Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2014

Metronun “20 Yanvar” stansiyasındakı dükanlar kimindir?

Metropolitendə ciddi ixtisarlar planlaşdırılır

Bakı Metropolitenində ticarət köşkləri söküləndən sonra sahibkarlara bir neçə yer təklif olundu. Satıcılar onlara təklif olunan ünvanları qəbul etmədiklərini bildirdilər. Onlar şəhərdən uzaqlığına, yer pulunun bahalığına, eləcə də alıcıların sayının azlığına görə “A.M.A.Y.”, Keşlə variantlarını istəməyiblər.

Metro ticarətçiləri yeni məkandan narazıdır

Metro ticarətçilərinin bir qismi “Şərq bazarı”na üz tutub. Onların sözlərinə görə, burada yer haqqı metrodakından çox da baha deyil. Amma hələ də yeni məkana öyrəşə bilməyiblər. Satıcılar onu da qeyd ediblər ki, metrodakı dükanların təmiri üçün verdikləri pulları hələ də geri ala bilməyiblər: “Biz pulumuzu tələb edirik. Onu versəydilər, işimizi görərdik. Vəziyyətimiz ağırdır. Yerini dəyişən alverçi necə olar? Müştərilərimiz yoxdur. Yəqin, bir-iki ay ziyana işləyəcəyik”.

Metronun “28 May” stansiyasının yaxınlığındakı ticarət mərkəzinə yerləşən bir neçə satıcı da yeni məkandan narazıdır. Onlar yer haqqının yüksək olmasından, eləcə də alıcıların azlığından şikayətçidir: “Metronun girişi təmir olunur deyə, sərnişinlərin çoxu ticarət mərkəzinin içindən keçib metroya düşür. Bir müddət sonra isə təmir olunan hissə istifadəyə veriləcək və bizə çox böyük yük düşəcək. Həm də müştəri yığmaq üçün bir müddət işləmək lazımdır. Biz hələ bir neçə ay qazancsız işləməliyik”.

Metronun “Neftçilər” stansiyasında çalışmış ticarətçilərin bir neçəsi yaxınlıqdakı ayrı-ayrı dükanlarda yer kirayələyib. “Əhmədli”də çalışanların da bir qrupu yeni iş yeri tapa bilib.

Metro ticarətçilərinin cüzi hissəsi “Xalqlar dostluğu” yarmarkasında icarəyə yer götürə bilib.

“Ayı 150 manata kənar bir yerdə kiçik dükan götürə bilmişik. Heç alver gedəcək yerə oxşamır”, - deyə keçmiş metro ticarətçisi “musavat.com”a bildirib.

Onlar qeyd edirlər ki, metropoliten rəhbərliyinin pulsuz yer icarəyə verməsi vədi ağ yalandır: “Bizə Günəşlidə, Keşlədə, həmçinin A.M.A.Y. ticarət mərkəzində yer təklif edirlər. Ora kim gedər? Təklif edilən yerlər ticarət mərkəzi qurulacaq yer deyil və orada satış mümkünsüzdür”.

Satıcılar bildirirlər ki, tapdıqları yerlər üçün icarə haqqını özləri ödəyirlər və metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd edib: “Həmin yerlər də normal deyil”.

Metrodakı yer haqqından dövlətə nə qədər vəsait gedirmiş?

Metroda ticarətlə məşğul olmuş şəxslər “Azadlıq”a onu da bildirdilər ki, onların ödədikləri yer pulunun çox cüzi hissəsi rəsmiləşdirilirmiş. Məsələn, 500 manat yer haqqı olan dükan üçün qaimədə 50-60 manat qeyd olunurmuş. Ilk baxışdan bu, inandırıcı görünməyə bilər. Ancaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədov bir müddət əvvəl “Azadlıq” radiosuna müsahibəsində çox məqamlara aydınlıq gətirmişdi. Müsahibədən kiçik bir hissəni diqqətinizə çatdırırıq: “... Ayda 70 min manat vəsait köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyr, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min Metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir”.

Tağı Əhmədov həmçinin bildirmişdi ki, həmin pullardan vergi ödənilmir: “Heç bir manat da ödənilmir”.

O, icarə haqqının məbləğini də açıqlamışdı: “Bir kvadrat metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır”.

Ancaq sonradan məlum oldu ki, icarədarlar metro rəhbərliyinə köşk almaq üçün verdikləri pullardan əlavə, aylıq da ən azı 600 manat yer haqqı ödəyirmiş. Yeri gəlmişkən, bir müddət əvvəl “azadmekan.org” saytı metrodakı köşklərlə bağlı araşdırma aparmışdı. Araşdırma nəticəsində bəlli olmuşdu ki, ümumilikdə Bakı Metropolitenində 1282 obyekt icarəyə verilib. Hər obyektdən aylıq orta hesabla 700-750 manat alınır. Bu da ilə 11 milyon manatdan artıq vəsait edir. Tağı Əhmədov isə ildə ticarətdən metroya gələn gəlirin 840 min manat olduğunu iddia etmişdi.

“20 Yanvar”dakı satıcılar əmindir ki...

Xatırladaq ki, metrostansiyalardakı bütün ticarət köşkləri yığışdırılsa da, “20 Yanvar” istisna olub. Bu stansiyadakı keçiddə köşklər fəaliyyətini davam etdirir. Öncə buranın da o biri stansiyaların aqibətini yaşayacağı haqda informasiyalar yayılsa da, sonradan təkzib edildi. Satıcılar əmindilər ki, onların ticarət köşkləri sökülməyəcək: “Bizə dedilər ki, sizin yerlər sökülməyəcək, istədiyiniz qədər işləyə bilərsiniz. Bu da bizi sevindirir. Burada 200-dən çox dükan var. Bu, 200 ailənin qazancı deməkdir. Sağ olsunlar, işləməyimizə imkan verirlər”.

Bakı Şəhər Icra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən mətbuata bildirilib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib. Metropolitenə aid olan ərazilərdə ticarət obyektləri sökülüb. Ancaq metronun “20 Yanvar” stansiyasındakı keçiddəki ticarət obyektləri metropolitenin ərazisinə aid deyil. Bu üzdən də onlara toxunulmayıb.

Metropoliten sözçüsü jurnalistlərdən narazıdır

Bu arada, o da məlum olub ki, “Bakı Metropoliteni” QSC-də çalışanlarla iki aylıq əmək müqaviləsi bağlanılıb. Sosial şəbəkələrdə idarənin əməkdaşlarına istinadən yayılan məlumatda deyilir ki, müqavilə müddəti bitəndən sonra ciddi ixtisarlar başlanacaq. Ilk olaraq təqaüd yaşına çatan metro əməkdaşları işdən çıxarılacaq.

Idarənin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva isə Metropolitenlə bağlı yayılan məlumatlara görə mətbuatı qınayıb. N.Tarıverdiyeva “virtualaz.org”a bildirib ki, təqaüdçülərin işdən çıxarılması təbiidir: “Yazırlar ki, mənə mətbuatla danışmaq qadağan edilib. Bəs sizinlə niyə danışıram? Sadəcə olaraq nizamnamə dəyişib, yeni struktur formalaşır. Mən buna görə də tam formalaşmadan açıqlama vermək istəmirəm. Ümumiyyətlə, metropolitenlə bağlı çox yanlış məlumatlar verilir”.

N.Tarıverdiyeva 2 aylıq əmək müqaviləsinin bağlanılmasından xəbərsiz olduğunu deyib: “Əmək müqaviləsinin bağlanılıb-bağlanılmadığı haqqında məlumatım yoxdur. Amma hazırda hər kəs iş başındadır”./azadlıq/
1138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber