Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Tale Bağırovun həbsindən bir il ötdü

Hicab qadağasına görə hökuməti sərt tənqid edən ilahiyyatçının ikinci məhbusluq həyatı davam edir

Martın 31-də ilahiyyatçı Tale Bağırovun həbsinin bir ili tamam oldu. Tale Bağırov 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İlk iki gün onun həbs olunması və harada saxlanılması ilə bağlı məlumat almaq mümkün olmasa da, sonradan ilahiyyatçının həbsi ilə bağlı rəsmi məlumat açıqlanıb.

DİN-in mətbuat xidmətindən yaydığı məlumatda bildirilirdi ki, “nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tale Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə ”Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb".

Tale Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüldü. Polisin iddiasına görə, guya saxlanılarkən ilahiyyatçının üzərindən narkotik maddə tapılıb. T.Bağırovla birlikdə həbs olunan sürücüsü Anar Məlikova qarşı isə qanunsuz silah gəzdirmək maddəsi ilə cinayət işi açıldı.

Ancaq Tale Bağırovun məhz hakimiyyətin din siyasətini tənqid etdiyi və hicab qadağasına görə sərt çıxışlarına görə həbs olunduğu bildirilirdi.

Tale Bağırov 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyasına qatıldığı üçün də həbs olunmuş, il yarım azadlıqdan məhrum edilmişdi. Həbsdən çıxdıqdan sonra o, hakimiyyətin din siyasətini sərt şəkildə tənqid edir, hicab qadağası əleyhinə çağırışlar edirdi. Məscidlərdə, o cümlədən müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə etdiyi moizələr zamanı hökumətin din sahəsində tətbiq etdiyi qanunsuz qadağaları sərt dillə tənqid edirdi.

Qeyd edək ki, ilahiyyatçının qanunsuz həbsi Bakıda ciddi etirazlara səbəb oldu. Aprelin əvvəlində Nardaran qəsəbəsində, daha sonra isə Bakının mərkəzində etiraz aksiyaları keçirildi. Bir neçə aksiya iştirakçısı müxtəlif müddətlərə azadlıqdan məhrum edildi.
Tale Bağırovun istintaqı 6 ay davam edib. 2013-cü ilin noyabrında məhkəmə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Bu, ilahiyyatçının ikinci həbsidir.

Taleh Bağırov 1984-cü ildə Bakıda doğulub. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin mayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

KƏNAN/musavat
1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11