvəkküldən “ailənə-uşağına bu yollamı çörək qazanırsan?” deyə soruşsam da, o susdu. Sonrakı günlərdə bildim ki, onu bu yola vadar edən öz arvadı imiş. Təvəkkülün arvadı MTN-nin Gəncə şəhər Idarəsinin rəis müavini Elşənin şadlıq sarayında mühasib kimi çalışır. Sonralar da onu öyrəndim ki, bu ər-arvad daha bir neçə nəfərin üzünə duraraq həbsə göndərib.

Bu suallar sizdə də maraq doğurmalıdır...

Təvəkkül istintaqa ifadəsində yazır ki, guya, məni 2005-ci ildən tanıyır. Həmin il mən hərbi xidmətdə olmuşam. Onun məni tanıması, göründüyü kimi, yalandır. Doğrudan da məni əvvəldən tanıyırdısa, o zaman niyə sentyabrdan öncəki aylara təsadüf edən telefon danışıqlarımız yoxdur? Saxta cinayət işində adları keçən “iranlılara” gəlincə, tam məsuliyyətimlə bəyan edirəm ki, belə bir adamlar yoxdur. Və silahlar da Təvəkkülə MTN-nin anbarından verilib. Istintaq bir dəfə də olsun, mənim telefonumdan Irana gedən zəng müəyyən etməyib. Yaxud silah sifarişçisiyəmsə, məntiqlə mən Təvəkkülə zəng etməliydim. Amma yoxdur bu zəng. Elşən Murtuzov adlı müstəntiq yazır ki, guya MTN-də Təvəkkülün iranlılarla görüşməsi barədə əməliyyat məlumatı olub və onun Biləsuvarda iranlılarla görüşəcəyinə dair 2 saat öncə telefon danışıqları dinlənilib. O zaman sual yaranır: MTN nədən Təvəküllə iranlının görüşü zamanı onları həbs etməyib? Əgər orada silah alqı-satqısı baş verirsə, bu cinayətdir və cinayətkarlar cinayət başında həbs edilməli idi. Indi isə yazırlar ki, “şəxsiyyəti istintaqa bəlli olmayan Iran vətəndaşları”. Yaxud, gizli video çəkilişlərdə peşəkar olan MTN nə üçün Təvəkkülün iranlılarla görüşünü çəkməyib? Digər bir sual: həmin iranlı gəldiyi kimi də geri dönərkən niyə saxlanılmayıb? Göründüyü kimi ortada absurd, gülünc bir durum var.
Digər bir məqam, Təvəkkülə istintaq ifadəsində yazdırırlar ki, həmin iranlı onunla görüşə Iran Islam Respublikasına məxsus avtomobillə gəlib. Bu isə o deməkdir ki, həmin şəxs Azərbaycana silah gətiribsə, gizli yollarla keçirməyib. Yəni, öz avtomobili ilə həm Iranın, həm də Azərbaycanın gömrük-keçid və sərhəd-buraxılış məntəqələrindən keçib. Yenə sual yaranır: necə olur ki, bir “sumka” silah hər iki ölkənin sərhədçilərinin gözündən yayınıb? Axı hamı bilir ki, Azərbaycan sərhədçiləri insanın ağzının içinə kimi yoxlayırlar... 

Qondarma ittihamlar

Dövlət Sərhəd Xidməti vəkillərimin 17 sentyabrda sərhəd pozuntusu ilə bağlı sorğusunu cavabsız qoyub. Çünki belə bir hal yoxdur. Hətta istintaq materiallarında belə, həmin iranlıların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hər hansı bir məqam yoxdur. Məhkəmədə Təvəkkül də sualıma cavab olaraq bildirdi ki, müstəntiq 17 sentyabr 2013-cü ildə Azərbaycanın dövlət sərhədindən keçən iranlıların foto və ya video görüntüləri ona nümayiş etdirilməyib ki, ona silah gətirəni göstərsin. Axı sərhəddən keçən şəxsin foto və ya video görüntüləri qeydə alınır. Istintaq nədən “naməlum” adlandırdığı şəxslərin kimliyinin müəyyənləşməsində maraqlı olmayıb? Göründüyü kimi, CM-nin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə mənə irəli sürülən ittihamın saxta və qurama olması göz önündədir.
Mənə qarşı CM-nin 228.2.1 (qanunsuz silah saxlama, daşıma) maddəsilə irəli sürülən ittihamın da saxta olduğunu sübut etmək çox asandır. Birincisi, evimə axtarış adı ilə silahlı hücum təşkil olunub. Axtarış üçün heç bir məhkəmə qərarı olmayıb. Cinayət-Prosessual Məcəllənin 243-cü maddəsində məhkəmə qərarı olmadan axtarış aparılmasının halları müəyyən olunub. Qanunda göstərilir ki, əgər axtarış aparılmalı olan yerdə insan meyiti varsa, həbsxanadan qaçıb gizlənən cinayətkar varsa, orada şəxsiyyət və dövlət əleyhinə cinayət törətməyə hazırlaşan şəxs varsa, müstəntiq axtarış qərarı verə bilər. Göründüyü kimi, bu hallar olmadığı halda müstəntiq axtarış qərarı verib.

“Silah və qumbaranı MTN qoyub”

Evimdə silahı qonaq otağı adlandırılan zala yerləşdiriblər. Heç bir silah saxlayan şəxs onu qonaq-qaranın olduğu və ən çox istifadə olunan otağa qoymaz. Evdəki divanın altında (döşəmə ilə divanın arası 10-15 santimetrdir) uşağın oyuncaqları olur. Qızım Zeynəb itirdiyi oyuncaqlarını əksər vaxtlarda divanın altından çıxarır. Hansı ata uşağının hər gün əlini uztdığı yerə silah qoyar?
Digər bir fakt, obyektiv araşdırma aparılırdısa, nədən təhlükəsizlik kamerasının yaddaş aparatını və kartını özləri ilə aparıblar? Həyətdəki kiçik tikiliyə qumbaraları yerləşdirərkən görüntülər qeydə alınıb.
Sadaladığım bu iki fakt sübut edir ki, silahı və qumbaraları MTN-nin Anti-Terror Mərkəzinin əməkdaşları öz əlləri ilə yerləşdiriblər. Mənə qarşı irəli sürülən CM-nin 228.2.2-ci (silah-sursatı təkrar saxlama, daşıma) maddəsilə ittihama gəlincə, bu lap həyasızlıqdır. Təvəkkülün maşınındakı silahlara görə mənə bu ittihamı verdilər. Silah Təvəkkülün maşınından çıxır, amma “silah daşıma, gəzdirmə” ittihamını mənə verirlər.

Pul və şahidlər

Şahidlərə gəlicə, ilk prosesdə bildirdim ki, narkomanları şahid tutublar. Yanılmışam. Onların arasında həm də icra hakimiyyətinin əməkdaşları var imiş.
Təvəkkülün, guya ona 15 min dollar verməyim barədə həyasız yalanını isə özü və müstəntiq ifşa edib. Ilkin ifadəsində və müstəntiqin həbsimlə bağlı təqdimatında qeyd olunur ki, guya, 12 min dollar Gəncədə, 3 min dollar isə Bakıda vermişəm. Qeyd edim ki, istintaq müddətində məhkəmədə vəsatətlərim və şikayətlərimə baxılarkən müstəntiq Elşən Murtuzov da belə deyib. Ancaq ittiham aktında 15 min dolların hamısını elə Gəncədə verdiyimi yazıblar. Təkcə bu fakt pul məsələsinin də saxta olduğunu göstərir.

Gözləyirəm...

Ilham Əliyev çıxışlarında “bəzi hallarda ədalət pozulur, insanların haqqı pozulur, buna dözmək olmaz”, - deyə bəyan edir. Mən bir neçə fakt və ciddi arqumentlərlə bu işin nəinki ədalətsiz, hətta mənə qarşı bir cinayət olduğunu sübut etdim. Ona görə də ölkə rəhbərindən bu qanunsuzluğa, bu ədalətsizliyə müdaxilə etməsini xahiş edirəm və bunu gözləyirəm.

Pərviz Həşimli (vicdan məhbusu)

1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı