Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Avtodayanacaqlarda qiymətlər od tutub yanır

Nəqliyyat Nazirliyi isə məsuliyyəti üzərindən atır

Bakıda yaranan tıxacların aradan qaldırılması üçün tikilən avtodayanacaqlar sadə vətəndaşın cibinə uyğun deyil. Dayanacaqların qiyməti 1-20 manat arasında dəyişir. Qiymətlər sürücülərin əksəriyyəti üçün baha olduğundan, onlar maşınlarını avtodayanacaqlardansa, yolların kənarında saxlamağa üstünlük verirlər. Bakı kimi kifayət qədər çox maşın olan şəhərdəki pullu avtodayanacaqların heç biri tam dolmur. Amma bu dayanacaqlarda maşın saxlayanların çox az olduğunu da iddia etmək doğru olmazdı. Onu da qeyd edək ki, dayanacaqları Nəqliyyat Nazirliyi və Bakı Şəhər Icra Hakimiyyəti tikdirərək, xüsusi podratçı şirkətlərə verir.


Bakının ən bahalı avtodayanacağı “28 Mall”dadır

Bakıda 10-dan çox avtopark tikilib. Paytaxtda həm ən bahalı, həm də ən ucuz dayanacaq metronun “28 may” stansiyasının yaxınlığındadır. “28 Mall” Ticarət Mərkəzinin altında fəaliyyət göstərən dayanacaqda maşın saxlamağın saatı 1 manatdır. Ancaq sürücü maşını sözügedən avtoparkda çox saxlayarsa, güzəşt edilir. Məsələn, maşınını “28 Mall”da 3 saat saxlayandan 2 manat, 7 saat parkinq edəndən isə 5 manat alınır. Bir sutka üçün qiymət 20 manatdır.

“28 Mall”da maşını parkinq edənə qəbz verilir. Əgər sürücü ona verilən qəbzi itirsə, bu, həmin məbləğin ödənilməməsi kimi qəbul olunur və pul yenidən alınır. Qiymət baha olduğundan “28 Mall”dan hər kəs istifadə etmir. Daha çox Ticarət Mərkəzinə alış-veriş üçün gələn paytaxt sakinləri maşınlarını təhlükəsiz yerdə saxlamaq məqsədilə burada park edirlər. Ticarət Mərkəzinin qarşısında maşın saxlamaq mümkündür. Ancaq bu halda, heç kim zəmanət verə bilməz ki, maşın istənilən vaxt evakuatorla cərimə meydançasına aparılmayacaq. Bunun da cəriməsi böyük olduğundan, alıcılar elə “28 Mall”da maşınlarını saxlamağa üstünlük verirlər.

“Azadlıq” meydanında güzəşt yalnız məmurlaradır

Dənizkənarı Milli Parkda yerləşən “Park Bulvar”da avtomobili parkinq etmək baha olsa da, “28 Mall”a nisbətən ucuz saymaq olar. Burada da 1 saat maşın saxlamağın qiyməti 1 manatdır. 3 saata qədər sürücüdən 2, 8 saata qədər 3, 12 saata qədər 6, 15 saata qədər 10 manat alınır. “Park Bulvar”da avtomobili 24 saat saxlamaq qadağandır.

Bakıda fəaliyyət göstərən böyük avtomobil dayanacaqlarından biri də Fəvvarələr meydanın yanındakı “Garage”dir. “Virtualaz.org”un məlumatına görə, burada təklif olunan qiymətləri ucuz hesab etmək olmaz. Burada sürücülərdən 1 saat üçün 1, 3 saata qədər 2, 6 saata qədər 3, 12 saata qədər 6, 24 saata qədər isə 10 manat alırlar. Bu dayanacaqdan uzunmüddətli istifadə etmək istəyən müştərilərə güzəşt edilir.

Ən böyük yeraltı avtomobil dayanacağı olan və 2013-cü ildə fəaliyyətə başlayan Azadlıq meydanının altındakı dayanacaqda da qiymətlər 1 manatdan başlayır:

0-2 saat - 1 manat

2-5 saat - 2 manat

5-12 saat - 3 manat

12-24 saat - 6 manat

Bu dayanacaq 24 saatlıq istifadə üçün ən ucuz qiymətə xidmət göstərən dayanacaqdır. Lakin bu dayanacağı digərlərindən fərqləndirən itirilmiş çekə görə cərimənin həddən artıq çox olmasıdır. Cərimənin məbləği 30 manatdır. Bu dayanacaqda güzəştlər yalnız məmurlara edilir.

Küçələrdəki avtodayanacaqların pulu kimin cibinə gedir? 

Heydər Əliyev Sarayı ilə Füzuli meydanı arasındakı parkın altındakı dayanacaq da qiyməti 1 manatdan başlayır. Burada da 1 saatlıq xidmətə 1 manat məbləğində ödəniş tələb olunur. Sözügedən dayanacaqlarda maşını 15 dəqiqə park etmək pulsuzdur. Ancaq dayanacaqlardan istifadə edən sürücülər arasında apardığımız sorğudan da aydın oldu ki, bu pulsuz xidmətdən istifadə etmək mümkün deyil. Çünki dayanacağa girmək, maşını park etmək, dayanacağın ərazisini tərk etmək və qayıdarkən ödəmə terminalında məbləği ödəmək 15 dəqiqədən çox olur. Yəni, pulsuz xidmətdən istifadə etmək praktiki olaraq mümkünsüzdür.

Ən ucuz avtomobil dayanacaqları isə “28 May” metrosunun qarşısında və Dəmiryolu Xəstəxanası ilə Bakı Dəmiryolu Vağzalı arasında yerləşən açıq dayanacaqlardır. Bu dayanacaqlara Nəqliyyat Nazirliyi nəzarət edir. Digər özəl dayanacaqlardan fərqli olaraq, bu dayanacaqların gəliri nazirliyin büdcəsinə gedir.

Bu dayanacaqlardan gün ərzində bir neçə saatlıq istifadənin qiyməti 20-30 qəpikdir. Işçilər deyir ki, sürücülərdən hansısa məbləğ tələb olunmur. Kim nə qədər verirsə, onu da alırlar. Səhərdən axşama qədər maşın saxlamağın qiyməti isə maksimum 50 qəpik olur.

Bulvar ərazisində salınan, Bayraq meydanı yaxınlığındakı yerüstü dayanacaq da sürücülərə ucuz qiymətə xidmət göstərir. Bu dayanacaqdan istifadənin qiyməti 20 qəpikdən başlayır. Bakının mərkəzində ara küçələrə nəzər yetirərkən məlum olur ki, sürücülər daha çox qeyri-rəsmi fəaliyyət göstərən bu dayanacaqlara üstünlük verir. Buna səbəb isə qiymətlərin ucuz olmasıdır. Ara küçələrdə səhərdən axşamadək maşın saxlamaq üçün ödənilən maksimum məbləğ 1 manatdır. Bir neçə saatlıq parkinq isə 20 qəpikdir.

Avtomobil dayanacaqlarında qiymətlərin baha olması şikayətlərinə cavab olaraq Nəqliyyat Nazirliyindən “virtualaz.org”a bildiriblər ki, dayanacaqlar icarəyə götürüldüyündən, qiymətləri sahibkalrar özləri müəyyən edir. Yəni, qiymətlərin baha olmasına nazirlik heç nə edə bilməz. “Azadlıq”a danışan sürücülər də Bakıdakı avtodayanacaqlarda qiymətin bahalığından narazılıqlarını dilə gətirdilər. Onların sözlərinə görə, həftə içi işdə olduğu müddətdə maşınını avtodayanacaqda saxlayan vətəndaş aya 250-300 manat pul ödəmək məcburiyyətində qalır. “Mən ”Içəri Şəhər"də işləyirəm. Əvvəllər maşınla işə gəlirdim. Avtoparklar tikiləndən sonra isə mənə sərf eləmir. Maşını işlədiyim yerin qarşısında saxlamağa qoymurlar. Məcbur olub avtodayanacağa aparırdım. Qiymət isə baha olduğundan xərcim çox çıxırdı. Ona görə məcbur olub maşınsız gedib-gəlirəm", - deyə Bakı sakini Füzuli Cəfərov bildirir./azadlıq/

1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber