Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Ərdoğanın kaseti yayıldı

Baş nazirin Samsun mitinqində yenə də “Atatürk krizi” yaşandı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan martın 25-də Samsunda keçirdiyi təbliğat mitinqində hakim partiyaya qarşı kaset qalmaqalı yaratmaq istəyən “camaat”ı sərt tənqid edib. Ərdoğan bildirib ki, bu saxta iddialarla hakimiyyəti dəyişmək mümkün olmayacaq: “Türkiyə iqtidarı ancaq seçki qutularından çıxacaq səslərlə dəyişə bilər. Türkiyədə iqtidara ancaq millət gətirir, millət aparır”.

Ancaq mitinq Ərdoğanın təkrar mesajları yox, “Atatürk portreti krizi” ilə yadda qalıb. Mitinqin keçiriləcəyi məkandan Mustafa Kamal Atatürkün portretini asan həkimə polis “portreti endir” göstərişi verib. Həkim göstərişi yerinə yetirməyib və “Bu torpaqlarda Mustafa Kamallar yenilməz” yazılan plakatı endirməyib. Sonradan bəlli olub ki, polisə Atatürkün portretini endirmək əmrini baş nazirin mühafizəçiləri verib.

Mühafizəçilər bildirib ki, baş nazir bu portretlərdən narahat olur. Ətrafdakılar bundan xəbərdar olunca gərginlik yaranıb. Vətəndaşlar AKP və Ərdoğan əleyhinə şüarlar səsləndirib. Bir qrup gənc posterin önünü kəsərək mitinqin sonuna qədər onun endirilməsinə imkan verməyib.

Ötən gün Türkiyə gündəminin ən çox danışılan xəbəri Rəcəb Tayyib Ərdoğanın evli olan böyük oğlu Burak Ərdoğanın əcnəbi sevgilisi ilə telefon danışığı olub. İnternet üzərindən yayılan telefon danışığı həm sosial şəbəkələrdə, həm də internet mediasında müzakirə edilib. Bir çox müəlliflər hər zaman ailənin müqəddəsliyindən danışan baş nazirin öz evində nələrin baş verməsindən xəbərsiz olduğunu vurğulayıb.

Martın 25-də müxalifət partiyaları da bir neçə mitinq keçirib. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı İstanbulun Gümüşhanə bələdiyyəsi önündə keçirdiyi mitinqdə Türkiyədə ciddi dəyişikliklərə ehtiyac olduğunu növbəti dəfə ifadə edib: “Bu seçimlər ancaq bələdiyyə başqanları seçməklə bitməyəcək. Eyni zamanda gələcəyimizin müəyyən edilməsi, siyasətin yenidən şəkillənməsi üçün önəmli bir başlanğıc olacaq”.
Baş nazir Ərdoğanın ölkədə twitter sosial şəbəkəsini bağlama qərarından sonra azad sözə basqılar davam etməkdədir.

Martın 25-də AKP-li Bolu bələdiyyə başçısı 3 yerli qəzet haqqında dərhal qapadılması tələbi ilə iddia qaldırıb. Odatv.com yazır ki, hər 3 qəzet müxalifyönlüdür. Səhər saatlarında iddia əsasında polis qəzetlərdən ikisinin ofisini möhürləyib. Digər qəzetlə bağlı tədbirlər məhkəmə qərarından sonraya saxladılıb.

Türkiyə Qəzetçilər Federasiyası bu olaya kəskin etirazlarını bəyanatla bildirib. Bəyanatda seçkilərə 5 gün qalmış hakim partiya təmsilçisinin iddiası ilə sərbəst düşüncənin, azad fikrin boğulması ölkədə demokratiyanın təməlinə vurulan zərbə kimi dəyərləndirilir. Bəyanatın sonunda bildirilir ki, bu qadağalarla AKP ölkədə avtoritar meyllərin əsasını qoyur: “Qəzetləri bağlaya, telekanalları partiyalarına xidmət etməyə məcbur edə bilərlər. Ancaq xalqı heç zaman susdura bilməyəcəklər”.

Radikal.com.tr isə yazır ki, artıq seçkini qazandığına əmin olan hakim AKP seçkinin səhəri günündən öz rəqiblərinə qarşı genişmiqyaslı kampaniyaya başlayacaq: “Paralel dövlət mənsubları hocaları ilə qarğış seansı yerinə ağlama seansları quracaq. Tədris kursları boşalacaq, məktəblərində heç kim qalmayacaq, Bank Asya müflis olacaq, Tuskon dağılacaq, xaricdəki məktəbləri bir-bir bağlanacaq, qarğış evləri dua evlərinə çevriləcək, qəzetlərindən istefa xəbərləri gələcək, telekanallarında kimsə qalmayacaq”.

Martın 25-də "CNN İnternational" Türkiyədəki 30 mart seçkiləri ilə bağlı verilişi təqdim edib. ABŞ prezidenti Corc Buşun müşaviri Devid Fram verilişdə AKP hökuməti haqqında sərt tənqidlər səsləndirib. D.Fram bildirib ki, Türkiyə birmənalı olaraq yanlış istiqamətə gedir: “Twitter yasağı Türkiyənin ən kiçik dərdlərindəndir. Çox güman siz hökumətin bu qərarının qısa zamanda məsxərəyə çevrildiyini, qərardan 24 saat sonra Türkiyədən 2,5 milyon twitt atıldığını bilirsiniz. Türkiyə NATO-nun müttəfiqidir, eyni zamanda Avropa Birliyi üzvlüyünə namizəddir. Bundan başqa İran, Suriya, Rusiya ilə üz-üzə dayan ön cəbhə ölkəsidir. Belə bir ölkədə hökumətin demokratiya qaydalarına uymayan davranışları, təbii, yolverilməzdir.

Fram 10 il öncə Ərdoğan kimi müsəlman demokratın radikal İslama diqqətçəkici bir alternativ olması fikirlərindən də söz açıb: “Ərdoğan Türkiyə iqtisadiyyatını liberallaşdırdı, etnik və dini azlıqlara azadlıqlar verdi. Bu təqdir ediləsi siyasətinə görə prezident Obama Ərdoğanı güvəndiyi 5 əcnəbi siyasətçidən biri saydığını bildirmişdi. Ancaq ilk gündən başlayaraq Ərdoğanın İslam demokratiyasının güclü bir avtoritet havası vardır”.
ABŞ eksperti avtoritar meyllərə misal olaraq Türkiyədə onlarla qəzetçinin, generalların həbs edilməsini, 2007-c ildə YouTube-a qadağa qoyulmasını misal çəkib: “Hakim partiyanın bu qərarlarına görə İslam dünyasındakı güvəniləcək ölkə artıq qabaqkı statusunu itirib. Türkiyə bu gün İrana qoyulan embarqoya meydan oxuyur. Türkiyənin xarici siyasəti qərbli ortaqlardan kənarda yeni ortaqlar, məsələn, Suriya, Çin, Rusiya kimi ölkələri axtarmaqdadır”.

Sonda Frum Krım böhranına da toxunub: “Rusiyanın Krıma əl qoyması ilə Qara dəniz bölgəsi qlobal böhran bölgəsinə çevrilib. Keçmişdə ABŞ və Qərb o dənizin gözəl sahillərində sağlam, məsuliyyətli, demokratikləşən bir müttəfiqə güvənə bilirdi. Ancaq indi belə deyil. Twitter yasağı çökdü. Twitter yasağı Türkiyəyə mənfi imic gətirməkdə davam edir və Ərdoğanın vəzifədə qaldığı müddətdə bu durum dəyişməyəcək".
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP