Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Qarabağ əlili problemlər girdabında boğulur

Qazilərin ev və maşın növbəsini süni şəkildə uzadan kimlərdir və onların maraqları nədir?

Qarabağ müharibəsində sağlamlığını itirmiş I qrup əlil Asif Yusifli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki özbaşınalıqdan şikayətçidir. O, “Azadlıq”a bu qurumun məmurları tərəfindən hüquqlarının kobud şəkildə pozulmasından danışıb.

Laçın uğrunda gedən döyüşlərdə yaralanaraq II qrup əlil olan Asif Yusifli il yarım əvvəl avtoqəzaya düşüb və nəticədə aldığı xəsarətlərə görə əlillik dərəcəsi gücləndirilərək I qrupla əvəzlənib.

Asif Yusifli ailəlidir, həyat yoldaşı da Laçın rayonundan məcburi köçkündür. Onlar 1998-ci il təvəllüdlü qız və 2004-cü il təvəllüdlü oğul övladları ilə hazırda aylıq 150 manata qeyri-yaşayış sahəsində (“kladovka”) kirayədə yaşayır. Üstəlik, azyaşlı oğlu da II qrup gözdən əlildir: “Bir ailədə iki əlilin olması da müvafiq nazirlikdə köməyimizə gəlmir. Aldığım təqaüd heç müalicə xərclərinə bəs eləmir”.

Qarabağ qazisi problemləri daha detallı danışır: “Əvvəllər ciddi pozuntular, rüşvət halları olduğu üçün avtomobil növbəsinə dayanmamışdım. Son zamanlar Səlim Müslümovun açıqlamalarını eşidib, mən də avtomobil növbəsinə dayanmaq istədim. Lakin Respublika Tibbi Sosial Ekspert Komissiyasında əsassız get-gələ salındım. Hiss edirəm ki, Tibbi Sosial Ekspert Komissiyasının süründürməçiliyi nəticəsində əsəb xəstəliyi tapmaq üzrəyəm. Təklif edirəm ki, indiyə qədər avtomobil almış şəxslərdən və növbədə olan 660 nəfərin hər birindən seçmə yolla üç nəfər müəyyən edilsin, mənim də iştirakımla yoxlanılsın. Əgər onların travması daha ağır olsa, rəsmi şəkildə üzr istəməyə hazıram. Əks təqdirdə, mənim avtomobil növbəsinə dayanmaq hüququm tanınsın”.

Qarabağ əlili 14 ildir ev növbəsində olduğunu, ancaq süni əngəllərlə evdən də məhrum edildiyini bildirir: “2000-ci ildən əlillər və şəhid ailələri üçün tikilən mənzil növbəsindəyəm. 14 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nərimanov rayon Icra Hakimiyyəti hüquqlarımı kobud surətdə pozur. Ailə vəziyyətimin, mənzil şəraitimin son dərəcə ağır olmasına baxmayaraq, həmin təşkilatlardan mənzil almaq mümkün deyil. Nazirlikdə fəaliyyət göstərən və guya, mənzillərin ədalətli bölüşdürülməsilə məşğul olan komissiya o qədər ”gizli" işləyir ki, dünyanın bütün kəşfiyyat orqanları onlara həsəd apara bilər. Əslində, ictimaiyyətin gözü qarşısında açıq və şəffaf fəaliyyət göstərməli olan komissiya bir qrup məmurun əlində oyuncağa çevrilib.

Hələ 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişaf proqramında göstərilirdi ki, 2012-ci ilin ortalarına qədər növbədə olan bütün Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin olunacaq. Amma nədənsə, əhalinin ən imkansız təbəqəsinə ünvanlanmış bu vəd həyata keçirilməmiş qaldı. Bu vədin həyata keçməməsinin əsas baiskarları isə “dilənçidən pay umanlar”, o cümlədən keçmiş nazir Füzuli Ələkbərov, tikinti maqnatlarına torpağı milyonlarla manata satıb, qazi və şəhid ailələri üçün bina tikintisinə 5-10 sot torpaq qıymayan icra başçılarıdır.

Bir neçə il əvvəl dövlətimizin iqtisadi durumu imkan vermirdi ki, biz uca səslə mənzil tələb edək. Amma indi dövlətin imkanı var ki, arzu edənlərə torpaq sahəsi və ya mənzil almaq şəraiti yaratsın, hər kvadrat metr üçün 1500 manat vəsait versin. Əlillər də özlərinə ev-eşik qursunlar".
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat