Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Deputat küçəsinin sakinləri nələr danışdı?

Bülbülə əhalisi sosial bəlaların girdabındadır
Prezidentin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı var. Amma deyəsən, bu sərəncamın Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki iki küçəyə heç bir aidiyyəti yoxdur.

Çünki qəsəbənin Bülbülə 1 və Deputat küçələrində yaşayan sakinlər sərəncamdan bir xeyir görməyiblər. Hər iki küçə sosial-iqtisadi problemlərlə dolub-daşır. Adı Deputat olsa da, bu küçədə yaşayanların vəziyyəti heç də deputatlar kimi deyil.

Qəsəbə sakinlərinin sosial problemləri yığılıb qalaqlanmış həddə çatıb. Nə rayon rəhbərliyi, nə də cavabdeh qurumlar onların şikayətini eşidir. Deputat və Bülbülə 1 küçələrinin sakinləri dərdlərini “Yeni Müsavat”a danışarkən qeyd etdilər ki, bura yeni salınmış yaşayış massivi olsa da, 100 illik problemləri olan əraziyə oxşayır.

Qəsəbənin məktəbi kilometrlərlə uzaqda yerləşir, yaxınlıqda tibb məntəqəsi fəaliyyət göstərmir, qaz problemi yaşanır, qəsəbədən məktəbə gedən yol uçurumdur, hər an təhlükə var və bədbəxt hadisə baş verə bilər, vətəndaşların avtobusa minmək üçün dayanacağı belə yoxdur, yerüstü keçid isə qəsəbədən xeyli aralıda yerləşir. Yaşlı və ya xəstə adam keçidə çatmaq üçün azı 2 kilometr yol getməlidir.

Sakinlərin sözlərinə görə, Nəqliyyat Nazirliyinə müraciət ediblər: “Bakı-aeroport şossesinin bizim yaşayış məntəqəsinə çıxan hissəsində sakinlərin acınacaqlı yol problemi hələ də qalır. Hər gün işə gedən sakinlər zülm çəkirlər. Məktəblilər, qoca və xəstə adamlar yolun bu hissəsində saatlarla dayanıb avtobus gözləyir. Ancaq burada dayanacaq və keçid olmadığına görə avtobus sürücüləri marşrutu saxlamır. Deyirlər ki, qadağan olunub və cərimə edirlər”.

Sakinlər qeyd edirlər ki, artıq neçə ildir dözülməz şəraitdən əziyyət çəkirlər: “Bu məntəqədən 2 kilometr aralıda keçid və dayanacaq qoyulub.

Məktəblilərin və qocaların qışın soyuq günlərində bu qədər uzaq məsafə qət edərək keçidə getməsi mümkün deyil. Sakinlər Komsomol dairəsində düşərək, ya da Ramana keçidindən keçməklə 2 kilometrə yaxın məsafəni qət etməli olurlar.

Nəqliyyat Nazirliyindən müraciətlərimizə cavab verilməyib. Məktub çatsa da, şikayətə baxılmır. Dəfələrlə piyadaların vurulması olub. Bu faciələr hamının başına gələ bilər".
Deputat və Bülbülə 1 küçələrinin sakinləri əlavə edirlər ki, məktəbə gedən piyada yol da dağılıb və uçuruma bənzəyir. Burada keçib getmək isə faciəyə səbəb ola bilər. Amma alternativ yol olmadığı üçün hər gün bu yoldan istifadə olunur.

Eyni zamanda qəsəbəyə zibil qutuları qoyulmayıb və məişət tullantılarını yol üstündə qoyurlar. Dəfələrlə Suraxanı rayonun bu ərazi üzrə Mənzil İstismar Sahəsinə müraciət edilib. Amma qəsəbəyə 5-6 zibil yeşiyi gətirib yerləşdirmək müşkülə çevrilib.
Şikayətçilər dedilər ki, bəzən qazın verilməsində də problemlər yaşanır. Bütövlükdə kommunal bəlaların girdabında qalan Deputat küçəsinin camaatı dərdini deməyə ünvan tapmır. Onlar küçənin adına da ironiya edərək problemləri ilə ziddiyyət təşkil etdiyini söyləyirlər:

“Küçənin adı Deputat olan yerin camaatının gərək problemi olmaya. Amma özü adı kimi deyil. Bu yolları da öz hesabımıza düzəltmişik. Məktəbə gedən məhəllə içərisi yol çox təhlükəlidir. Yol dağılıb və pilləkənlər bir gün uçub tökülsə, faciə olacaq”.
Sakinlər işıq, su problemlərindən isə narazılıq etmədilər. Onların sözlərinə görə, qəsəbə təxminən 20 ildir salınıb. Ancaq 20 ildə bu problemlər həll olunmayıb. Şikayətçilər qəzetimiz vasitəsi ilə zibillik, yol, keçid və dayanacaq problemlərinin həll olunmasını xahiş etdilər:

“Burada hər kəs öz vəsaiti hesabına şərait qurub. İndiyə qədər abadlıq işləri aparılmayıb. Qəsəbədə uşaqların istirahəti üçün bir park belə salınmayıb. Aşağı hissə Ramana, bu tərəf Komsomol dairəsi. Bizim özümüzə aid heç nə yoxdur. Ən əsası təkrar edirik ki, bu problemin qabarıq olduğunu bilsinlər. Bizə keçid və dayanacaq lazımdır”./musavat/
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38
DOLLAR 1,8