Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2014

Tağı Əhmədovun Dubayda lüks istirahəti

Metro keçidlərində dükanları sökülən ticarətçilər isə dəymiş ziyanı kimdən alacaqlarını bilmirlər

Bakı Metropolitenin stansiyalarında ticarət köşklərinin ləğv edilməsi və satıcıların bir neçə ay öncə təmir üçün verdikləri 1000-1500 manatın qaytarılmamasıyla əlaqədar etirazlar davam edir. Bir neçə dəfə Metropolitenin binası önündə, Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) qarşısında, o cümlədən “Neftçilər” metrostansiyasında etiraz aksiyası keçirən ticarətçilər ödədikləri pulların geri qaytarılmasını tələb edirlər. Üstəlik, metro keçidlərində ticarət məqsədilə banklara olan borclarının bir müddətlik dondurulmasını, eləcə də ticarət mərkəzlərində yerlər istəyirlər. Lakin rəsmilər onların tələblərinə əhəmiyyət vermir.

Satıcılar deyir ki, mart ayı üçün yer pulunu ayın əvvəlində ödəsələr də, dükanlarında heç 20 gün işləyə bilməyiblər. Halbuki, Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onlara martın 27-dək işləyə biləcəklərini vəd etmişdi. Lakin Abutalıbovla görüşdən 3-4 gün sonra mağazaların sökülməsinə başlanıb. Çarəsiz qalan satıcılar çox ziyana düşməmək üçün mallarını dəyər-dəyməzə satmağa məcbur olublar.

“Bizə çox böyük zərbə vurdular. Ziyana düşdük. Hər yerdən əlimiz üzülüb. Mallarımızı ucuz qiymətə satdıq. Üstəlik, işləməyimiz üçün normal yer verilmir. ”Keşlə" bazarında pal-paltar satmaq mümkün deyil, “A.M.A.Y.”-da alıcı yoxdur. Hara gedək? “Binə”, “Sədərək”də işləyə bilmərik. Oradakı sahibkarla ayaqlaşmağımız çətindir. Bundan başqa, orada yer haqqı da yüksəkdir. Heç olmasa, 2-3 ay yer haqqına güzəşt edilsəydi, bizə dəymiş ziyan ödənilsəydi, təmir üçün verdiyimiz pullar geri qaytarılsaydı, ora gedərdik. Ancaq bunların heç biri yoxdur. Müflis olmuşuq. Hacıbala Abutalıbov bizə vəd verdi, ancaq onun sözünü eşitmədilər və bizi tez köçürdülər. Köçürülmə üçün ən azı, bir ay öncədən vaxt verilsəydi, mallarımızı yerbəyer edərdik. Ya mal almazdıq, ya da geri qaytarmaq şərtilə götürərdik. Ən azı, 3-4 min manat ziyana düşmüşük", - deyə satıcılar narazılıqlarını ifadə edirlər.

Metroda reklam və tualet qadağası

Metropolitenin yeni rəisi Zaur Hüseynov bugünlərdə daha bir əmrə imza atıb. O, tabeliyindəki işçilərə metro vaqonlarındakı reklam və elanların tezliklə yığışdırılmasını tapşırıb. Göstərişə əsasən, vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün şitlər qısa müddətdə ləğv olunacaq. Bir sözlə, tezliklə vaqonlarda heç bir reklama rast gəlinməməlidir.

Zaur Hüseynovun bu qərarının metro stansiyalarında yerləşdirilmiş reklamlara da aid edilib-edilməyəcəyinin hələ məlum olmadığı bildirilib.

“Virtualaz.org” saytının yaydığı xəbərə görə, metro stansiyalarında fəaliyyət göstərən tualetlər də artıq bir neçə gündür ki, bağlanıb. Metro işçiləri bu qadağanın metro stansiyalarında ticarətin qadağan olunmasından və ticarət obyektlərinin sökülməsindən sonra tətbiq edildiyini deyiblər.

Qeyd edək ki, bütün metro stansiyalarında pullu tualetlər var. Həmin tualetlər əsasən metro işçiləri üçün nəzərdə tutulsa da, sərnişinlər də onlardan istifadə edirdilər. Bu tualetlərdə qiymət 20 qəpik idi. Nəzarət işini isə hər stansiyanın xadimələri həyata keçirirdi. Yəni, bu tualetlərin də günlük planı var idi.

Bu arada o da məlum oldu ki, Metropolitenin keçmiş rəisi Tağı Əhmədov bayramla əlaqədar ailəsilə birlikdə Dubaya istirahətə gedib. Düzdür, mediada öncə Tağı Əhmədovun ölkəni birdəfəlik tərk edildiyi haqda məlumatlar yayıldı. Sonra isə bu xəbərlər təkzib edildi. Tağı Əhmədov Dubaya getdiyini təsdiqləsə də, yaxın günlərdə qayıdacağını söyləyib.

“Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burada istirahət edirik. Burada ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin... Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”, - deyə Tağı Əhmədov “xeberdar.az”a açıqlamasında bildirib.

Onu da qeyd edək ki, Tağı Əhmədovun Dubayla qaldığı bildirilən “Atlantis” oteli beşulduz lüks otellərdən sayılır. Burada qalmaq məmur maaşına uyğun deyil, çox bahalıdır. Amma göründüyü kimi, hətta vəzifəsini itirmiş azərbaycanlı məmur və ailə üzvləri bu dəbdəbəli oteldə dincəlir./azadlıq/
1348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber