Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Böyük bir görməmişliyi seyr etməkdəyik

Icazə verin, sizi bir az həyəcanlandırım. Iqtisadçılarımız dövlətin rəsmi rəqəmlərinə əsasən, hesablayıb ki, 2013-cü ilin sonunadək Dövlət Neft Fonduna 81 milyard manatadək vəsait daxil olub. Bunun da 51,2 milyard manatı, yəni 63,2 faizi xərclənib.

Pis odur ki, azalan tək neftin pulu deyil, 2 ildir neftin özü də azalır. Neft belədir ki, tükənən məhsuldur, yerinə yenisi gəlmir. Yaxın illərdə biz neftlə tamamilə xüdahafizləşəcəyik. Bəd xəbərdir, ancaq reallıqdan qaçmaq da olmaz. O gün bizi gözləyir.

Başa düşürəm ki, azərbaycanlılar neftə çox qəzəblidilər, onlar neftin cəhənnəm olub bitməsi üçün nəzir-niyaz da deyiblər. Çoxları belə dərk edir ki, fəlakətlərimizin baiskarı qara qızıldır. Ancaq bu, emosional reaksiyadır. Neft bizim pis vəziyyətdə yaşamağımızda az günahkardır. Bizə çatmır deyə, o, lənətə layiq deyil.

Guya, neft olmasaydı, Ilham Əliyev və məmurları mələk cildinə düşməyəcəkdilər ki... Dünyada neft, təbii sərvət sarıdan qıtlıq çəkən o qədər dövlətdə zülmkar, talançı rejimlər olub ki... Odur ki, biz gələcəyimizlə bağlı, bizi qarşıda gözləyən fəlakətlə bağlı məsuliyyətlə düşünməliyik. Indicə oxuduğunuz bəlağətli cümlə, açıq deyim, özümə də gülməli gəldi. Mən nəyə çağırış edirəm?

Gələcək barədə məsuliyyətlə düşünməyə! Özümə sual edirəm: Natiq, ağlın başındadırmı?

Bizim adamları elə günə qoyublar ki, heç bu günləri ilə bağlı məsuliyyətlə düşünə bilmirlər. Bizim adamlar üçün həyat sözün əsl mənasında bu gündən ibarətdir. Sabah nə olar, olar, Allah Kərimdir, məgər bu, bizim sevimli kəlamımız deyil?!

Tarixi baxımdan qiymətləndirməsək, Əliyev hakimiyyəti gəlib-getmiş ən xoşbəxt hakimiyyətlərdəndi. Təkcə neftdən onların son 20 ildə mənimsədiyini heç bir başqa hakimiyyət bacarmayıb.

Nəsillərə çatacaq sərvətin altından girib üstündən çıxıblar və buna görə də xalqdan düz-əməlli sərt redaksiya da almayıblar. Xalqı da çox qınamaq olmur, ona görə ki, sərvətlərin bütün vətəndaşlara məxsus olması barədə fikir bizim ölkədə hakim deyil.

Bunu bizə nə məktəbdə doğru-dürüst tədris etdilər, nə də özümüzün min bir qayğıdan başımız açıldı ki, bu barədə oxuyub maariflənək. Danılası fakt deyil ki, insanlarımızın çoxu “neft elə Ilham Əliyevindir, özü bilər, kimə necə satır” düşüncəsindədir. Bu qədər xoşagəlməz söhbəti etməkdə məqsədim odur ki, nefti lənətləməkdən bir şey çıxmaz, heç olmasa, yerdə qalan 30 milyard barədə düşünək. Biz hamımız şahidik ki, insanlarımız hər gün 5-10 manat sahib olmaq üçün nələrə əl atır: bu ölkədə başqasının qoyununu, dılğır bir danasını oğurlayıb həbsə düşən gənclərimiz, yaşlılarımız var. Görəsən, bu insanlara başa salmaq o qədər çətindir ki, deyəsən, ay qardaş, başqasının beş-on manatına göz dikincə, öz halal haqqın olan 30 milyarddan payını tələb et?

Təkcə 30 milyard deyil ki... Bunun offşor zonasında 48 milyardı var, Daşkəsəndə qızıl yataqları var, Panamada, Dubayda cah-cəlalları var. Xülasə, AzTV-nin efirində çılçıraqlı Bakını görəndə hissiyyata qapılıb, “ah, nə gözəldir” deyənlərə lap başda yazdığım rəqəmləri xatırlatmağı unutmayın. Bu gün parıldayan hər mərmər talan olunan, israf olunan gələcəyimizdi, milyardlarımızdı.

Bizə sərvətlərimizi bir qrup məsuliyyətsiz, hər növ dəyərdən məhrum insanların talamasından yaranan ilğım xoşdursa, belə də davam edək. Yox, xoş deyilsə, o sərvətlərdən biz də öz nəsibimizi almaq istəyiriksə, onda görməmişlərə “az ye, boğazında qalsın” deməyi bacarmalıyıq.

Natiq Güləhmədoğlu/azadlıq
1665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı