Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Onlar təklif olunan kompensasiya ilə Bakıda mənzil tapa bilmirlər

“Bakının ”Sovetski" məhəlləsində inventarlaşma dayanmayıb, sadəcə, Novruz bayramı ilə bağlı fasilə verilmişdi" - bunu baş nazirin müavini Abid Şərifov söyləyib. Bu gündən inventarlaşma prosesinin davam edəcəyini deyən A.Şərifov inventarlaşmanın yalnız köçmək istəyən sakinlərin evləri və obyektləri ilə bağlı aparıldığını da bildirib: “Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, martın 19-na qədər “Sovetski” məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olur.

A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarlaşma prosesi başa çatandan sonra baxılacağını qeyd edib. Xatırladaq ki, martın 3-də keçirilən görüşdə A.Şərifov hökumətin 1 kvadrat metr üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq, köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.

“Sovetski” sakinləri “Azadlıq”a bildiriblər ki, hökumətin təklif etdiyi məbləğlə çox az adam razılaşıb: “O adamlar 1500 manatla razılaşıblar ki, onların mənzillərinin sahəsi böyükdür. Evi kiçik olanlar isə hələ də gözləmə mövqeyindədir. Çünki veriləcək kompensasiya ilə heç yerdə mənzil almaq olmaz. ”Sovetski"də 10 minə yaxın evin sahəsi 10-30 kvadrat metr arasındadır. Bu da 15-45 min manat arası kompensasiya edir. Bu məbləğlə heç yerdə ev almaq mümkün deyil".

 

Sakinlərin sözlərinə görə, dəfələrlə Yasamal Rayon Icra Hakimiyyətində və başqa rəsmilərlə görüşdə hökumətə öz təkliflərini veriblər: “Biz dedik ki, ”Sovetski"də yeni tikilən binalarda bizə mənzil verin. Ancaq buna razı deyillər. Bunu etmirlərsə, onda kvadratı az olanlara 4-5 min manatdan kompensasiya ödənilsin. Çünki burada tikilən binalarda təmirsiz evlərin kvadratı 4 min manatdan aşağı deyil. “Sovetski”dəki evlərin sahəsi kiçik olsa da, yerinə görə mərkəzdir. Şəhərin istənilən yerinə burdan getmək asandır".

50 ildir ki, “Sovetski”də yaşayan Gülçöhrə Həsənova deyir ki, onun mənzilinə cəmi 27 min manat pul verilir, bu məbləğə də Bakıda ev almaq mümkün deyil: “Bizə normal pul versinlər. Iki-üç gündən bir ”JEK"in işçiləri gəlib deyirlər ki, camaat köçür, siz çıxmırsınız? Biz hara gedək? 18 kvadrat metr sahasi olan mənzilim var. 27 min manat pul veriləcək. 27 minə harada ev alım? Neçə gündür Bakını ələk-vələk edirik, ancaq ev tapa bilmirik. Mikrorayonlarda bir otaqlı mənzil 60-65 minədir. Ilk gündən demişik ki, bizə mənzil verilsin. Evimizin sahəsi nə qədərdisə, o ölçüdə istəyirik. Demirik ki, bizə villa verilsin. Bu cür təkliflə heç nə edə bilməyəcəyik".

Başqa bir sakin Fuad Dərgahov da ona veriləcək kompensasiya ilə ev ala bilməyəcəyini söyləyir. Mənzilinin 16 kvadrat metr sahəsi olan Dərgahova 24 min manat kompensasiya ödəniləcək ki, o da həmin vəsaitlə heç yerdə mənzil tapa bilmir: “Evimin sahəsi 100 kvadrat metr olsaydı, çoxdan bu məbləğlə razılaşardım. Ancaq 24 min manata heç nə edə bilmərəm. Ev versinlər, günü bu gün köçməyə hazıram”./azadlıq/

1394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı