Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

Şiş ustalarından deputata xəncər kimi sözlər

Usta Zeynal: “Bizim şişib-daşan dərdlərimiz qalıb bir yana, kabab şişindən dəm vurur...”
“Kim deyir ki, Azərbaycanda kabab şişi düzəldilmir? Getsin yaxşı araşdırsın. Bakının hər yerində sexlər var. O sexlərdə bahalı dəmirdən şiş qayırırlar. Amma alan yoxdur. Çünki bahadır”.

Sabunçu qəsəbəsində kabab şişləri və manqal satan usta Zeynal belə deyir.
Onun sözlərinə görə, yerli şişin qiymətinin biri 3-5 manat arası dəyişir. Ona görə də yerli şişə tələbat azdır. Bəzi bahalı restoranları işlədənlər, yayda rayonlara gəzməyə gedən imkanlı adamlar, kabab şişindən başı çıxan adamlar yerli mala üstünlük verir. Amma əksəriyyəti “kitayski” şişlərdir. Onların bir qutusu 3 manatdır. Tək-tək isə 50 qəpiyə satılır.

Usta Zeynal deyir ki, deputat Sahib Alıyevin parlamentdə bu haqda çıxışından xəbərdardır və kabab şişləri haqda sorğu-sualımızdan dərhal marağımızın səbəbini bilir: “Mən özüm qəzetləri gündəlik oxuyuram. Bu adamın işi-gücü yoxdur. Bizim şişib-daşan dərdlərimiz qalıb bir yana, kabab şişindən dəm vurur”.

Onun kabab şişləri ilə birlikdə şəklini çəkməyimdən imtina edən usta, bu mövzuda “n” qədər danışmağa razıdır. Deyir ki, Sabunçu bazarına həftəsonu kabab şişləri aparılır: “Yerli mallar bu dəqiqə rayonlarda da istehsal olunur, Bakıda da. Ancaq ucuz olmağına görə Çindən gətirilənləri alırlar. Heç Türkiyədən də bizə kabab şişləri gətirilmir. Bazarda ən çox 50 qəpiklik ”kitayski" şiş “xod” gedir".

Usta Zeynal deputatın parlamentdə qaldırdığı bu məsələyə gülür: “Ölkənin başı şişdir. Şiş xəstəliyi tutub bu milləti. Bizi dərd-bəladan xilas etmək əvəzinə kabab şişinin cəfasını çəkir. Heç elə kasıb adamlar var ki, kabab yeyə bilmirlər. Əvvəlcə kabab şişi tapmaq yox, ona çəkiləcək əti ala bilmək üçün millətin vəziyyətini yaxşılaşdırmaq lazımdır”.

Həmsöhbətimiz danışır ki, deputatın milli şişlərdən xəbəri olmayıb: “Ona səhv məlumat verilib. Bizdə milli şiş var. O gün qəzetdə oxuyuram, deyir ki o şişdən niyə bizdə yoxdur? Yadıma kinodakı söz düşdü, deyir o əjdahadan niyə bizdə yoxdur? Vallah, gedin mağazaları gəzin, milli şiş də var, manqal da. Amma çoxuna sərf eləmir bir ədədinə 5 manat verib şiş alsın”.

Başqa bir yerdə isə söhbətləşdiyimiz ticarətçi Həsən ironiya edərək dedi ki, deputat sözü elə deyəydi “nə şiş yansın, nə kabab”. Onun sözlərinə görə, Bakıda istənilən qədər milli şiş satılır: “Bizim mağazada ”kitayski" şişin biri 60 qəpikdir. Amma milli şiş 3 manata da var, 5 manata da. Milli şişin fərqi var. Onu kabab bişirən bilir. Kababın tamı başqa cür olur. Həm də təmiz dəmirdi də. Deputat gəlsin, ona milli şiş verək. Qəti narahat olmasın. Başa düşürük, Milli Məclisdir. Gərək şişi də milli ola, məclisə gərək yerli mal verilsin. Məclisdə ancaq yemək haqda fikirləşirlər. Biri yas mərasiminə banan verilməsindən, o biri kabab şişindən danışır".

Qısa reydimiz zamanı belə aydın oldu ki, deputatın dedikləri həqiqətdən uzaqdır. Əslində Azərbaycan kabab şişi istehsal edir. Sadəcə, bahalı olmasına görə çoxunun almağa imkanı çatmır. Elə satıcılar da təklif edirlər ki, deputat parlamentdə qiymət problemini qaldırsın, maaşların artırılmasını təklif etsin. O halda hamının bahalı milli şiş almağa gücü çatar.
Bu mövzu ilə bağlı isə politoloq Hikmət Hacızadə qaynar.info-ya bildirib ki, milləti düşünən bir deputat tapılıb: “Sahib bəy düz deyir. Kabab bizimdirsə, şiş də bizim olmalıdır. Manqal və kömür də milli olmalıdır. Bəyənilsin, dəstəkləyirəm və mən onun tərəfinə keçirəm. Bundan sonra aftafa və təsbeh də milliləşdirilməlidir, bir də paz”.

“Bəs ”zubaçiska" necə, o da milliləşməlidir" sualına isə H.Hacızadə belə cavab verib: “Cığallıq eləməyin, bu ciddi mövzudur. ”Zubaçiska" bizə nə vaxt gəlib? Bu, bizlik deyil. Bizim olan paz, saqqal darağı, aftafa və nəhayət, təsbehdir".

Xatırladaq ki, deputat S.Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahatlıq hissi keçirdiyini deyib. O, ölkəmizdə kabab bişirən şişlərin istehsal olunmamasından danışıb. Qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş Azərbaycanda istehsal olunmur: “Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevirik, ”millidir" deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun".
1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13