Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Azərbaycanda hər nazirin bir bankı var

Vahid Əhmədov: "Kreditlərin qaytarılmamasının bir səbəbi faizlərin yüksək olmasıdır"

"Əmanətləri 10 faizlə qəbul edən banklar, onu 30 faizlə camaata verir"

Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olması hər zaman müzakirə predmeti olub. Ancaq yüksək faizlə kredit verən banklar əmanətləri xeyli aşağı faizlə qəbul edir. Bu fərq ən azı iki dəfədir. Əgər bankdan kredit almaq istəyən şəxs illik 20, 30, bəzən 35 faiz ödəməli olursa, banka əmanət yerləşdirənlərin illik gəliri 10-15 faizdən artıq olmur.

Millət vəkili Vahid Əhmədov da dəfələrlə mətbuata açıqlamasında bununla bağlı narahatçılığını dilə gətirib.

Moderator.az saytına müsahibəsində millət vəkili bir daha bu mövzuya toxunub. V.Əhmədovun sözlərinə görə, 3-4 ildir ki, bankların yürütdüyü anormal siyasəti qınasalar da, bu narahatçılığı nəzərə alan yoxdur: "Artıq qaytarılmayan kreditlərin həcmi bir milyard manatı ötüb. Qaytarılmayan bu kreditlər Azərbaycanın maliyyə bazarı üçün bir bəladır və çox ciddi problem yarada bilər. Amma kimsə bu kreditlərin qaytarılmamasının səbəblərini təhlil etmək istəmir sanki. Bunun əsas səbəbi bank faizlərinin çox yüksək olmasıdır. Bu gün banklardakı faizlər 23-33 faiz arasındadır. Sual olunur, nəyə görə Azərbaycanın 50 milyarda yaxın ehtiyatı olduğu halda banklar belə yüksək faizlər verir? Sual vermək lazımdır ki, əgər sən əmanətləri 10 faizlə qəbul edirsənsə, niyə onu 30 faizlə camaata verirsən? Qoy lap sənin 5-6 faizlik xərclərin olsun, daha bu qədər də olmaz ki".

Ölkədə bankın çoxluğunun tərəfdarı olmadığını deyən millət vəkili hər nazirin banka sahib olduğunu da bildirib: "Onlar həmin banklar vasitəsilə istənilən əməliyyatları həyata keçirərək vergidən yayınma hallarına rəvac verirlər. Mərkəzi Bank qərar qəbul etmişdi ki, bankların nizamnamə kapitalı 50 milyon manat həcmində olmalıdı. Amma bu qərarın qüvvəyə minməsinə imkan vermədilər və müddəti 2015-ci ilin yanvarın 1-dək təxirə saldılar. Bunu da düzgün hesab etmirəm, bankların sayının azalmasından qorxmaq lazım deyildi".

Millət vəkili ilə yanaşı bir çox ekspertlər də banklarda kredit faizləri ilə əmanət faizləri arasında ciddi fərqin normal hal olmadığını qeyd ediblər.

Ekspertlər hesab edir ki, vəziyyətin bu həddə çatmasında ölkədəki iqtisadi durumun da rolu az deyil.

Ekspertlər kreditlərlə əmanətlərin faiz dərəcələrindəki fərqi bankların xərclərinin həddən artıq çox olması ilə də izah edir. Banklar daha çox istehlak kreditlərinə üstünlük verir. Faizlərin yüksək olmasının səbəbi isə ölkə iqtisadiyyatında risklərin həddən artıq olmasıdır. Bankdan kredit alan sahibkarın biznesdə uğur qazanması ehtimalı çox aşağıdır. Buna səbəb mülkiyyət hüququnun qorunmaması, müstəqil məhkəmə sistemininin olmamasıdır. Banklar sahibkarlara böyük həcmdə kredit verib həmin vəsaiti itirməkdən qorxur. Ona görə də biznes kreditindən çox istehlak kreditlərinə üstünlük verilir. Çünki bu halda kreditlərin 95 faizinin qaytarılma ehtimalı yüksəkdir. Qaytarılmayan kreditlərin yeri isə qaytarılan kreditlərin yüksək faizləri hesabına doldurulur. Bu da kreditlərin faizlərinin yüksəlməsinə gətirib çıxarır./azadlıq/
1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27
<