Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Davudoğlunun iş otağı bir ildir dinlənilirmiş

Türkiyəni çalxalayan səs yazısı ilə bağlı yeni gəlişmələr: "Casusluq" ittihamıyla istintaq başladı; Suriya BMT-yə şikayət etdi

Türkiyə Xarici Işlər Nazirliyində Suriya ilə bağlı keçirilmiş məxfi müzakirənin səs yazısının internet üzərindən yayılması bu ölkənin gündəmini sözün əsl mənasında “işğal” edib. Hökumət rəsmilərindən tutmuş, müxalifət liderlərinə qədər cəmiyyətin üzdə olan kəsimindən məsələ ilə bağlı ardıcıl reaksiyalar gəlir. Rəsmilər baş verənləri dövlətin milli təhlükəsizliyinə xəyanət kimi qiymətləndirir, müxalifət isə hökuməti dövlətə aid məlumatları qoruyub saxlaya bilməməkdə ittiham edir.
Yada salaq ki, martın 27-də internetdə Türkiyə dövlətinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilən gizli toplantının səs yazısı yayılıb. Suriya mövzusuna həsr olunan toplantıda xarici işlər naziri Əhməd Davudoğlu, XIN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli Istihbarat Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Yaşar Gülər iştirak edir. Söhbətdə Türkiyənin Suriyaya hərbi müdaxilə edə bilməsi üçün əsas yaratmaq məsələsi müzakirə olunur. Ə.Davudoğlu baş nazir Ərdoğanın Suriya ərazisində olan və Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə qarşı hədələrdən Suriyaya hərbi müdaxilə üçün səbəb kimi istifadə olunmasını təklif edir. H.Fidan isə “lazım olsa, Suriyaya dörd adam göndərərəm. Oradan Türkiyəyə 8 raket atdırıb müharibə səbəbi yaradaram, Süleyman Şah Türbəsinə hücum təşkil edərəm”, - deyə bildirir. Ə.Davudoğlu Suriyaya 2012-ci ildə müdaxilə etmədikləri üçün peşmanlığını ifadə edir. General Y.Gülər isə Suriyada silahdan çox, döyüş sursatına ehtiyac duyulduğunu diqqətə çatdırır və Suriyaya bir general göndərdiklərini açıqlayır.

“Bunu edənlər dövlətin və xalqın düşmənləridir”

Iclasın səs yazısı ilə yanaşı, görüntülərinin də yayımlanmasından dərhal sonra Türkiyədə Rabitə və Telekommunikasiya Idarəsinin qərarı ilə “YouTube” video servisinə birbaşa giriş bağlanıb. Türkiyənin Teleradio Şurası (RTÜK) isə sözügedən səs yazısının yayılmasını qadağan edən qərar verib.
Dünən ölkənin Baş Prokurorluğu tərəfindən iş üzrə araşdırma başladılıb. Istintaq casusluq fəaliyyəti ittihamı üzrə aparılır. Türkiyə Xarici Işlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında isə bildirilir ki, yayımlanmış materialların ilk növbədə, milli təhlükəsizlik baxımından çox böyük əhəmiyyəti var. Onların “YouTube”da yayılması Türkiyənin milli təhlükəsizliyinə ciddi zərbə vurur: “Bu casusluq fəaliyyətidir və çox ağır bir cinayətdir. Bu insident bizim dövlətin üzləşdiyi kiber hücum təhlükəsinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bunu edən cinayətkar şəbəkələr bizim dövlətin və xalqın düşmənləridir”.

Abdulla Güldən sərt reaksiya

Türkiyə prezidenti Abdulla Gül dünən cümə namazından sonra verdiyi açıqlamada hadisəni milli təhlükəsizliyə hücum adlandırıb: “Bu, bir casusluq fəaliyyətidir və dövlətin heç bir halda dözümlü yanaşmayacağı hadisədir. Lazım olan addımlar atılacaq. Məsuliyyət daşıyanlar mütləq aşkar olunacaq. Bu işdə əli olan hər kəs cəzalandırılacaq.
Suriyadakı hadisələrə görə sərhəddə yaşanan həssaslığı hər kəs bilir. Təhlükələrə qarşı tədbir görürük. Türkiyənin kənardakı tək torpağı olan Süleyman Şah Türbəsinə qarşı son vaxtlar təhdidlər meydana gəlib. Xarici işlər nazirinin rəhbərliyi ilə bu məsələlərin müzakirəsini dinləmək böyük cürətdir. Bu, dövlətin təhlükəsizliyinə yönələn casusluq fəaliyyətidir".

Ərdoğan: “Təşkilatçıları və icraçıları üzə çıxaracağıq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə baş verənlərə operativ reaksiya verərək məlum səs yazısının yayılmasını əxlaqsızlıq kimi qiymətləndirib. Ərdoğan bildirib ki, hökumət bu işin təşkilatçı və icraçılarını üzə çıxarmaq üçün hər şeyi edəcək: “Internetə Xarici Işlər Nazirliyində milli təhlükəsizliyimizlə bağlı bir video yüklənib. Suriyada Süleyman Şah türbəsi ilə əlaqədar bir görüş keçirilir və həmin görüşü də ”YouTube"a yerləşdirirlər. Bu, əxlaqsızlıqdır, namussuzluqdur. Bunların axırına çıxacağıq".

Davudoğlu: “Lazımi cavabı alacaqlar”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, baş verənlər açıq-aşkar savaş elanıdır və bu hücumu həyata keçirənlər lazımi cavabı alacaqlar. Nazir öz növbəsində qeyd edib ki, gizli kameraya çəkilmiş bu videoçarx qismən redaktə olunub. Nazir qeyd edib ki, videoçarxın yayımlanması ölkənin milli təhlükəsizliyinə təhlükə yaradır.ÿ

MİT Xarici İşlər Nazirliyini ələk-vələk etdi

Bu arada, Milli Istihbarat Təşkilatı da olayla bağlı araşdırmalara başlayıb. Təşkilatın rəsmiləri Xarici Işlər Nazirliyinin bütün otaqlarında axtarış aparıb, hər bir əməkdaşdan ayrı-ayrılıqda izahat alıb. Ilkin araşdırmanın nəticələrindən belə məlum olub ki, Davudoğlunun iş otağı bir ildir “juçok”la dinlənilirmiş. MIT-çilər bu dinləmə cihazını  tapa bilməyiblər. Məlumatlara görə, cihaz nazirin otağında mütəmadi qalmır. Bəzi vaxtlarda götürülür, bəzi vaxtlarda yerləşdirilir.

“Bir məlumatı qoruya bilməyən hökumət bu boyda dövləti necə qoruyacaq?”

CHP başqanı Kamal Kılıçdaroğlunun məlum səs yazısına reaksiyası sərt olub. Müxalifət lideri AKP hökumətini dövlətə məxsus sirləri qoruya bilməməkdə ittiham edib: “Bu necə idarəetmədir ki, dövlətə aid məlumatları gizli saxlaya bilmirlər. Bir məlumatı qoruya bilməyən hökumət bu boyda dövləti necə qoruyacaq?”. Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanı Türkiyəni Suriya ilə müharibəyə sürükləməkdə ittiham edib. O, qardaşın qardaşı öldürdüyü Suriyaya Türkiyədən silah göndərilməsini də pisləyib: “Baxın, illərdir ölkəni idarə edirlər, amma hələ də ”paralel hökumət bunu etdi, onu etdi" deyirlər. Qardaşım, sən baş nazir deyilsənmi? Bu gün səs yazıları yayılıb. Suriya bizim qonşumuzdur, Iraq bizim qonşumuzdur, Iran bizim qonşumuzdur. Bu ölkələrlə çox yaxşı əlaqələrimiz var idi. Sakit yaşayırdıq. Indi Suriyada qardaş qardaşı öldürür. Türkiyədən silah göndərirlər, Qətərdən pul gətirib göndərirlər".  Kılıçdaroğlu Türkiyə hökumətini Suriya ilə müharibəyə başlamaq üçün bəhanə axtarmaqda da ittiham edib.

Suriya mətbuatı Ankaranı “topa tutdu”

Baş verənlərə Suriya tərəfi də sükutla yanaşmayıb. Suriya hökuməti Türkiyə ilə bağlı BMT-yə şikayət məktubu göndərib. Məktubda Suriya Türkiyəni ölkənin şimalındakı silahlı dəstələrə hərbi yardım göstərməkdə də ittiham edib. Bu məsələdə rəsmi Ankaranın Israil, Səudiyyə Ərəbistanı, Qatar kimi dövlətlərlə əməkdaşlıq etdiyini bildirib. 
Gizli səs yazısı Suriya mətbuatının da əsas müzakirə mövzusu olub. Yerli qəzetlər və informasiya agentlikləri olayı Türkiyənin Suriyaya hərbi müdaxilə planının ifşa olunması kontekstində şərh ediblər. Və rəsmi Ankaranı məlum toplantı ilə bağlı tənqid atəşinə tutublar./azadlıq/

1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02