Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Elmar Vəliyevin oğlu Bakıda kortejlə gəzir

Qalmaqallı icra başçısı övladını kimdən və nədən qoruyur; Milli Məclisin işçisi olan Elmir Vəliyev bahalı maşınlardan ibarət karvanın və silahlı mühafizəçilərin müşayiəti ilə hərəkət edir; Vəliyevlər prezidentin ay yarım öncəki tapşırıq və tövsiyəsini qulaqardına vurub görünməmiş davranış sərgiləyirlər; Gəncə rəhbərinin oğlunun “Galendevagen”i AA seriyalı, digər avtomobillər isə AO və AZ seriyalıdır 

Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin gücləndirilmiş mühafizə altında və kortejdə gəzdiyi haqda məlumat əldə etmişik. Deyilənə görə, onun kortejində hətta ölkə prezidentinin kortejində olan çox bahalı maşınlar var. Bu haqda redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Elmir Vəliyev Gəncədən Bakıya ağ “Mercedes Galendevagen” markalı, Az 90 AA 700 nömrə nişanlı avtomobillə gəlməyi çox xoşlayır.

Məlumatlı mənbə “Yeni Müsavat”a bu haqda xeyli maraqlı bilgilər sızdırıb. Məsələn, deyilir ki, icra başçısının  oğlunun kortejinə daxil olan maşınların nömrə nişanları 700-lə bitir. 
Belə maşınlardan biri “Lexus” markalı, Az 90 AO 700 nömrə nişanlı maşındır. Hər maşında 3 nəfər mühafizəçi olduğuna dair məlumatlar var. Kortejdə prezident mühafizəsində olan bahalı “BMW”nin olduğu deyilir. Mənbə həmin maşının dövlət nömrə nişanını bu cür söylədi: Az 90 AZ 700. Bahalı “BMW”-nin nömrə nişanındakı AZ seriyası prokurorluq sisteminə aiddir. 


Həmçinin AO seriyası əsasən hərbi strukturlara aiddir. Belə məlumat var ki, həmin maşını Elmir Vəliyevə qayınatası, Baş Prokurorluqda idarə rəisi olan Əzizağa Həsənov bağışlayıb. Amma ola bilsin AZ və AO seriyalı maşınlar Hərbi Prokurorluğa aiddir. Çünki Elmirin əmisi Xanlar Vəliyev Azərbaycanın hərbi prokurorudur.  

Xatırladaq ki, Elmar Vəliyev Ə.Həsənovla ötən ilin fevralında quda olublar. Gəncənin icra başçısının oğlunun toyu prezidentin Bakı Biznes Mərkəzindəki konfransda məşhur çıxışından sonrakı günlərə təsadüf etmişdi. 2013-cü ilin 12 fevralında keçirilən konfransda prezident məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq etmişdi. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb etmişdi. 

“Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”- deyə İ.Əliyev bildirmişdi. 

Bu konfransdan sonra E.Vəliyevin halının pisləşməsi, hətta xəstəxanalıq olması haqda məlumatlar vardı. Amma başqa mənbələr E.Vəliyevin müşavirədə yıxılmasını tamam başqa səbəblə, özəl durumla əlaqələndirmişdi... 


Deyilənlərə görə, Elmar Vəliyev hələ Yevlağın icra başçısı vəzifəsində çalışdığı dövrdən oğlunu xüsusi qoruma altına aldırıb. Məlumatlı mənbələr bildirir ki. E.Vəliyev Yevlaxda başçı olanda Elmir Vəliyevin mühafizəsinə Yevlax polisinin 3 idmançı əməkdaşını cəlb edibmiş. Həmin polislər hər zaman oğul Vəliyevi öz tabel silahları ilə müşayiət edirlərmiş. 
Oğul Vəliyevin bir çox məmur övladları kimi bahalı maşınlara sevgisi də bəllidir. 

Adı Milli Məclisin Aparatında işçi kimi keçən Elmir Vəliyevi orada görən olmayıb. Amma ara-sıra Milli Məclis həndəvərində 150 min manatlıq “Mazeratti” sürməsi də gələn məlumatlar sırasındadır. Yeri gəlmişkən, həmin maşının nömrə nişanı da olduqca bahalıdır - 555.
Təəssüf ki, prezidentin məmurlara və onların yaxınlarına barmaq silkələyərək “özünüzü xalqdan üstün tutmayın, sadə həyat tərzi keçirin” ismarışları bir sıra məmurlar tərəfindən qulaqardı edilir. 


Xatırladaq ki, bu il fevralın 5-də prezident İlham Əliyev icra başçılarının və nazirlərin iştirakı ilə müşavirə keçirib. Dövlət başçısı son müşavirədə yenə də üzünü məmurlara tutaraq özlərini təvazökar aparmalarını tapşırıb. Prezident həmin müşavirədə demişdi ki, məmurlar xalqın xidmətçisidir, ona görə də xalqla mehriban davranmalıdırlar. İ.Əliyev “xalqın bir nömrəli xidmətçisi mən özüməm” - demişdi. 

Maraqlıdır ki, Vəliyevlər dövlətin başçısının bu kursunu, tövsiyə və tapşırıqlarını görməzdən gələrək nümayişkaranə şəkildə özlərini ən ali sort kimi aparırlar; rəsmi  maşınlarından istifadə edir, Gəncədə və paytaxt Bakıda silahlı mühafizəçilərlə gəzir, dövlətin resurslarından öz şəxsi komfortları, təhlükəsizlikləri üçün yararlanırlar.    

Yada salaq ki, son aylar öz var-dövlətini, harın həyat tərzini nümayiş etdirən bir xeyli məmur və onların övladları rəsmi və qeyri-rəsmi formada cəzalandırılıb. 


Sonuncu belə olay martın 15-də qeydə alınmışdı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55" markalı, Az 90 FE 007 dövlət qeydiyyat nişanlı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi maşını vurmuşdu. Məlum olmuşdu ki, məmur oğlu qəzanı sərxoş halda törədib. Nəticədə xalq artistinin həyat yoldaşı və azyaşlı nəvəsi dünyasını dəyişib. 

Bundan sonra M.Mədətov məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən qovuldu. Bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu ilə İsmayıllının icra hakimi olan qardaşının oğlu İsmayıllıda üsyana səbəb olan qudurğanlıq etmişdilər. Rayonun ”Kəpənək dairəsi" adlanan ərazisində bir maşını vurub sürücüsünü döyəndən sonra oğul Ələkbərovlar İsmayıllı camaatının ünvanına xoşagəlməz ifadələr işlətməkdən də çəkinməmişdilər. Buna görə Füzuli Ələkbərov nazir postunu, qardaşı isə icra başçısı kreslosunu itirmişdi.

Bu ilin əvvəllərində isə   Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə öz var-dövlətini, bahalı maşınlarını facebookda nümayiş etdirmişdi. Bunun üstündən az keçdikdən sonra atasını tutduğu vəzifədən azad etdilər. 

Təbii ki, bütün bu cəzalandırmalar dövlət başçısının iradəsi ilə baş verir. Yaxşı olardı ki, daha yüksək vəzifələr tutan məmurlar da övladlarının harın hərəkətlərinə görə cəzalandırılsınlar. Bu məsələdə ayrı-seçkilik olduqda cəmiyyət bu prosesi birmənalı şəkildə alqışlaya bilmir. 
 
Yazıda adları çəkilən şəxslərin mövqeyini qəzetdə dərc etməyə hazırıq./musavat/
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbd