Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2014

Mirzə Ələkbər Sabirin dərs dediyi məktəb kababxanaya çevrilib

Mirzə Ələkbər Sabirin ötən əsrin əvvəlində Balaxanı qəsəbəsində yoxsul uşaqlara dərs keçdiyi məktəbin binası indi kafeyə, şadlıq evinə çevrilib.

Bu məlumatı hüquq müdafiəçisi Nigar Ələkbərova verib.

N.Ələkbərovanın sözlərinə görə, həmin məktəb hazırda nə təhsil, nə də mədəniyyət ocağı kimi fəaliyyət göstərmir: “Doğrudur, binanın bir tərəfində dahi şairin adını daşıyan mədəniyyət evi və kitabxana yerləşir. Lakin binanın digər hissəsi şadlıq evi və kafeyə çevrilib. Həmin obyektlərin Balaxanıda tanınmış iş adamlarından birinə məxsus olduğu bildirilir”.

N.Ələkbərova qeyd etdi ki, qəsəbə sakinləri tarixi binada kababxana və şadlıq evinin açılmasından narazı qalıblar: “Lakin iş adamının nüfuzuna görə bu şikayətlərə heç bir reaksiya verilmir. Qəsəbə icra nümayəndəliyi, Balaxanı bələdiyyəsi dahi şairin açdığı təhsil ocağının kababxanaya, spirtli içkilər verilən məkana çevrilməsinə göz yumur. Sakinlər təklif edirlər ki, şadlıq evi və kafenin yerində muzey yaradılsın, Mirzə Ələkbər Sabirin Balaxanıda yaşayıb-yaratdığı illəri əks etdirən foto, əlyazmaları və araşdırmalar həmin muzeydə saxlanılsın”.

Hüquq müdafiəçisi binanın Balaxanı qəsəbə nümayəndəliyinin balansında olduğunu vurğuladı.

Balaxanı qəsəbə nümayəndəliyi ilə əlaqə saxlamağa çalışdı. Lakin təqdim edilən telefon nömrələrinə cavab vermədilər. Mövzuya qayıdacağıq. 

Yada salaq ki, sözügedən məktəbi ötən əsrin əvvəllərində Hacı Soltanəli adlı balaxanılı xeyriyyəçi açıb. Orada adətən kasıb ailələrin uşaqları təhsil alırmış./virtualaz/

1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber