Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Azərbaycanda varlılara niyə nifrət edirlər...

Son zamanlar Azərbaycanda təhlükəli bir tendensiya vüsət almaqdadır. Varlılara nifrət aşılanır. Niyə?

Axı varlı adamlar bizdə həmişə xüsusi hörmət sahibi olublar. Dindarlar Hatəm-Tainin, dünyəvilərsə Hacı Zeynalabdin Tağıyevin səxavətindən misal çəkiblər…

“Çörək verən adam” ifadəsi də yalnız Azərbaycana məxsus söz birləşməsidir. Və indi hər şey tədricən dəyişir, ağına-qarasına baxmadan varlılar qamçılanır. Qurunun oduna yaş da qatılır və bununla da ölkədə kimlərsə sanki siniflər mübarizəsinə başlamaq istəyir. Bəs bu varlılar kimdir?
Varını verən utanmaz. Bəs niyə utanır?
Əlbəttə, maaşı yaşayışına uyğun olmayan məmurların zənginləşməsi və Azərbaycanda məmur kapitalizminin çiçəklənməsi bir fakt olaraq narahatedici məqamdır. Hökumət üzvləri öz ad günlərini utana-utana keçirir, var-dövlətlərinin çox olması faktı aşkarlananda azı bunu təkzib etməyə çalışır, onların olanın onlara məxsus olmadığını iddia edirlər.
Əslində "varını verən utanmaz" misalının yarandığı ölkədə niyə varını nəinki verənlər, həm də göstərənlər utanırlar. Ona görə ki, nəvələrin sərvətə gedən yolu öz bacarığı, alın təri və gecə-gündüz çəkdiyi halal zəhməti hesabına varlanan babalardan fərqlidir. Varlılıq üstünlüyə yox, ayıba ona görə çevrilib ki, o keyfiyyəti biabır ediblər və bunu ilk növbədə məmurlar ediblər. Qabiliyyətinin, bacarığının yox, tutduğu vəzifənin hesabına zənginləşən məmurlar...

Çünki əsl, halal varlılara hələ sovet zamanında belə yanaşma fərqli idi. Məsələn, bir zamanlar gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olan, "sexovşiklər" adlanan zümrə rəsmi kabinetlərdə, qurultaylarda tənqid atəşinə tutulsa da camaat arasında böyük ehtiramla müşayiət olunur, qan bağlayır, elçi gedir, kasıb-kusuba əl tutur, bir növ "çörək verən adam" imicini yaradırdılar.

Kapitalizmin qanunları hələ işləmədiyindən bu adamlara hətta dissident də demək olardı. Çünki onlar mövcud rejimin qanunlarına meydan oxumaqla əslində milli-azadlıq hərəkatının altda üzdə olan vacib bir qolunun, gizli iqtisadi hərəkatın passionarlarına çevrilirdilər.

Sonradan isə məhz məmurlar varlılığın dayaqlarına sarsıdıcı zərbə vurur, onları gözdən saldılar. Məhz dövlət postlarında çalışanların varlanması nəticəsində halal yolla varlanan insanları da ittiham obyektinə çevirdi.

Məncə, hər şey qədərində olsaydı, halal yolla varlanmaq ənənəsi yaransaydı, bu gün Azərbaycanın maliyyə nazirinin Dubayda dincəlməsi böyük ajiotaja səbəb olmazdı. Doğrudan da regionun ən zəngin ölkəsi, 25 milyarda yaxın dollarlıq bir büdcəyə malik olan Azərbycanın baş xəzinədarının bahalı oteldə dincəlməsi niyə təəccüb doğurmalı idi ki? Amma məmurların maaşı onları ələ verir…
Həzrət İmam Əli buyurub: “Hər bir varlı qazandığı sərvətə görə kasıba borcludur!”.

Məmurların varlanması sadə vətəndaşı həm də ona görə qəzəbləndirir ki, bu zənginləşmə onun gözünün qabağında məhz həmin adam vəzifəyə gələndən sonra baş verir. Amma eyni zamanda oğrun-oğrun...

Adminstrativ imkanlarından, vəzifənin verdiyi üstünlüklərdən istifadə edən adam başqasını şəxs, özünü isə şəxsiyyət hesab edir. Bununla da kapitalizmdə yaşamaq istəyən vətəndaş eyni zamanda onun əsas qanununu mütləq təbəqələşməni qəbul etmək istəmir. Çünki ədalətsizlik var. Ona görə də haram yolla şişmiş məmurlar və halal yolla böyümüş sahibkarlara eyni gözlə baxılır.

Yeni proletariat yaranır. Proletariat isə biz bilirik ki, kimin qəbir qazıyanıdır. Hər iki qütbün insanları yalnız ona görə lənətlənir ki, onlar varlıdır. Əslində isə normal, kapitalist ənənələri oturuşmuş cəmiyyətlərdə mübarizə ona görə aparılmır ki, varlılar olmasın, əksinə, gərək kasıblar olmasın! Daş hasarlar, uca imarətlər, şıq geyimlər, dəbdəbəli toy-yas mərasimləri bu imkanlardan məhrum olanları qıcıqlandırır. Bəlkə ona görə ki, cəmiyyətdə getdikcə dərinləşən bu çatı aradan qaldırmaq üçün ilk növbədə məmurların gəlirlərinin şəffaf olmasını şərtləndirən hüquqi vəziyyət təmin olunmalı idi. Gəlir deklorasiyası qəbul edilməli və o həm də tam gücü ilə işləməli idi.

Halal zəhmətlə qazanc əldə edən və əsas məqsədi var-dövlət qazanmaq olan iş adamları vəzifənin gücünə zənginləşən məmurlardan təbii qanunauyğunluqla ayrılmalı idi. Normal ölkələrdə olduğu kimi Azərbaycanda da varlı adamların pulunu saymaq ayıb olmamalı, hər il ən varlı şəxslərin siyahısı elan edilməli idi. Məmurlar isə var-dövlətlə yox, sadəcə rəhbərliyində iştirak etdiyi dövlətlə qürurlanmalıdır. Əks təqdirdə kasıblar varlılara sinfi mübarizənin doğurduğu təbii rəqib kimi baxacaq… Bundan isə qonşularımız özlərinə genetik səviyyədə xas olan məharətlə istifadə edəcəklər… Çünki onlar varlıya nifrəti genetik səviyyəyə keçirməyi bacarırlar. Baxmayaraq ki, azərbaycanlının qanında proletariat olmaq istəyi yoxdur.

Amma mərdi qova-qova namərd etmək də olar. Onda təzə proletariat isə özünü ona inandıracaq ki, zəncirdən savayı itirəcəyi heç nə yoxdur. Zəncir problemini isə görünür, çox vaxt qabaqda gedən ağıllılar, zənginlər yaradır…/anstv/
1392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23