Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Toy kimi bahalı yas mərasimləri

Yazılmamış qaydalar ölü sahiblərini ölüləri ilə birgə öldürüb, sonra dirildir...


El arasında belə bir deyim var, deyirlər “Bu dünyadan insana iki metr kəfən, bir qarış da torpaq qalır”. Ancaq həmin o bir qarış torpaq ölü sahibinə heç də ucuz başa gəlmir. Artıq elə zəmanədə yaşayırıq ki, ölmək də problemə çevrilib. Səbəb ölümün özü ilə gətirdiyi böyük maddi sıxıntıdır. 

Bakıda dəfn xidmətlərinin qiyməti toy və digər xeyir mərasimlərinin qiyməti ilə rəqabətə girə bilər. Problem yalnız bundadır ki, başqa mərasimlərdən fərqli olaraq burada xərclərdə qənaət etmək, onları təxirə salmaq və ya ləğv etmək olmaz. 

Yas mərasimlərində olan ifratçılıq, çatışmazlıqlar barədə dəfələrlə yazılsa da, müsbətə doğru bir irəliləyiş yoxdur. Əvvəllər olduğu kimi indi də qəbir yerlərindən tutmuş verilən ehsana qədər olan mərasim kifayət qədər baha başa gəlir. Hələ çadır sifarişlərini demirik. 
Apardığımız kiçik araşdırmadan məlum oldu ki, bu gün şəhərdə istənilən təbəqəyə məxsus yas mərasimi üçün çadırlar kirayələmək olar. Sən demə, yas çadırları da kateqoriyalara bölünür: elitar, orta səviyyəli və kasıb çadırları. Çadırların qiyməti rənginə görə də dəyişir. Öyrəndik ki, 50 nəfər üçün nəzərdə tutulan ağ çadırın qiyməti 300, boz çadır 200, orta təbəqənin çadırları isə yaşıl rəngdədir. Bu çadırların keyfiyyəti bir az aşağı olur. Həmçinin, bu çadırda kondisioner əvəzinə sobadan istifadə olunur.

*** 
Ölkəmizdə qəbir yerlərinin satılması hər kəsə məlumdur.  Bunun cinayət olduğu hətta parlamentdə də dəfələrlə vurğulanıb. Ancaq təəssüf ki, indiyədək bu iradlara məhəl qoyan yoxdur. İslamda da qəbir yerlərinin satılması haram buyurulur. Hətta qəbiristanlıqlarda məzar yerlərinin qiyməti yerinə görə də dəyişir. Bütün bunlar azmış kimi varlıların qəbiristanlığı da ayrıdır və burada kasıbların dəfn edilməsi qadağandır. Amma dəfn xərcləri bununla bitmir. Qəbrin qazılması xərci, tabut daşıyan avtomobil üçün isə onun markasından asılı olaraq, təxminən 100-300 manata başa gəlir.

Qeyd edək ki, heç bir ölkədə bu cür yazılmamış qayda qanunlar, israfçılıq yoxdur. Məsələn, Türkiyədə məzar yerləri satılsa da, qiymətlər fərqlidir. Qonşu ölkədə qəbirin qazılması, meyitin yuyulub dəfn olunması işlərini İstanbul bələdiyyəsinin müvafiq qurumu həyata keçirir və bütün bunlar pulsuzdur. Hətta ölən şəxs Türkiyənin başqa bir bölgəsində dəfn olunmalıdırsa yenə də hökumət bunu pulsuz təşkil edir. Əgər meyitin dəfn olunacağı bölgədə imam (molla) yoxdursa, meyit namazını qılmaq üçün meyit maşını ilə birgə bir imam da göndərilir. Əgər ölənin kimsəsi yoxdursa və yaxud kasıbdırlarsa, qəbir yerinin alınması xərclərini bələdiyyə ödəyir.

Qonşu İranda da qəbir yerləri pulludur. Amma burada da istisnalar var. Məsələn, İranda 500 min tümən (260 dollar) 270 min tümən (145 dollar), 150 min tümən (80 dollar) qiymətlərində məzar yerləri var. Ancaq xüsusi baha yerləri olan məzarlıqlar da var. Misal üçün, Tehran yaxınlığında yerləşən İran-İraq müharibəsi şahidlərinin dəfn olunduğu Behişte-Zəhra (Zəhra cənnəti) məzarlığı ölkədə ən bahalı qəbir yerlərinin olduğu yerdir. 
Ekspertlərə görə, istər toy və istərsə də yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələnin vətəndaşların öz ixtiyarına buraxılması bir çox problemlərə yol açıb. Bu mərasimlərdə əksər vətəndaşlar tərəfindən həddindən artıq ifrata varılır. Bu gün Azərbaycanda mövcud olan toy və yas mərasimlərinin heç biri Azərbaycanın milli, dini dəyərlərinə uyğun deyil. 

Günel MANAFLI
Fotolar müəllifindir


  • Toy kimi bahalı yas mərasimləri   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir217/img1506599.jpg' target='_blank'>Yüklə</a>
  • Toy kimi bahalı yas mərasimləri   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir217/img1506600.jpg' target='_blank'>Yüklə</a>
  • Müsavat
1925 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber