Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Viktor Yanukoviç Ukrayna xalqına müraciət edib

“Növbədənkənar prezident seçkiləri əvəzinə referendum keçirin”

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukrayna xalqına müraciət edib.

Yanukoviç bölgələri növbədənkənar prezident seçkiləri əvəzinə referendum keçirməyə çağırıb.

“Yalnız ümumrespublika referendumu ölkədəki siyasi durumu sabitləşdirə və bununla da ölkənin suverenliyini qoruyub saxlaya bilər”, - deyə o vurğulayıb.

Son aylarda Ukraynada baş verənləri silahlı dövlət çevrilişi adlandıran Yanukoviç çevrilişi terrorçu qrupların silahı ilə müxalifətin etdiyini bildirib. Onun sözlərinə görə, bu işdə bəzi Qərb dövlətlərinin əli olub.

“Hazırda ölkənin cənub-şərqində baş qaldıran etiraz dalğası əhalisinin sayı böyük olan sənaye bölgəsinin silahlı dövlət çevrilişinə təbii reaksiyasıdır. Özlərini rəhbər elan edənlər Ukrayna vətəndaşlarının səsvermə hüququnu əlindən ala bilməzlər. Ölkəmizdə baş verən anarxiyanın demokratiya ilə heç bir əlaqəsi yoxdur. Prezident kimi hər bir Ukrayna vətəndaşına səslənirəm: imkan verməyin sizdən istifadə etsinlər!”.

Maydan liderlərinin hakimiyyətə silahlı şəxslərin çiynində gəldiyini deyən Yanukoviç qeyd edib ki, məhz bu silahlı qruplaşmalar və qeyri-adekvat dövlət idarəçiliyi xalqın dərhal reaksiya verməsinə səbəb olub: “Nəticədə Ukrayna Krımı itirdi”.

Yanukoviç bir daha Avropa Birliyi ilə assosiativ sazişin imzalanmamasının səbəblərini izah etməyə də çalışıb.

“Rusiya xəbərdar etdi ki, Avropa Birliyi ilə saziş imzalansa, o, öz bazarını qoruyacaq və Ukrayna üçün gömrük tariflərini artıracaq. Bu isə Ukrayna müəssisələrinin fəaliyyətinin dayandırılması demək idi. Nəzərə alsaq ki, həmin müəssisələrdə 7-8 milyon nəfər, yəni ölkənin əmək qabiliyyətli əhalisinin yarısı çalışır, bu, faciə olacaqdı. Faktiki olaraq avropalı tərəfdaşlarımıza fasilə təklif edib AB-Ukrayna-Rusiya formatında görüş keçirməkdən başqa çıxış yolumuz yox idi. Bunu etmək məcbur idim. Həmin variantda bu sazişi imzalaya bilməzdim, çünki o, Ukrayanın milli maraqlarına uyğun deyildi”, - deyə o vurğulayıb.

Yanukoviç həmçinin “Regionlar Partiyası”nın qurultayına müraciət edərək onu partiya sıralarından xaric etməyi xahiş edib.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49