Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2014

Əliyev qardaşları azadlığa çıxmaq üçün hansı lobbi firmasına pul vermişdi...

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun biznesmen qardaşı Rafiq Əliyev azadlığa çıxmaq üçün Avropadakı lobbi firmalarından biri ilə vəkilləri vasitəsilə müqavilə bağlayıbmış.

Bu barədə keçmiş nazirə yaxın qaynaqlardan məlum olub. Məlumata görə, söhbət “Alber & Geiger” adlı lobbi və hüquq firmasından gedir. Keçmiş nazirin və qardaşının bu firma ilə bağladığı müqavilənin məbləği bəlli deyil.

Şirkətin saytında da bu barədə məlumat yoxdur. Çünki müştərilərin adları və sifarişlər, habelə müqavilənin dəyəri qapalı məlumatlar sırasına aid edilir.

Bununla belə müqavilənin məğzinin Əliyev qardaşlarının azadlığa buraxılması üçün Avropa institutları nəzdində lobbiçilik fəaliyyətinin göstərilməsindən və informasiya dəstəyinin verilməsindən ibarət olduğu məlum olub. Şirkətin saytındakı “Müştərilər” bölməsində göstərilir ki, “Alber & Geiger” firmasının qazandığı nailiyyətlərdən biri “Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması”dır.

Saytda göstərilir ki, “Alber & Geiger” firması siyasi lobbiçilik və hüquq xidmətlərlə məşğul olan aparıcı Avropa firmasıdır.

“İmic və reputasiya beynəlxalq münasibətlərdə və siyasətdə mühüm amildir. Biz müştərilərimizin siyasi problemləri və maraqları ilə məşğul oluruq. Müştərilərimizin maraqlarını ən yüksək diplomatik və siyasi səviyyələrdə təmsil edirik. Bizim firma keçmiş yüksək vəzifəli məmurlarını və siyasətçilərini, habelə Avropa İttifaqının yüksək profilli vəkillərini birləşdirir” - deyə firma haqdakı məlumatda bildirilir.

“Alber & Geiger” müştərilərinə aşağıdakı xidmətləri göstərir: lobbiçilik, diplomatiya və məhkəmə proseslərində hüquqların müdafiə olunması.

Qeyd edək ki, Əliyev qardaşları azadlığa çıxmaq üçün xarici lobbi şirkətlərinin xidmətlərindən əvvəllər də istifadə edib. Məsələn, Fərhad və Rafiq Əliyevlər həbs olunandan az sonra Azərbaycandan olan vasitəçilərin köməyi ilə ABŞ-ın lobbi firmalarından biri ilə müqavilə bağlamışdılar. Həmin firmanın lobbiçilik fəaliyyətlərinin nəticəsi olaraq bəzi senator və konqresmenlər Azərbaycan hakimiyyətini Fərhad Əliyevin azadlığa buraxılmasına çağırırdılar.

Məlumdur ki, keçmiş nazir bu lobbi xidmətlərinə və onun beynəlxalq təşkilatların təzyiqi ilə azadlığa buraxılmasını təmin etməyi öhdələrinə götürən bəzi korrupsiyalaşmış hüquq müdafiəçilərinə milyonlarla dollarla hesablana biləcək iri vəsaitlər sərf edib.

Lakin bu pullar boşa getdi və Fərhad Əliyev yalnız prezident İlham Əliyev tərəfindən əfv olunandan sonra azadlığa çıxdı. Bu baxımdan onun “Alber & Geiger” firmasına verdiyi pulların həmin əfv qərarına təsiri istisnasız olaraq şübhəli hesab oluna bilər./virtualaz/

1232 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber