Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2014

«Cəmiyyət Qarabağ qazilərinə sahib çıxmalıdır»

İctimaiyyət xadimləri Qarabağ qaziləri, əlillərinin taleyinə biganə qalmamağa çağırdı

Ötən ilin sonunda Qarabağ qazisi Zaur Həsənovun problemlərinin çözülməməsi üzündən özünə qəsd etməsi daha sonra ölkədə intihar dalğasının əsasını qoydu. Bu hadisədən sonra dövlət strukturlarında hüquqları pozulan, dövlətin yürütdüyü sosial siyasətin yarıtmamazlığından əziyyət çəkən vətəndaşların bir çoxu intihar yolunu tutdu. Bu istiqamətdə il başlayandan çeşidli etiraz aksiyaları da keçirilib. Amma bir fayda yoxdur. Uzun sürən etirazlardan, ictimaiyyətin Qarabağ qazilərinə etinasız nümayişinə sərt reaksiyasından sonra dövlət başçısı bu təbəqəyə verilən müavinətlərə cüzi artım edərək, bir sıra sosial güzəştlər nəzərdə tutdu. Bu baxımdan hakimiyyətdən bu məsələyə ədalətli yanaşmanı gözləmək öəlkə də yersizdir. Amma soz zamanlar Qarabağ qazilərinə münasibətdə cəmiyyətdə, ictimaiyyət xadimləri arasında da bir biganəlik yaşanır. Öz «facebook» səhifəsində bu biganəliyə toxunan AXCP sədri Əli Kərimli bildirib ki, bu cür münasibət yolverilməzdir: «Nə baş verir dostlar? Qarabağ qazilərinə lazımınca duyarlı ola bilməməyin səbəbi nədir? Hökumət bütövlükdə Qarabağı, o cümlədən Qarabağ uğrunda vuruşanları unutdurmaq siyasətində bu qədərmi uğur qazanıb? Yoxsa, hakimiyyət Qarabağ və vətənpərvərlik mövzusunu o qədər istismar, sui-istifadə edib ki, bütövlükdə mövzu gözünüzdən düşüb? Bəlkə bəzi Qarabağ qazilərinin problemlərini həll etmək üçün hökumətlə dil tapmaq, əməkdaşlıq etmək istəkləri xoşunuza gəlmədiyindən qazilərə küsmüsünüz?».

Məsələ ilə bağlı ictimaiyyət nümayəndələrinin münasibətini öyrəndik. Onlar da AXCP sədrinin fikirlərinə bölüşdüklərini söylədilər. Mövqeyini öyrəndiyimiz şəxslər də hesab edir ki, cəmiyyət vətən uğrunda vuruşanlara sahib çıxmalıdır.

Leyla Yunus: «Qarabağ qaziləri, əlilləri hazırda aldıqlarından qat-qat artıq təqaüd almalıdırlar»

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, hazırda Azərbaycan vətəndaşları ağır iqtisadi-sosial durumdadır və onların heç bir hüquqi müdafiəsi yoxdur. Dövlətin vətəndaşların mülkiyyət, yaşamaq və digər hüquqlarını kobud şəkildə pozduğunu deyən L.Yunus vurğuladı ki, insanları öz qayğıları ilə məşğul olmağa vadar ediblər: «Amma biz Qarabağ qazilərini unutmamalı və onların taleylərinə biganə yanaşmamalıyıq. Qarabağ qaziləri, əlilləri hazırda aldıqlarından qat-qat artıq təqaüd almalıdırlar. Bunun mümkünsüz olduğu ilə bağlı hakimiyyətin gətirdiyi arqumentlərə isə cavab olaraq dövlət büdcəsindən səmərəsiz xərcləri, Belarus və başqa dövlətlərə aşağı faizlə verilən böyük pulları qoymaq lazımdır. Bundan başqa hakimiyyət dünyanın müxətlif ölkələrində xeyriyəçiliyə külli miqdarda vəsait xərcləyir, kilsələri yenidən bərpa edir. Necə olur ki, bütün bunlara pul tapılır. Amma Qarabağ qazilərinə verilməyə pul tapılmır. Ona görə cəmiyyət və ictimaiyyət xadimləri olaraq bu məsələni qaldırmalıyıq».

Qulu Məhərrəmli: «Cəmiyyət və hökumət bu insanlara ciddi qayğı göstərməlidir»

Telejurnalist Qulu Məhərrəmli isə bildirdi ki, vətəndaşlarımız döyüşü görən, torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını fəda edən Qarabağ qazilərinə, əlillərinə qarşı böyük hörmətlə yanaşmalıdırlar: «Qarabağ qaziləri, əlilləri cəmiyyətin üzdə olan insanlarıdır. Bu insanlara hörmət çox azdır. Bu insanların yeri çox yüksək olmalıdır. Mənim tanıdığım kifayət qədər Qarabağ əlilləri var. Bir anlığa o situasiyanı göz önünə gətirəndəki bu insanlar ölkənin bütövlüyü üçün öz sağlamlıqlarını fəda ediblər. Deməli cəmiyyət və hökumət bu insanlara ciddi qayğı göstərməlidir. Mən əvvəllər bu istiqamətdə elə bir ciddi problem görmürdüm. Bilmirəm ya məmurlar həddindən artıq harınlayıb, ya da insanlarda sevgi hisssi itib, Bütün bunlar Qarabağ qazilərinin durumu hər ötən gün daha da ağırlaşır. Mən hesab edirəm ki, bu şəxslər ən yüksək hörmətə, münasibətə layiqdirlər. İnsanlar son zamanlar hər şeyə öz həyatlarına, çevrələrinə də biganədirlər. Amma bir balaca müharibə qorxusu yaranan kimi biz vətən uğrunda döyüşmüş insanlar barədə düşünməyə başlayırıq».

Eldəniz Quliyev: «Biz qazilərə, Qarabağ əlillərinə, şəhidlərə lazımınca borcumuzu qaytara bilmirik»

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də bildirdi ki, Qarabağ qazilərinin vətən qarşısında etdiklərinin borcunu heç zaman qaytarmaq olmaz: «İnsanın insana borcu olur. Amma cəmiyyətin də müəyyən kəsim insanlara borcu var. Cəmiyyətin isə ilk növbədə borcu həmin cəmiyyəti qoruyanlara, onun uğrunda canından keçənlərə olur. Bu borc mənəvi borcdur. Çox təəssüf ki, Azərbaycanda biz qazilərə, Qarabağ əlillərinə, şəhidlərə lazımınca borcumuzu qaytara bilmirik. Onların ağrı-acısı, problemləri bir çox hallarda biganəliklə üzləşir. Onların taleylərinə sönük yanaşılır, problemləri həll olunmur. Bu da Azərbaycan hakimiyyətinin onlara sayğısızlığından irəli gəlir. Dünyada belə bir parktika var. Hər bir ölkənin qazisi ən hörmətli şəxsiyyətlər sırasındadır. Bizdə isə hətta görüntü xatirinə Qarabağ qazilərinin müavinətini də artırırlar. Bu da əslində onları təhqir etməyə bərabərdir. Səbəb həmin artımın olduqca cüzi olmasıdır».

Qarabağ qazilərinin hazırda daha çox cəmiyyətin diqqətinə ehtiyac duyduğunu deyən E.Quliyevin fikrincə, Qarabağ qaziləri, əlliləri etdiklərinin müqabilində sayğı istəyirlər. «Təəssüf ki, hazırda cəmiyyətdə pisə qarşı çıxmaq məsələsində imun sistemai zəifləyib», deyə E.Quliyev vurğuladı.

Firudin Məmmədov: «Əlillərin problemlərin həlli üçün qlobal mənada işlər görülməlidir»

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov bildirdi ki, Qarabağ qazilərinə, əlillərinə olan münasibəti iki dövrə ayırmaq olar. Birinci dövrün 2013-cü il dekabr ayına qədər davam etdiyini deyən F.Məmmədov vurğuladı ki, ötən ilin sonu Qarabağ qazisi Z.Həsənovun özünə qəsdi faiciə ilə nəticələndi: «Bu istər cəmiyyətin, istərsə də dövlət orqanlarının, məmurların laqeyidliyindən irəli gəlirdi. Qarabağ əlilləri haqq etdiklərini nə dövlətdən, nə də cəmiyyətdən görmürdü. Zaur Həsənovun intiharından sonra biz Qarabağ qazilərinə, əlillərinə qarşı ögey münasibətə son qoyulması məqsədilə müvafiq dövlət orqanlarına müraciət etdik. Əllilərin yetərincə problemi var və həmin problemlərin həlli üçün qlobal mənada işlər görülməlidir».

1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber